Hamiləlik dövründə dərmanlardan necə istifadə etmək lazımdır?

Rezidentlər üçün növbəti seminarda tibb elmləri doktoru Şəymən Qədimova çıxış edib

 

Aprelin 13-də ATU-nun Tədris Cərrahiyyə Klinikasında rezidentlər üçün  “Hamiləlikdə dərman preparatlarının istifadəsi” mövzusunda seminar keçirilib. Seminarı açan ATU TCK-nın rezidentlər üzrə məsul şəxsi, Uşaq cərrahlığı kafedrasının assistenti Namiq Xəlilov rezidentlərin elmi və praktik təcrübələrinin təkmilləşdirilməsi üçün klinikada hər cür şəraitin olduğunu, onların bilik və təcrübələrinin artırılmasında belə tədbirlərin  böyük əhəmiyyət kəsb etdiyini söyləyib.

Hamiləlik dövrünün çox məsuliyyətli bir dövr olduğunu bildirən II Mamalıq- ginekologiya kafedrasının müdiri, professor Hicran Bağırova rezidentlər üçün belə tədbirlərin artıq ənənə halını aldığını qeyd edib, iştirakçılara mövzunun aktuallığı barədə məlumat verib. TCK-nın direktor müavini, professor Davud Pənahov universitetdə aparılan tədris prosesinin dövrün tələbləri səviyyəsinə qalxması üçün məqsədyönlü işlərin bundan sonra da davamlı olacağını bildirib. O, belə tədbirlərin gələcəkdə təkcə mama-ginekoloqların deyil, ümumiyyətlə ali dərəcəli bütün tibb mütəxəssislərinin gündəlik fəaliyyətində öz müsbət təsirini göstərəcəyini vurğulayıb. Professor qeyd edib ki, müasir dövrdə tələbələrin və eləcə də həkim-rezidentlərin tədris prosesində canlı mühazirələrdə iştirakı praktik vərdişlər əldə etməsi üçün vacibdir.

Sonra II Mamalıq-ginekologiya kafedrasının dosenti, t.e.d. Şəymən Qədimovanın “Hamiləlikdə dərman preparatlarının istifadəsi” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi hamiləliyin hər hansı bir dövründə müəyyən təsirlər nəticəsində döldə və yaxud embrionda morfoloji, biokimyəvi və ya hər növ psixi pozğunluğun baş verə biləcəyini deyib. O, qeyd edib tibdə buna teratogenlik deyilir və onun təsiri embrionik, fetal inkişaf, ananın patofizioloji və embrionun genetik xüsusiyyətləri kimi bir çox faktordan asılıdır: “Dərmanlar, kimyəvi maddələr və radiasiya teratogen maddələrin 1%-ni təşkil edir. Canlı doğuşların 2-3%-də anadangəlmə malformasyalar görülür. İnsanda hamiləlik müddəti təxminən 267 gündür və fetal inkişaf nöqteyi-nəzərindən 3 dövr ayırd edilir: Bu dövrdə dərmanların teratogen təsiri yüksək səviyyədə olduqda, embrionun ölümünə səbəb olur. Əks təqdirdə, rüşeym zədələnmədən öz normal inkişafını davam etdirə bilir”.

Sözünə davam edən məruzəçi bildirib ki, ananın aldığı dərman dozasının cəmi 1-5 faizi südə keçsə də, laktasiya dövründə də dərman istifadəsinə diqqət etmək lazımdır: “Körpənin qaraciyərinin dərmanları yavaş metabolizə etməsi, böyrək funksiyalarının hələ kifayət qədər inkişaf etməmiş olması və ilk həftələrdə plazmada, dərmanın zülallara bağlanma nisbətinin aşağı olması səbəbiylə dərman toxumalarda yüksək konsentrasiyaya çataraq daha şiddətli təsir göstərir və bu cür az miqdarlar belə, zərərli ola bilir. Hamiləlik dövründə etibarlı olan bir dərman əmizdirmə dövründə zərərli ola bilər, çünki körpə anadan müstəqil olaraq dərmanı metabolizə və eliminasiya edir”.

Ş.Qədimovanın dediyinə görə, piydə əriyən və metabolizmdən sonra aktiv formaya çevrilən D vitamini bağırsaqda kalsiumun sorulma səmərəliliyini artırmaqla yanaşı, həm də minerallaşmaya və sümüklərin böyüməsinə səbəb olur: “Yalnız qida rasionundan alınan bir çox vitaminlərdən fərqli olaraq, D vitamini, həmçinin günəş şüasının təsiri zamanı endogen şəkildə cəmləşir. D vitamininin çatışmazlığının ən çox hamiləlik dövründə baş verməsi ehtimalları getdikcə öz əksini tapmağa başlayır. Bu xüsusilə yüksək risk qrupuna, məsələn, günəşli havada az vaxt keçirən qadınlara, etnik azlıqlara və ən çox qaradərililərə aiddir. Anada bu vitaminin defisiti təzə doğulan körpədə skeletin homeostazına, anadangəlmə raxitə və körpədə sınıqların olmasına gətirib çıxara bilər”.

İşgüzar şəraitdə başa çatan seminarda iştirakçılar mövzuyla bağlı olan aktual məsələlər ətrafında diskussiyalar aparıb. Sonda seminar iştirakçılarını maraqlandıran suallar məruzəçi tərəfindən cavablandırılıb.