Erasmus+ mübadilə proqramı çərçivəsində Türkiyənin Eskişehir Anadolu Universitetinin Əczaçılıq fakültəsinin Farmakologiya kafedrasının müəllimi, tibb üzrə fəlsəfə doktoru Feyza Alyu Altınok 28 mart – 01 aprel 2022-ci il tarixlərində Azərbaycan Tibb Universitetinin qonağı olub.
Dr. Feyza Alyu Altınok ATU-nun İnsan anatomiyası və tibbi terminologiya, Sitologiya, histologiya və embriologiya, Farmakologiya, Əczaçılığın texnologiyası və idarəçiliyi, Farmakoqnoziya, Əczaçılıq kimyası kafedralarında və Elmi Tədqiqat Mərkəzində tədrisin təşkili və aparılan elmi-tədqiqat işləri ilə tanış olub. Bu zaman qonaq “Anatomiya” muzeyini ziyarət edib, Əczaçılıq fakültəsinin tədris və elmi-tədqiqat laboratoriyalarında, “Elektron mikroskopiya” və digər laboratoriyalarında olub. Dr. Feyza Alyu Altınok həmçinin adı qeyd olunan kafedralarda praktik dərslərin gedişi zamanı müəllimlər və tələbələrlə qısa söhbətlər edib, fikir mübadiləsi aparıb. Müvafiq kafedralar və ETM ilə tanışlıq zamanı qonaq alim İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri vəzifəsini icra edən, dosent Anar Abdullayev, həmin kafedrasının məsləhətçi-professoru, ə.e.x., Rusiya Elmlər Akademiyasının akademiki Vaqif Şadlinski, Sitologiya, histologiya və embriologiya kafedrasının müdiri, professor Eldar Qasımov, Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli, Əczaçılığın texnologiyası və idarəçiliyi kafedrasının müdiri, professor Məhbubə Vəliyeva, Farmakoqnoziya kafedrasının müdiri, professor Cavanşir İsayev, Əczaçılıq kimyası kafedrasının müdiri, professor Tahir Süleymanov, Farmakologiya kafedrasının müdiri, professor Musa Qəniyev, ETM-in direktoru, ə.e.x., professor Qalib Qarayev tərəfindən böyük maraqla qarşılanıb və qardaş Türkiyədən olan qonağa xüsusi diqqət göstərilib.
Dr. Feyza Alyu Altınokun ATU-nun Farmakologiya kafedrasında “Birincili dorzal kök qanqlion neyron kulturası və Patch Clamp texnikası” mövzusunda seminarı keçirilib. Tədbirdə ATU-nun müxtəlif kafedralarının əməkdaşları, doktorant və tələbələr iştirak edib. Tədbiri Farmakologiya kafedrasının müdiri, professor Musa Qəniyev açaraq türkiyəli qonağı tədbir iştirakçıları ilə tanış edib və məruzədə toxunulan mövzunun aktuallığından söhbət açıb. M.Qəniyev bu cür tədbirlərin rəhbərlik etdiyi kafedrada vaxtaşırı təşkil olunduğunu bildirib. Buna görə universitetin rektoru, professor Gəray Gəraybəyliyə təşəkkürünü ifadə edən kafedra müdiri sözü ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucova verib. M.Orucov çıxışında ATU rəhbərliyinin beynəlxalq əməkdaşlıq istiqamətində apardığı uğurlu fəaliyyəti qeyd edərək, Dr. Feyza Alyu Altınokun universitetimizə “Erasmus+” mübadilə proqramı çərçivəsində təşrif gətirdiyini bildirib və gəlişinin səbəbini açıqlayıb: “Feyza xanım bir həftə universitetimiz qonağı olacaq. Bu müddət ərzində bir sıra kafedralarda tədrisin təşkili, tətbiq olunan yeniliklərlə bağlı məlumat əldə edəcək. Eləcə də İtaliyada qazandığı bilik və təcrübə ilə əməkdaşlarımızı yaxından tanış edəcək”.
Sonra Dr. Feyza Alyu Altınok çıxış edib. O, birincili dorzal kök qanqlion neyron kulturasından və “Patch Clamp” metodunun tətbiqi ilə müxtəlif dərman maddələrinin hüceyrələrə, xüsusən sinir hüceyrələrinə təsirinin araşdırılması imkanlarından söhbət açıb. Feyza xanımın məruzəsi iştirakçıların böyük marağına səbəb olub və tədbir geniş diskussiya ilə başa çatıb. Seminarda ATU Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Nigar Ələkbərova və Mübadilə proqramları üzrə koordinator Dünya Bayramova da iştirak edib.
Dr. Feyza Alyu Altınoku səfərinin son günü ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev qəbul edib. O, qonağa ATU-ya gəlişi üçün təşəkkürünü bildirib və universitetlərimiz arasında bu cür mübadilələrin vacibliyini vurğulayıb. Qonaq alim ATU-ya səfərindən çox məmnun olduğunu bildirib və yüksək səviyyədə qonaqpərvərlik üçün ATU rəhbərliyinə öz dərin minnətdarlığını ifadə edib. O.İsayev tərəfindən qonağa sertifikat və xatirə hədiyyəsi təqdim edilib.