Novruz bayramında necə qidalanmalıyıq?

 

Mədədə ağır yüklənmə baş verməsin deyə, yüksək kalorili qidaları eyni vaxtda qəbul etmək məsləhət görülmür

Baharın gəlişinə həsr olunmuş Novruz bayramı hər il geniş miqyasda qeyd edilir. Elmi araşdırmalara əsasən, bu bayramın tarixi çox qədimlərə - Zərdüşt peyğəmbərin yaşadığı dövrlərə gedib çıxır. Ölkəmizdə hər kəs tərəfindən səbirsizliklə gözlənilən bu bayram hər bir evdə təntənəli şəkildə qarşılanır. Əsrlərdən üzü bəri hər zaman olduğu kimi, Novruzun atributları nümayiş olunur, milli ənənəvi mərasimlər keçirilir, yeməklər hazırlanır.

Bunlardan biri də Azərbaycan mətbəxində özünəməxsus yeri olan Novruz şirniyyatlarıdır. Eləcə də bayram süfrələrinə müxtəlif nemətlər, o cümlədən ət məhsullarından hazırlanmış yüksək kalorili yeməklər düzülür. Bu isə, birdən-birə orqanizmimizin yüklənməsinə, nəticədə artıq çəkiyə, hətta bəzən ciddi fəsadlara gətirib çıxarır. Elə isə bu bayram günlərində necə qidalanmalı, nələrə diqqət

etməliyik? Mövzu ilə bağlı Azərbaycan Tibb Universitetinin Qidalanma və tibbi ekologiya kafedrasının müdiri, dosent İbrahim Əhmədovun fikirləri maraqlıdır:

“Bilirik ki, təbiətin oyanması Novruzla başlanır. İnsan da təbiətin bir parçasıdır. Təbiətdə heç nə sabit və daimi olmur. O cümlədən insan orqanizmində də daim mürəkkəb dəyişikliklər gedir. İndi qarşıdan bahar fəsli gəlir. Fizioloji cəhətdən baxdıqda, qış yaza doğru getdikcə, gün uzanır. Bununla yanaşı olaraq, insanın bədənində də temperatur yüksəlir. Baharın gəlişi ilə insanlara xoş əhval gəlir, təbiətdə baş verən dəyişikliklər insanın ruhunu oxşayır. Təbiət oyandıqca, canlı orqanizmdə maddələr mübadiləsi də sürətlənir. Çünki qış mövsümündə bədəndə vitaminlər, mineral maddələr, mikroelementlər tədricən azalmış, immunitet zəifləmiş olur. Baharda gün uzandıqca insanın əmək qabiliyyəti yüksəlir və orqanizmdə qidaya tələbat çoxalır. Bununla yanaşı, bədən yeni qidalar - müxtəlif tərəvəzlər, ağartı məhsulları və s. qəbul etdiyi üçün mədə-bağırsaq sistemində qeyri-adi hallar özünü göstərir, eləcə də mövsümi qriplər baş qaldırır. Bir sözlə, kalorili qidaların qəbul edilməsi təkcə həzmdə, mədə-bağırsaq sistemində problemlərin yaranmasına yox, həm də təzyiqin yüksəlməsinə, şəkərin qalxmasına və hətta qaraciyər xəstəliklərinə də gətirib çıxarır. Ona görə də hər kəs özünün həkimi olmalı, yağlı-zülallı yeməklərin qəbulunda ehtiyatlı olmalı və nisbətən yüngül yeməklərə üstünlük verməlidir”.

Kafedra müdiri bayram süfrəsi haqda da fikirlərini bölüşdü: “Novruz bayramında süfrəni şəkərbura, paxlava, qoğal, badambura və s. şirniyyatlarsız, plovsuz təsəvvür etmək mümkün deyil. İnanca görə süfrədə 7 növ yemək yer almalıdır. Mən bu bayramı daha çox şirniyyat bayramı kimi xarakterizə edərdim. Çünki qısa müddət kəsiyində orqanizmində çox böyük şəkər yüklənməsi baş verir. Qeyd edim ki, bu həm kiçik, həm də böyük insanların orqanizminə aiddir. İnsanlar bəzən düşünür ki, bayram günlərində 1-2 kq artıq çəki alsalar da, sonradan əvvəlki çəkilərini bərpa edə biləcəklər. Lakin məsələ bunda deyil, artıq çəkidən hansısa şəkildə azad olmaq olur. Amma yüksək miqdarda şəkərin birdən-birə orqanizmə daxil olması yaxşı hal deyil. Ona görə də süfrənin üzərindəkilərə mütləq diqqət yetirməliyik. Ən kalorili yeməkləri eyni gündə orqanizmimizə daxil etməməliyik. Məsələn, eyni vaxtda həm plov, həm də şirniyyatları qəbul etmək olmaz. Çünki mədədə ağır yüklənmə yaranır. Yaxşı olar ki, şirniyyatlardan istifadə edəcəyimiz gün, qızardılmış deyil, suda qaynadılmış ət məhsullarına üstünlük verək. Və ya kabablardan, yağ əlavə edilmədən bişirilən ətlərdən qəbul edə bilərik”.

Deməli, gəlişinə ürəkdən sevindiyimiz Novruz bayramını xoş əhvalda da başa vurmaq istəyiriksə, qidalanmağımıza diqqət etməliyik. Bayramınız mübarək olsun!