ATU-da 49 ölkədən 2801 əcnəbi tələbə və rezident təhsil alır

Növbəti Böyük Elmi Şurada əsas diqqət beynəlxalq əlaqələrin gücləndirilməsinə və tədrisin müasir dünya səviyyəsinə uyğun qurulmasına ayrılıb

Azərbaycan Tibb Universiteti Böyük Elmi Şurasının növbəti iclası keçirilib. İclası açan ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilk olaraq ailə təbabəti kafedrasının müdiri, professor Mustafa Salihovun uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişdiyini bildirib və mərhumun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev rəhbəri olduğu prorektorluğun üç il ərzində gördüyü işlər və qarşıda duran vəzifələri barədə hesabat məruzəsini təqdim edib. Çıxışında universitetin beynəlxalq əlaqələrindən geniş bəhs edən prorektor xarici tələbələrin sayının ildən-ilə artdığını və beynəlxalq əməkdaşlıq coğrafiyamızın genişləndiyini bildirib: “Xarici tələbələrin qəbulu, onların təhsili üçün yaradılan şərait universitetin beynəlxalq nüfuzunu daha da artırır. Hazırda ATU-da 49 ölkədən 2801 əcnəbi tələbə və rezident təhsil alır. Bunların sırasında Türkiyə, Pakistan, Böyük Britaniya, ABŞ, Rusiya, İsrail, Nigeriya, Banqladeş, Hindistan, İraq, İran, Suriya və s. ölkələri qeyd etmək olar. Əcnəbilər arasında sayına görə birinci yeri qardaş Türkiyədən olan tələbə və rezidentlər tutur. Qürurverici haldır ki, Azərbaycan Tibb Universiteti ölkəmizdə təhsil alan əcnəbi vətəndaşların sayına görə birinci yerdədir. Ölkə rəhbərliyinin siyasətinə müvafiq olaraq universitet rəhbərliyi bu istiqamətdə daim işlər aparır, müəyyən yeniliklər tətbiq olunur. Məsələn, bunlar sırasında xarici tələbələrin qəbul prosesinin obyektiv, şəffaf keçirilməsini təmin etmək, onlar üçün bu prosesi asanlaşdırmaq məqsədilə admission.amu.edu.az veb portalının yaradılmasını qeyd etmək olar. Əminliklə deyə bilərəm ki, bu addım əcnəbilərin ATU-ya qəbulunda dönüş nöqtəsi oldu. Biz indi bu təşəbbüsün müsbət nəticəsini görürük. Qeyd olunan portal 2021-2022-ci illərdə ATU-nun İnformasiya Sistemlərinin Təşkili və İdarəetmə Mərkəzinin dəstəyi ilə yenilənib, istifadəçilərin rahatlığı üçün daha da təkmilləşdirilib və yeni funksiyalar əlavə edilib. Hesab edirəm ki, gələcəkdə bu fəaliyyətin də bəhrəsini görəcəyik.                                                                                         

Onu da qeyd etmək lazımdır ki, 2020-2021-ci tədris ilinə qədər əcnəbilər ATU-da yalnız “Tibb”, “Diş həkimliyi” və “Əczaçılıq” ixtisasları üzrə təhsil ala bilirdilər. Artıq əcnəbi vətəndaşlar “İctimai səhiyyə” ixtisası üzrə də təhsil almaq üçün müraciət edirlər. Hazırda onların Azərbaycanda “Tibb bacısı” və “Fizioterapiya” ixtisasları üzrə də təhsil ala bilmələri üçün şəraitin yaradılması istiqamətində işlər aparılır”.

Sözünə davam edən natiq bildirib ki, xarici tələbələrin aktiv şəkildə universitetimizə cəlb edilməsi və ölkəmizdə ali məktəblər arasında xarici tələbələrin tədris prosesinin təşkili, o cümlədən yataqxana ilə təmin olunması imkanlarına görə ATU ön sıralardadır. Burada, həmçinin əcnəbi tələbələr üçün də güzəştlər edilib.

Universitetimizin hazırda dünyanın bir çox qabaqcıl ali tibb məktəbləri ilə əməkdaşlıq sazişlərinin olduğunu vurğulayan O.İsayev söyləyib ki, ən mühüm addımlardan biri ATU-nun tədris proqramlarının beynəlxalq akkreditasiyadan keçməsi məqsədilə Qazaxıstanda yerləşən Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliklə (Independent Agency For Accreditation and Ratıng - IAAR) müqavilə imzalanması olub: “Universitetimizin tədris proqramlarının akkreditasiyadan keçməsi diplomların dünyada tanınma coğrafiyasının genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Bu agentlik MDB ölkələri içərisində Dünya Tibb Təhsili Federasiyası (World Federation of Medical Education –WFME) tərəfindən tanınan ilk qurumdur. IAAR tərəfindən akkreditasiya olunan universitetlər və tədris proqramları Dünya Tibb Təhsili Federasiyasının akkreditasiyanı əldə etmiş sayılırlar. Ölkə rəhbərinin müvafiq Sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilib. Bu proqram çərçivəsində Türkiyə Cümhuriyyətinin Qazi və Ankara universitetləri ilə birgə müvafiq işlər aparılır. Pandemiya dövründə ATU-nun tələbə və gənc müəllim heyətinə həmin universitetlərin onlayn dərslərində iştirak etmək imkanı yaradılıb. Bu proqramın mühüm istiqamətlərindən biri də dünyanın nüfuzlu ali təhsil müəssisələrində doktorantura təhsili alan vətəndaşlarımızın dəstəklənməsidir ki, universitetimiz bu prosesdə aktiv iştirak edir. ATU hazırda dünyanın 90-a yaxın elm və təhsil qurumları ilə əməkdaşlıq edir”.

