Professor Məlahət Sultanova: İonlaşma riski baxımından, yalnız uyğun göstərişlər olan hallarda radioloji müayinələr tətbiq edilməlidir
Müsahibimiz ATU-nun Şüa diaqnostikası və şüa terapiyası kafedrasının müdiri, professor Məlahət Sultanovadır.
- Məlahət xanım, son dövrlərdə şüa diaqnostikasına tələbat, sanki daha qabarıq görünür. Rəhbərlik etdiyiniz kafedranın fəaliyyətini bu tələbata adekvat hesab etmək olarmı?
- Xatırladım ki, 8 noyabr 1895-ci ildə dünyanı lərzəyə gətirən fenomenal kəşf müasir şüa diaqnostikası və terapiyasının əsasını qoydu. Kəşfin müəllifi o zaman öz müşahidələrini belə ifadə etmişdi: “Mən ilk növbədə görünməz işığın yeni bir növünü araşdırdım. Bu, açıq-aydın indiyəcən bilinməyən bir hadisə idi... Mən daxilimi görürdüm”...
Beləliklə, zəngin tarixə malik olan şüa diaqnostikası elmi onun banisi Vilhelm Konrad Rentgenin adını daşıyaraq, uzun illər daxili orqanların müayinəsinin yeganə üsulu idi. Bu gün isə bu sıraya USM, KT, MRT, nüvə təbabətinin hibrid üsulları əlavə edilib. Əbəs yerə bizim sahə tibbin görən gözü adlandırılmır. Bu müayinələrlə insan orqanizminin hər bir üzvü sanki şəffaf bir cismə çevrilib gözümüzün qarşısında canlanır. Xəstəlikləri ən erkən mərhələlərdə yüksək dəqiqliklə dəyərləndirməyə imkan verən bu müayinələr uzun bir inkişaf yolu keçib. Əgər biz tarixdə ilk dəfə çəkilmiş rentgen şəkli ilə müasir texnologiyalara əsaslanan təsviri müqayisə etsək, bu inkişafı əyani olaraq görərik.
Kafedramız universitetimizin Tədris Terapevtik və Tədris Cərrahiyyə klinikalarının bazalarında yerləşir. Bu klinikalarda maqnit rezonans tomoqrafiya, kompyuter tomoqrafiyası, rəqəmsal rentgen qurğuları, universal tipli angeoqraf, 4D rejimli ultrasəs müayinəsi və mammoqrafiya aparatları quraşdırılıb. Kafedra əməkdaşları tərəfindən bu klinikalarda diaqnostik radioloji müayinələr aparılır. Şüa terapiyasının tədrisində isə bizə ölkəmizin böyük elm və səhiyyə ocağı olan Milli Onkologiya Mərkəzi kömək edir. Tələbələrimiz dərslərin gedişində mütəmadi olaraq mərkəzdə müasir radioterapevtik üsullarla tanış olurlar.
Hazırda kafedramızda Radiologiya ixtisası üzrə 38 rezident təhsil alır. Onların yüksək səviyyəli mütəxəssis olması üçün əlimizdən gələni əsirgəmirik.
- Radioloji müayinələr hansı hallarda və necə aparılmalıdır? Radiasiya təhlükəsi haqqında insanlar nələri bilməlidir?
- İonlaşdırıcı şüaların kəşfindən dərhal sonra onların canlı toxumalarda dəyişiklik yaratmaq qabiliyyəti aşkar olundu. Canlı toxuma ilə ionlaşdırıcı enerjinin təmas müddəti saniyənin 10-6 qədər olduğu andan bioloji mühitdə dəyişikliklər baş vermiş olur. Enerjinin bioloji obyekt tərəfindən udulduğu an fiziki proses baş verir. Əmələ gələn yüklü hissəciklər kimyəvi reaksiyaya təkan verir. Biokimyəvi, biofiziki proseslər morfoloji və funksional dəyişikliklərə gətirib çıxarır. Sadalanan hadisələr bir neçə saniyədən bir neçə ilə qədər davam edə bilir. Əhalini ən çox maraqlandıran sual diaqnostik müayinələrdə şüalanmanın nə qədər olmasıdır. Pasiyentlər daim bunu soruşur, təkrar müayinələrdən nə vaxt keçə biləcəkləri ilə maraqlanırlar. Diaqnostik müayinələrdə daha çox tətbiq edilən ionlaşdırıcı şüa növü rentgen şüaları olaraq tanıdığımız X şüalardır. Bu şüalarla bütün rentgen müayinələri, kompyuter tomoqrafiya və çoxsaylı intenvension prosedurlar həyata keçirilir. Şüa orqanizmə nüfuz etdikdə, onun bir hissəsi toxumalar tərəfindən udulur. Məhz udulan doza şüalanma dozasını şərtləndirir. Bütün bədənin şüalanma dozası effektiv doza adlanır və millisievertlə (mSv) ölçülür. Effektiv doza dedikdə, bütünlükdə orqanizmin radiasiya riski nəzərdə tutulur. Müxtəlif müayinələrdə məruz qaldığımız effektiv dozanın miqdarını gündəlik məruz qaldığımız təbii şüalanma ilə müqayisəli şəkildə təsvir etsək, insan bir dəfə döş qəfəsinin rentgen müayinəsindən keçdikdə, effektiv doza təqribən 0,1mZv təşkil edir ki, bu da 10 günlük təbii şüalanma dozası qədər şüa yükünə ekvivalentdir. Torakal KT müayinəsi zamanı isə bu doza 6,1mZv təşkil etməklə 2 illik təbii şüalanma yükünə bərabərdir. Qeyd etmək istəyirəm ki, təbii şüalanma da öz növbəsində bir sıra amillərə bağlı olaraq dəyişkəndir və illik miqdarı təqribən 1,5-3,5 mZv (orta hesabla 2 mSv) arasında dəyişir.
