Mütəxəssis deyir ki, bəzi xəstəliklərdən əziyyət çəkənlərə oruc tutmaq çox faydalıdır
Artıq on bir ayın sultanı Ramazanı yaşayırıq. İnanclı insanlar bu ayda oruc tutub, ibadətlə məşğul olurlar. Bu ay müsəlman aləmində hər kəsin durulaşdığı, saflaşdığı, günahların bağışlandığı, mərhəmət hislərinin oyandığı, duaların qəbul edildiyi və bərəkət ayı hesab olunur. Oruc tutmağın insanlar üçün dini-mənəvi əhəmiyyəti, fəzilətləri ilə bağlı çox yazılıb, çox deyilib. Onun tibbi tərəfi isə həkimlərin, loğmanların diqqətini çəkib, orqanizmə xeyri və ziyanı araşdırılıb.
Orucluğun insan orqanizminə təsirləri ilə bağlı fikirlərini öyrənmək üçün ATU-nun III daxili xəstəliklər kafedrasının dosenti Nağdəli Zamanova üz tutduq. Dosent orucluğun tibbi tərəfi ilə yanaşı, mənəvi-psixoloji aspektləri ilə bağlı da maraqlı məqamlar açıqladı: “Bu ayda insanları doğru və düzgün yola dəvət edən səmavi kitab - Qurani-Kərim nazil olub. Deyərdim ki, bu ay təkcə müsəlmanlar üçün deyil, həmçinin bəşəriyyətin düşünən, ağıllı bütün insanları üçün müqəddəsdir. Bu ayın fəziləti haqda çoxsaylı nümunələr çəkmək olar.
Ağır müharibələrin birini qələbə ilə başa vuran Məhəmməd peyğəmbəri (s.ə) əshabələrindən təbrik edənlər olur. Peyğəmbər ən böyük və ağır müharibənin qabaqda olduğunu onların diqqətinə çatdırır. Soruşurlar ki, o hansı müharibədir? Deyir ki, nəfsinizlə cihad etmək. Elə peyğmbərimizin də dediyi kimi, Ramazan həm də nəfsimizlə müharibə ayıdır. Bu ay insanlar səbrli, dözümlü olmağa dəvət edilir. Nəfsi ilə mübarizə etməyi bacaran insanda yaxşı hislər, duyğular formalaşır. O, insanlığı sevir, ətrafdakılara xoş münasibət bəsləyir. Millətinə və dövlətinə sədaqətli olur, pislikləri özünə yaxın buraxmır, haram qazanca əli bulaşmır və s. Yəni mənən təmiz, saf bir insan olur, sözləri ilə əməlləri üst-üstə düşür. Oruc insanları çirkin əməllərdən çəkindirir, onlarda imanı, təqvanı möhkəmləndirir və s”.
N.Zamanov orucluğun tibbi tərəflərini də incələdi. Bildirdi ki, ac insanın orqanizmində immun cisimciklərinin miqdarı çoxalır. Ümumiyyətlə, bütün canlılar xəstələndikləri zaman qidalanma və sudan imtina edir: “Canlılar sağaldıqdan sonra su içməsi və qidalanması normallaşır. Biz ələlxüsus, heyvanların xəstələnməsini qidadan, sudan imtina etmələri ilə müəyyən edə bilirik. Xəstələndikdə insan da yeməkdən imtina edir. Ona görə xəstələri məcburən yedizdirmək olmaz. Belə edəriksə, onların sağalma prosesinin ləngiməsinə səbəb oluruq. Çünki bu zaman qidalanan xəstənin həzm sistemi yüklənir, orqanizm həzm prosesi ilə məşğul olur, sanki xəstəliklə mübarizə aparması yaddan çıxır. Orqanizm ac saxlandıqda isə, bütün qüvvələr xəstəliklə mübarizəyə səfərbər olunur. Təbii ki, xəstələnən şəxslər həkimlər tərəfindən özbaşına buraxılmır. Onlara müvafiq müalicə də təyin edilir. Elm də sübut edib ki, aclıq zamanı xəstəliyə qarşı mübarizə aparan anticisimciklərin miqdarı qanda artmağa başlayır”.
Müsahibimiz bəzi xəstəlikləri olan inanclı insanların oruc tutmaqda israrlı olduğunu və bunun səhhətlərinə mənfi təsir edib-etməyəcəyinin fərqinə varmadıqlarına da toxundu: “Quranda da buyurulub ki, xəstələr oruc tuta bilməzlər. Amma buna baxmayaraq, elə xəstələrə rast gəlmişəm ki, xəstəliklərinin dərəcəsini nəzərə almadan oruc tutmaq istəyir. Belə hallarda bir həkim kimi ziyanlı tərəflərini başa salmağa çalışıram. Şəkərli diabetli, anemiyalı, vərəmli xəstələrə oruc tutmaq olmaz. Belə xəstələrin gün ərzində 4-5 dəfə qidalanmaya ehtiyacları olduğundan, oruc tutarlarsa, vəziyyətləri pisləşə, orucları pozula bilər. Müəyyən yaş həddini keçən insanların da oruc tutması məsləhət deyil. Baxın, müəyyən yaş həddinə qədər uşaqların da oruc tutmasına dində icazə verilmir. Amma elə xəstəliyi olanlar da var ki, onların oruc tutması vacib və faydalıdır. Məsələn, artıq çəkisi olanların, hipertoniyalı xəstələrin oruc tutması onların orqanizmlərinə çox fayda verə bilər”.
N.Zamanov oruc tutanların qidalanmaya xüsusi fikir verməli olduqlarını, iftarda mədəni çox yükləməməyi vurğuladı: “Yüngül yeməklərə üstünlük vermək lazımdır. Az yağlı şorbalar, meyvə-tərəvəzlər, ağartı məhsulları qəbul etsələr, daha yaxşı olar. Bu zaman mədə yüklənməz, həzm prosesi normal gedər, gecə rahat yatarlar. Amma imsakda ağır yeməklərlə qidalanmaq olar. Çünki insan gündüz hərəkətdə olduğu üçün qəbul edilən yemək daha rahat həzm edilə bilər. Bəzən oruc tutanlar gün ərzində susamamaq üçün çoxlu maye qəbul edirlər. Bu cür hallara da yol vermək olmaz. Hər kəs sübh tezdən acqarına bir stəkan isti su qəbul etsə, faydasını görər. İmsakda yeməyin miqdarını artırmaq olsa da, çox duzlu və şirin qidalardan qaçmaq lazımdır ki, susuzluqdan əziyyət çəkməyəsən. Elə hipertonik xəstələr də qidalanma zamanı ağır, duzlu və yağlı yeməklərdən uzaq durmalı, imsak zamanı həkimlərin təyin etdiyi dərmanlarını qəbul edib, sonra yeməklərini yeməlidirlər.
Onu da deyim ki, bəzi insanlar orucu tutandan sonra yatmağa üstünlük verirlər. Amma unudurlar ki, ağır qidalar qəbul edən insan hərəkət etməlidir”.
Özünü praktik sağlam hesab edən və oruc tutmaq istəyən şəxslərə istəklərini reallaşdırmamışdan öncə həkim müayinəsindən keçməyi məsləhət görən N.Zamanov orucluğun insanları daha səbrli, təmkinli etdiyini də bildirdi: “Səbr bizə tibdə də lazımdır. Həm həkimlərə, həm də xəstələrə. Odur ki, bu ayda oruc tutan inanclı insanların hər birinə səbr, dözüm, iradə arzu edirəm”.
Allah tutulan orucları, edilən duaları qəbul etsin!