Məruzəçi sonda vurğulayıb ki, genişlənməkdə olan beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətin idarə olunmasının təkmilləşdirilməsi, sistemləşdirilməsi və faydalı əlaqələrin daha da inkişaf etdirilməsi əsas hədəflərdəndir.

İclasda çıxış edən əczaçılığın texnologiyası və idarəçiliyi kafedrasının müdiri, professor Məhbubə Vəliyeva, ATU-nun Tədris Stomatoloji Klinikasının direktoru, dosent Mahir Səfərov və başqaları hesabatı müsbət qiymətləndirməklə yanaşı, rəhbərlik etdikləri qurumlarda tətbiq olunan yeniliklərdən də söhbət açıblar. Natiqlər, həmçinin beynəlxalq əlaqələrimizlə bağlı öz mövqelərini açıqlayıb, eləcə də mövcud problemlərin həlli istiqamətində təkliflərini dilə gətiriblər.

Çıxışları yekunlaşdıran professor G.Gəraybəyli hesabatı qənaətbəxş hesab etdiyini bildirib və hər bir ali məktəbdə xarici tələblərin sayının çox olmasının onun beynəlxalq aləmdə nüfuzunun göstəricisi kimi qəbul edildiyini deyib. Əsas diqqəti ATU-nun beynəlxalq münasibətlərinə yönəldən universitetin rəhbəri müəllimlərin ingilis dilini mənimsəməsini önə çəkib və gələcəkdə əcnəbi tələbələrin sayının daha da artırılması istiqamətində səmərəli addımların atılmasının vacibliyini vurğulayıb: “Xarici tələbələrin sayının 2800-dən çox olması fərəhləndirici haldır. Çünki bu, ATU-nun nüfuzunun göstəricisi olmaqla yanaşı, həm də universitetin fəaliyyətinə maddi baxımdan müsbət təsir edir. Ona görə də həm xarici tələbələrimizin sayını çoxaltmalı, həm də bizimlə əməkdaşlıq edən ölkələrin coğrafiyasını genişləndirməliyik. Çünki ölkəmizdə təhsil alan hər bir əcnəbi tələbə bu müddət ərzində Azərbaycanın tarixini və mədəniyyətini öyrənir, sonra da dünyada ölkəmizin təbliğatçısına çevrilir. Sevindirici haldır ki, artıq bizə müraciət edən xarici tələbələrin sayının çox olmasını nəzərə alıb, onların arasında seçim apara bilirik. Təbiidir ki, bizdən də dərsin keyfiyyəti, tədris vəsaitlərinin müasirliyi tələb olunur və nəticədə rəqabət prinsipi işə düşür”.

Rektor qeyd edib ki, əgər əvvəllər bütün diqqət professional biliklərə yönəldilirdisə, indi dil bilikləri də xüsusi əhəmiyyət daşıyır: “Müxtəlif dövlətlərin nümayəndələri, o cümlədən ölkəmizdəki səfirləri ilə görüşlərimdə onlar haqlı olaraq həmvətənlərinin Azərbaycanda ingilis dilində təhsil almaq istədiklərini bildirirlər”.

Tədris prosesinin zamanın tələbləri səviyyəsində qurulmasının, beynəlxalq əlaqələrin genişləndirilməsinin prioritet istiqamətlər olduğunu vurğulayan professor Gəray Gəraybəyli nəzərə çatdırıb ki, gələcəkdə işə qəbul olunan hər bir mütəxəssisin ümumi biliyi ilə yanaşı, ingilis dili biliyi də yoxlanılmalıdır: “İngilis dili kurslarının hazırlığına başlamışıq və inanıram ki, bu, müəllimlərimizin dil biliklərinin təkmilləşməsində mühüm rol oynayacaq. Qarşımızda duran digər məsələ beynəlxalq proqramlarda bizim müəllim-tələbə heyətinin aktiv iştirak etməsi, dünyanın qabaqcıl qurumları ilə daha yaxın əlaqələr yaratmağımızdır. Burada deyildiyi kimi, artıq 90-a yaxın qurumla əməkdaşlıq əlaqələrimiz var. Ürəkaçan haldır ki, bu rəqəm yalnız imzalanmış sənədləri əks etdirmir, onlar real həyatda işləyir və fayda gətirir”.

Rektor əlavə edib ki, bizim istəyimizdən asılı olmayaraq zaman, onunla bərabər isə günün tələbləri dəyişir. Ona görə də universitetdə bəzi kafedraların birləşdirilməsi və yaxud bağlanılması mümkündür.

Gündəlikdə duran bir sıra müxtəlif məsələlərə də münasibət bildirən Böyük Elmi Şura dərslik, dərs vəsaitləri və metodik vəsaitlərin nəşrini təsdiqləyərək, müsabiqə məsələlərini həll etməklə öz işini başa çatdırıb.