İnsan ömrünün ən gözəl çağı gənclikdir. Gənclik yaşında tələbə olmaq isə bu gözəlliyə əlavə rəng qatır. Qaynar tələbəlik həyatı, tələbəlik dövründə yataqxanada yaşamağın özəlliyi, qayğıları da bir başqadır. Bunu tələbələrdən yaxşı heç kim bilmir.
Təsadüfi deyil ki, bütün ali məktəblərin ən vacib fəaliyyət istiqamətlərindən biri tələbələrin yataqxana ilə təmin edilməsidir. Azərbaycan Tibb Universitetində təhsil alan tələbələrin də yataqxana ilə təminatına xüsusi önəm verilir, məişət problemləri həmişə diqqətdə saxlanılır. Hazırda universitetin balansında olan 7 yataqxananın birində məcburi köçkünlər məskunlaşıb. Universitetin daha bir yataqxanası, indiyədək burada məskunlaşan məcburi köçkünlər yeni yaşayış massivinə yerləşdirildiyindən, hələlik boşdur. Zəruri avadanlıqlarla təchiz olunmuş qalan 5 yataqxana isə tələbələrin ixtiyarındadır.
Yataqxana sakinlərinin dərsdənkənar rəngarəng həyatları ilə yaxından tanış olmaq məqsədilə 2 saylı qızlar yataqxanasına yollanırıq. Xarici görünüşü ilə diqqəti cəlb edən beşmərtəbəli binada məskunlaşan tələbə qızların dərslərə necə hazırlaşdıqlarını, necə istirahət etdiklərini, boş vaxtlarını necə keçirdiklərini və məişət qayğılarını izləmək imkanı qazanırıq. Təbii ki, daxili qaydalara uyğun olaraq, əvvəlcə mühafizəçi gəlişimizin səbəbi barədə yataqxananın komendantı Mehriban Ağabəyovaya xəbər verir. Elə biz də fürsətdən istifadə edib qızların özlərinə ikinci ev bildikləri bu məkanla bağlı Mehriban xanımdan ətraflı məlumat alırıq.
2017-ci ilin yayından burada çalışdığını söyləyən M.Ağabəyova deyir ki, 61 tam təmirli otağı olan yataqxanada Azərbaycan vətəndaşları ilə yanaşı, xaricilər də yaşayır. Otaqlar 1, 2, 3 və 4 nəfərlikdir. Bir nəfərlik 12, iki nəfərlik 10, üç nəfərlik 31, dörd nəfərlik isə 8 otaq var. Bir nəfərlik otaqlar əsasən yuxarı kurs tələbələrinə verilir ki, rezidenturaya yaxşı hazırlaşa bilsinlər. Birinci mərtəbədə camaşırxana fəaliyyət göstərir. Məişət otağı, birində 20, o birində 11 masa olmaqla iki oxu zalı sutka ərzində tələbələrin istifadəsindədir. İstənilən vaxt tələbələr oxu zallarında dərslərini hazırlaya bilirlər. Yataqxanada fasiləsiz internet şəbəkəsi mövcuddur. Hər mərtəbədə nəzarət kameraları quraşdırılıb.
Yataqxananın bütün mərtəbələri yumşaq mebel dəsti, xalça, jurnal masası və televizorla təmin olunub. Hər otağa bir böyük masa, hər tələbə üçün isə stul, kitab rəfi, paltar şkafı, dolab və çarpayı qoyulub. Həmçinin hər mərtəbədə duş kabinələri, hamam və mətbəx fəaliyyət göstərir. İsti su qrafik üzrə səhərlər 3 saat, axşam isə saat 5-dən 12-yə qədər verilir.
“Özümü evimizdəki kimi hiss edirəm”
M.Ağabəyova söhbətimiz zamanı yataqxanada ciddi şəkildə səliqə-sahmana və nizam-intizama nəzarət olunduğunu vurğulayır, onda tələbələrin valideynlərinin əlaqə nömrələri olduğunu və lazım gəldikdə əlaqə saxladığını da qeyd edir: “Övladları ilə görüşə səhər saat 9-dan axşam saat 9-a kimi ancaq analarının gəlməsinə icazə verilir. Pandemiya dövründə isə görüşlər məhdudlaşdırılmışdı. İndi yavaş-yavaş pandemiyadan əvvəlki vəziyyətə qayıtmağa çalışırıq”.
Dekanlıqlardan və kafedralardan xanım əməkdaşların yataqxanaya baş çəkdiklərini, qızlarla səmimi söhbət apardıqlarını deyən komendant, son vaxtlar bu cür təmasların xeyli azaldığını təəssüflə bildirir. O hesab edir ki, belə görüşlər həm qızlarda xoş ovqat yaradır, həm də onlarda məsuliyyət hissini artırır. Onun sözlərinə görə, yataqxanaya daha tez-tez epidemiologiya və dəri-zöhrəvi xəstəlikləri kafedralarının xanım əməkdaşları gəlir.
