ATU-da keçirilən I Azərbaycan-İtaliya Beynəlxalq Rinoloji Konqresində çoxlu sayda məruzələr dinlənilib
Aprelin 6-da Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında I Azərbaycan-İtaliya Beynəlxalq Rinoloji Konqresinin açılış mərasimi baş tutub. Konqresin fəxri prezidenti, ATU-nun rektoru, professor Gəray Gəraybəyli tədbirdə açılış nitqi ilə çıxış edib.
Rektor bildirib ki, ATU-da İtaliya Rinoloji Cəmiyyətinin təşəbbüsü ilə təşkil olunmuş bu konqres Azərbaycan Respublikası Səhiyyə Nazirliyində də akkreditasiya olunub: “İki gün davam edəcək bu konqresdə müxtəlif təşkilatlardan olan mütəxəssislər rinologiya sahəsi ilə bağlı məruzələr və təqdimatlarla çıxış edəcəklər. Həmçinin “Yuxuda nəfəs dayanmaları” adlı təlim kursunun canlı cərrahiyyə əməliyyatı da nümayiş etdiriləcək. Bu münasibətlə İtaliyanın məşhur rinoloqları, İtaliya Rinoloji Cəmiyyətinin sədri və üzvləri universitetimizə dəvət olunublar”.
Professor G.Gəraybəyli Beynəlxalq Otorinolarinqoloqlar Cəmiyyəti Federasiyasının sabiq prezidenti və İdarə Heyətinin üzvü, İtaliya Rinoloji Cəmiyyətinin fəxri prezidenti, otorinolarinqologiya kafedrasının müdiri, professor Desiderio Passalinin rəhbərliyi ilə İtaliyanın müxtəlif universitet və klinikalarından təşrif gətirmiş qonaqları konqres iştirakçılarına təqdim edib. Onlara konqresdə çıxış və iştiraklarına görə ATU-nun professor-müəllim heyəti adından təşəkkürünü bildirib.
Rektor, həmçinin konqresin 2020-ci ildə keçirilməli olduğunu, amma pandemiya səbəbindən bu gün baş tutduğunu diqqətə çatdırıb, tədbirin yüksək səviyyədə təşkilinə görə konqresin prezidenti, professor Əzizağa Talışinskiyə minnətdarlığını ifadə edib.
Professor Əzizağa Talışinski çıxışında bu tədbirin təşkil olunmasında əsas məqsədin rinologiyanın müasir problemlərini müzakirə etməklə yanaşı, hər iki ölkənin rinoloqları arasında məhsuldar dialoq yaratmaqdan ibarət olduğuna diqqət çəkib. O, konqresin elmi proqramının Azərbaycan otorinolarinqoloqları və İtaliya rinoloji cəmiyyətləri tərəfindən birgə təqdim ediləcəyini, rinologiya sahəsində bir sıra mövzuların müzakirə olunacağını bildirib. Tədbirə beynəlxalq səviyyədə tanınmış mütəxəssislərin dəvət olunduğunu qeyd edən Ə.Talışinski hər iki ölkənin otorinolarinqoloqlarının tibbin bu sahəsinin inkişafına töhfə verəcəklərinə əminliyini vurğulayıb.
Növbəti çıxışçı isə italiyalı qonaq, professor Desiderio Passali olub. Onun sözlərinə görə, 120 ölkənin təmsil olunduğu Beynəlxalq Otorinolarinqoloqlar Cəmiyyəti Federasiyasının əsas fəaliyyət istiqamətlərindən biri xalqlar arasında görüş və müzakirələri inkişaf etdirməkdir: “Bu tədbirin digərlərindən fərqli və xüsusilə gənc həmkarlarım üçün faydalı olacağına əminəm. Çünki onlar xəstələrin müalicəsi və sağlamlığı üçün buradan yeni məlumatlar öyrənəcəklər”.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra gündəliyə keçilib. Roma Katolik Universitetinin qulaq, burun, boğaz xəstəlikləri üzrə professoru, İtaliya Rinoloqlar Cəmiyyətinin baş katibi Giulio Cesare və ATU-nun otorinolarinqologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Cabbar Cəlilovun sədrliyi ilə məruzəçilərə söz verilib.
İki gün davam edən tədbirdə italiyalı alimlərdən professor Giulio Cesarenin “Burun patologiyalarının yerli müalicəsində tibbi avadanlıqların tətbiqinin effektivliyi”, professor Desiderio Passalinin “Burunun virus infeksiyasının və COVID-in qarşısının alınmasında qliserrizinin tətbiqi”, Ospedale San Camillo Otorinolarinqoloji Klinikasının müdiri, professor Gianluca Belloçinin “Burun polipləri”, S.Maria Della Miseicordia Universitetinin cərrahi ixtisaslar departamentinin müdiri, professor Marko Piemontenin “İnvert (çevrilmiş) papilloma”, Roma Universitetinin La Sapiensa tibb fakültəsinin professoru Maria Pia Villanın “Pediatrik OSA. Yuxu apneosu, uşaqlarda rinopatiyalar”, Turin Humanitar Cellini İnstitutunun professoru Maurizio Catalaninin “Funksional cərrahiyyə”, Furozinon Hospitalının Qulaq, burun, boğaz şöbəsinin müdiri, professor Andrea Marzettinin “Allergik rinitin cərrahi müalicəsi”, San Jasopo Hospitalının Azienda USL Toscana Mərkəzində pnevmologiya bölməsinin müdiri, professor Antonio Sannanın “Rino-bronxial sindrom”, Torino Universitetinin professoru Giancarlo Pecorarinin “Burun-udlağın şişləri” və digər mövzularda etdikləri çıxışlar yerli mütəxəssislərin marağına səbəb olub.