- Kafedranızın əməkdaşları pandemiya sınağından necə çıxdı?
- Qürurla demək istəyirəm ki, pandemiyanın ilk günlərindən universitetimizin həm Tədris Terapevtik, həm də Tədris Cərrahiyyə klinikaları pandemiya xəstəxanaları kimi fəaliyyət göstərdi. Mənim 2020-ci il aprel ayının 1-də koronavirusla ilk tanışlığım başladı. Həyatımın ən faciəvi tanışlığı oldu desəm, yanılmaram... Bu virusun həkimlərdə, fiziki tərəfini demirəm, mənəvi olaraq yaratdığı sağalmaz yaraları heç nə ilə müqayisə etmək olmaz. Kafedramızın əməkdaşları da bu mübarizəyə qoşularaq, pasiyentlərin radioloji müayinələrinin aparılmasında yaxından iştirak etdilər.
Yeri gəlmişkən, pandemiya dönəmində insanların kabusuna çevrilmiş “buzlu şüşə” mənzərəsi (bəzən pasiyentlər onu buz kristalı, buz parçası, kristal şəkli kimi də adlandırırlar) haqqında haşiyə çıxım. Bu görüntü elə səslənməsi ilə insanlarda sanki bir təlaş yaradır. Halbuki, “buzlu şüşə” bəzən normal hallarda da radioloji görüntülərdə izlənilə bilər. Məsələn, ən bəsit halda, müayinə zamanı xəstə dərindən nəfəs almazsa və ya müayinə nəfəsvermədə aparılarsa, ağciyərin havalılığının fizioloji ekspirator zəifləməsi səbəbindən bütün ağciyər sahələri homogen olmaqla “buzlu şüşə” görüntüsü verə bilər.
“Buzlu şüşə” görüntüsü koronavirus pnevmoniyasının əsas radiodiaqnostik əlaməti hesab edilir. Normalda şəffaf havalı görəcəyimiz ağciyərdə yarımşəffaf zonalar izlənilir, ağciyər sanki dumanlı görünür və “buzlu şüşə” effekti yaranır. Bu zaman bronx strukturlarının və pulmonar damarların saxlanması ilə ağciyərlərin eksudat və ya transudatla tutulması, interstisial qalınlaşmalar və ağciyər alveollarının hissəvi kollapsı ilə müşahidə olunan görüntü meydana çıxır, xəstəliyin 3-4-cü günlərindən inkişaf etməyə başlayır və xəstə sağaldıqdan hətta bir ay sonra belə qala bilir. Xəstəliyin yüngül və orta ağır dərəcəsini keçirmiş xəstələrdə 2-3 aydan sonra dəyişikliklər tamamilə itir.
Beləliklə, “buzlu şüşə” görüntüsü yalnız COVID xəstəliyi üçün səciyyəvi deyil, digər xəstəliklərdə də görülə bilər. Lakin uyğun kliniki-laborator əlamətlərlə pandemiya dönəmində bu görüntü izlənilərsə, diaqnostik proses COVID-19 xəstəliyinin lehinə dəyərləndiriləcək.
Qeyd etmək istəyirəm ki, bu görüntü döş qəfəsinin rentgenoqrafiya və KT müayinələrində aşkar edilir. Rentgenoqrafiya müayinəsinin “buzlu şüşə” görüntüsünün aşkar edilməsində həssaslığının aşağı olması səbəbindən, COVID pnevmoniyasının 1-4 günlərində rentgenoqram 25% hallarda tam normal ola bilər. Rentgenoqramın normal olması pnevmoniyanın yoxluğu anlamına gəlmir. KT müayinəsində görülməsi daha spesifikdir. Fürsətdən istifadə edib demək istəyirəm ki, COVID-19 xəstəliyinin diaqnostikasında bu müayinənin həssaslığı spesifik PCR testindən də həssasdır. Lakin yadda saxlamaq lazımdır ki, radioloji müayinələr ionlaşma riski baxımından yalnız uyğun göstərişlər olduğu hallarda tətbiq edilməlidir.
- Doktor, gələcəklə bağlı fəaliyyət prioritetləriniz nələrdir?
- Bu gün radiologiya yeni inkişaf dövrünü yaşayır. Ənənəvi rentgen müayinələrinin əsrlik təcrübəsinə söykənərək və müasir rəqəmsal texnologiyalara əsaslanaraq, şüa diaqnostikası tibbin bütün sahələrinə liderlik edir. Radioloqlar çox vaxt ekran arxasında özləri görünməsələr də, insanların daxilini görürlər. Hər bir radioloq ürəkdən arzulayır ki, xəstəyə həyatı boyu alacağı ən böyük hədiyyəni – normal radioloji təsvir və patologiyasız nəticəni təqdim etsin.
Öz ixtisasımız üzrə təcrübələrimizi bölüşmək, tələbələrimizə bu sahəni dərinlikləri ilə tədris etmək, beynəlxalq əlaqələrimizi gücləndirmək, gənc mütəxəssisləri bu işə daha yaxından cəlb edib həvəsləndirmək, eyni zamanda əhalimizə keyfiyyətli xidmət göstərmək kafedramızın əsas məqsədləridir.