Oxu zalına nəzər yetiririk. Bir rahatlıq hiss olunur. Orada olduğumuz müddətdə dərslərini hazırlayan tələbələrlə söhbətləşirik. Öyrənirik ki, Səfiyyə Qazilova Zaqatala rayonundandır, II müalicə-profilaktika fakültəsinin I kurs tələbəsidir: “Burada hər şey normaldır. Oxu zallarında rahat şəkildə dərslərimizi hazırlaya bilirik. Heç kim bir-birinə mane olmur. Otaqlarda səliqə-sahmana özümüz riayət edirik. Özümü evimizdəki kimi hiss edirəm”.
Süsən Qədirli də Səfiyyə ilə eyni fakültənin eyni kursunda oxuyur. Göyçay rayonundandır. Kurs yoldaşının dediklərini təsdiqləməklə kifayətlənir.
“Gigiyenik qaydalara, təmizliyə riayət olunur”
Gəncə şəhərindən olan Ləman Əliyeva isə ictimai səhiyyə fakültəsinin II kurs tələbəsidir. O da yataqxanadakı şəraitdən razıdır. Mərtəbənin təmizliyinə, qaz, işıq, su sərfiyyatına diqqət yetirildiyini, sakitliyə riayət olunduğunu deyir.
Şəkidən gəlmiş Sona Mustafayeva II müalicə-profilaktika fakültəsinin II kursunda təhsil alır. Yataqxananın yeni sakinlərindəndir. Buradakı şəraitdən məmnun olduğu üçün sonrakı kurslarda da yataqxanada qalmaq arzusundadır.
Nəzrin Salahova 3-cü ildir ki, bu yataqxanada qalır. Quba rayonundandır. İctimai səhiyyə fakültəsinin IV kurs tələbəsidir. Məişət şəraitindən razılıqla danışır. Eyni zamanda hər mərtəbədə ayrıca oxu zalının olmasını istəyir.
Ayrı-ayrı otaqların səliqə-sahmanı ilə tanış olmaq istəyilə bir neçə qapını döyürük. Qarşılaşdığımız mənzərə könül oxşayır. Hər yerdə xanım səliqəsinin şahidi oluruq.
Stomatologiya fakültəsinin IV kurs tələbəsi Kimya Foladi yataqxananın köhnə sakinlərindəndir. Hazırlıq kursunda oxuyanda da burada qalıb. Artıq 5 ildir ki, yataqxana həyatı yaşayır. Əvvəllər bu cür komfortun olmadığını söyləyir: “Əvvəl hamam məsələsində problemlə üzləşirdik, ümumi bir hamam fəaliyyət göstərirdi. İndi hər mərtəbədə hamam mövcuddur, kabinələrin sayı artırılıb. Əvvəl təmizliyə də o qədər fikir verilmirdi. İndi hər şey qaydasındadır. Heç nədən narazılığım yoxdur. İsti-soyuq suyumuz var. Gigiyenik qaydalara, təmizliyə riayət olunur”.
Tələbələrin təhlükəsizliyi diqqət mərkəzindədir
Təbrizli xanım, stomatologiya fakültəsinin II kurs tələbəsi Səfa Bəni Haşimi, müalicə-profilaktika fakültəsinin I kurs tələbəsi Fatimə Əskərova, II müalicə-profilaktika fakültəsinin VI kurs tələbəsi Aytac Ağazadə və adlarını çəkmədiyimiz digər tələbələrin də ürək sözlərini dinləyirik. Başda rektor olmaqla universitet rəhbərliyinin qayğısı ilə əhatə olunduqlarından razılıqla söhbət açan tələbə qızlar, Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımovun tez-tez yataqxanaya baş çəkdiyini, mövcud problemlərlə maraqlandığını qeyd edirlər.
Yataqxanada mühafizənin necə təşkil olunması ilə də maraqlanırıq. Mühafizə xidmətinin əməkdaşı Əfsanə Məmmədova tələbələrin təhlükəsizliyinin diqqət mərkəzində olduğunu bildirir: “Onlar tərəfimizdən etibarlı şəkildə mühafizə olunur. Kənar adamların içəri daxil olmasının qarşısı alınır. Hansısa xoşagəlməz hadisə baş verməsin deyə, əlimizdən gələni edirik. Hər səhər saat 7-də növbəni dəyişirik. Gecə saat 12-də qapılarımız bağlanır”.
Beləliklə, tələbələrin 2-ci evi sayılan yataqxanadan xoş təəssüratlarla ayrılırıq. İnanırıq ki, həmsöhbət olduğumuz tələbə qızlar gələcəkdə savadlı alim kimi elmimizin, peşəkar həkim kimi sağlamlığımızın keşiyində uğurla dayanacaqlar. Şübhəsiz ki, onların hər biri tələbəlik illərini və bu illərin ayrılmaz hissəsi olan yataqxana həyatını da tez-tez xatırlayacaqlar.
.
nı da tez-tez xatırlayacaqlar.