Azərbaycan alimlərindən ATU-nun otorinolarinqologiya kafedrasının müdiri, professor Vəfa Pənahianın “Burun polipozunun cərrahiyyəsinin inkişaf tarixi”, həmin kafedranın professoru Əzizağa Talışinskinin “Rinogen orbital ağırlaşmalar”, ATU-nun allerqologiya kafedrasının müdiri, professor Lalə Allahverdiyevanın “Lokal allergik rinitin diaqnostikası və müalicəsinin müasir aspektləri”, ATU-nun üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Çingiz Rəhimovun “Dişləmin pozulması olan xəstələrdə yuxarı tənəffüs yollarının morfologiyasının vəziyyəti və onların korreksiyası yolları”, ATU-nun Tədris Cərrahiyyə Konqresinin plastik və rekonstruktiv cərrahiyyə üzrə mütəxəssisi, professor Vaqif Qələndərlinin “Burun bölgəsində yaranan deformasiyalara rekonstrktiv və estetik yanaşmalar”, ATU-nun dosentləri Nigar Sultanovanın “Deformasiya olunmuş burun arxitektonikasına oriyentasiya edilən ikincili rinoxeyloplastika”, Tahirə Pənahovanın “Allergik rinit: uşaqlarda bronxial astmanın gedişatının ağırlaşdırıcı faktoru kimi”, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının otorinolarinqologiya bölməsinin rəsi Elnur Əkbərovun “Burunətrafı ciblərin endoskopik əməliyyatları zamanı ən çox rast gəlinən fəsadlar”, Bakı Sağlamlıq Mərkəzinin həkim-otorinolarinqoloqu Pərviz Aslanovun “Revizion rinoplastikaya müasir baxış və rinoplastikada istifadə olunan cihazlar”, Prezident Administrasiyası yanında Xüsusi Müalicə Sağlamlıq Kompleksinin otorinolarinqoloqu Aydın Talişinskinin “Aşağı burun balıqqulağılarının kiçildilməsi. Mən bunu necə edirəm?” mövzusunda çıxışları da öz aktuallığı ilə fərqlənib. Eləcə də Rəşad Talışınski, Arif Məmmədov, Hüseyn Ağayev, Ceyhun Yusifov, Əfruz Məsimov, Elşən Ağayev, Rafik Rzayev, Namiq Əhmədov, Asif Əhmədov, Məzahir Quliyev, Namiq Əmrəliyev və Rüfət Rzayevin məruzələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Proqram çərçivəsində professor D.Passalin “Yuxuda nəfəs dayanmaları” adlı təlim kursu keçib və iştirakçılar canlı əməliyyatı izləyə bilib.
Tədbir çərçivəsində xarici qonaqlara italyan dilinə tərcümə olunmuş Azərbaycan klassik şairlərinin müdrik kəlamlarından ibarət kitablar, suvenirlər hədiyyə edilib.
Sonda iştirakçıların mövzuları nə dərəcədə mənimsədiklərini müəyyən etmək üçün imtahan keçirilib. Nəticələr mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib və iştirakçılara sertifikatlar verilib.
Tədbir başa çatdıqdan sonra italiyalı professor Desiderio Passalin bizimlə söhbətində dil baryeri səbəbindən indiyədək azərbaycanlı alimlərin bu sahədəki fəaliyyəti və elmi araşdırmaları ilə tanış ola bilməməsindən təəssüfünü bildirib: “Elə əvvəllər də bizim üçün çətin olub. Çünki elmi əsərlər, aparılan araşdırmalar rus dilində qələmə alınıb. Amma indi biz bir çox ölkələrdə bu cür konfranslar, konqreslər təşkil edirik. Həmin ölkələrdən biri də Azərbaycandır. Müxtəlif ölkələrin mütəxəssisləri ilə ortaq məxrəcə gəlmək üçün daha uyğun müzakirələrə üstünlük verir, təcrübə mübadiləsi aparırıq”.
“Gələcəkdə bu sahədə azərbaycanlı mütəxəssislərin hazırlanması və ya həkimlərin təkmilləşdirilməsi üçün hansısa bir planınız varmı” sualını isə D.Passalin “elə keçirilən bu konqreslə gələcəkdə nəzərdə tutulan mütəxəssis hazırlığının təməlinin qoymuş olduq. Elmi-praktik sahədə əlaqələrimizi daha da genişləndirə bilərik” - şəklində cavablandırıb.