ATU-nun Tədris Terapevtik Klinikasında “Səsimiz olun” adlı geniş elmi-praktik konfrans keçirilib
Martın 9-da Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə ATU-nun Tədris Terapevtik Klinikasında “Səsimiz olun” adlı geniş elmi-praktik konfrans keçirilib. Konfransa rəhbərlik edən ATU-nun Şüa diaqnostikası və terapiyası kafedrasının müdiri, professor Məlahət Sultanova tədbirin məqsəd və məramı haqqında toplantı iştirakçılarına verib.
Sonra ATU-nun Elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov toplantı iştirakçılarını universitet rəhbərliyi adından salamlayıb. Prorektor süd vəzi xərçənginin hazırda dünyada ən aktual problemlərdən biri olduğunu qeyd edib və bu tədbirin keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini deyib: “Dünyanın bütün ölkələrində süd vəzi xərçəngi bədxassəli şişlər arasında birinci yeri tutur və qadınların bütün onkoloji xəstəliklərinin 26%-ni təşkil edir. Bu göstəricinin son 10 ildə proqressiv artması müşahidə olunur. Azərbaycanda süd vəzi xərçənginə rastgəlmə tezliyi son 15 ildə yüksəlib və bu hələ son hədd deyil. Son illər ərzində ölkəmizdə qadınların bütün bədxassəli yenitörəmələr ilə xəstələnmə halları arasında birinci yeri tutaraq 32,3% təşkil edir. Süd vəzi xərçənginin diaqnostika və müalicəsində əldə olunan nailiyyətlərə baxmayaraq, bu patologiya ilə ölüm hallarının göstəricisi yüksək olaraq qalır”.
Tədris Terapevtik Klinikanın direktoru, professor Surxay Musayev çıxışında bildirib ki, rəhbərlik etdiyi tibb müəssisəsi yarandığı gündən indiyədək müxtəlif tipli böyük konfranslara ev sahibliyi edib. Bu tədbirlərdə ölkəmizin, eləcə də dünya səviyyəli universitetlərin tanınmış tibb mütəxəssisləri, alimlər iştirak ediblər. Bu toplantının da onlardan biri olduğunu vurğulayan direktor, bu cür aktual mövzuda tədbiri təşkil edənlərə təşəkkürünü bildirib və konfransın işinə uğurlar arzulayıb.
Konfransda çıxış edən Tədris Terapevtik Klinikanın Radiologiya şöbəsinin müdiri, mammoloq-radioloq Günel Qəmbərova deyib ki, son illər həyata keçirilən işlərin nəticəsində qadınlar, xüsusilə 35 yaşadək olanlar mütəmadi şəkildə mammoloq konsultasiyasından, ultrasəs müayinədən keçirlər. Bu da həkimlərə xəstəliyə erkən diaqnostika qoymaqda kömək edir: “Dünyada, o cümlədən Azərbaycanda hər 8 qadından birində süd vəzi xərçənginə rast gəlinir. Son dövrlərdə erkən diaqnostikanın aparılmasına nail olmuşuq və demək olar ki, ölkəmizdə süd verən anaların xərçəngə yoluxma riski azdır. Burada maarifləndirmə işləri, televiziya proqramları, sosial media böyük rol oynayır”.
Süd vəzi xəstəliyinin ölkəmizdə daha çox yayıldığını deyən ATU-nun Onkoloji Klinikasının dosenti Nəsimi Qasımov, bu xəstəliyə dünyada və Azərbaycanda tutulma səviyyəsi, qorunma üsulları, səbəb və nəticələri barədə məlumat verib, xəstəliyin qarşısını almağın onun erkən aşkarlanmasından çox asılı olduğunu söyləyib. Həkim əlavə edib ki, son statistikaya görə, dünyada bu xəstəliyə yoluxanların sayı 2 milyon 60 min nəfərə çatıb. Onun sözlərinə görə, radioaktiv şüalanma, ağır istehsalat şəraitində işləmək, siqaret çəkmək, gec uşaq dünyaya gətirmək kimi faktorlar süd vəzi xərçənginə daha çox səbəb olur. Həkim qeyd edib ki, 35 yaşdan sonra hər bir qadın ildə bir dəfə həkim müayinəsindən keçməlidir. Xəstəlik aşkarlanarsa, diaqnozun vaxtında və düzgün qoyulması müalicə taktikasının seçilməsinə köməklik göstərmiş olur.
Sonra proqrama uyğun olaraq Türkiyənin İstanbul Florence Nighitinge Klinikasından professor Vahit Özmen videoformatda konfransa qatılıb və “Süd vəzi xərçənginin cərrahiyyəsinin dünəni və bu günü” mövzusunda məruzə təqdim edib. Eləcə də ATU-nun Şüa diaqnostikası və terapiyası kafedrasının dosenti Mətanət Pənahova “Süd vəzi xərçəngində elastokiyanın rolu”, ATU-nun Onkoloji Klinikasından t.ü.f.d. Günay Əhmədova “Süd vəzisinin onkoplastikası və alqoritimləri” və digər mütəxəssislər bu sahəyə dair müxtəlif mövzularda çıxışlar ediblər. Natiqlər süd vəzi xərçənginin diaqnostikası, profilaktikası, müalicəsinin aktual məqamlarından söhbət açıblar.
Daha sonra süd vəzi xərçəngi diaqnozu qoyulan, o cümlədən əməliyyat olunan bir qrup pasiyentin də fikirləri dinlənilib, onların bu amansız xəstəliklə necə mübarizə apardıqları toplantı iştirakçılarının diqqətinə çatdırılıb.