Azərbaycan Tibb Universitetində tanınmış şair-yazar, nəsr və poetik əsərləri ilə geniş oxucu kütləsinin rəğbətini qazanmış Eldar İsmayıl Böyüktürkün 80 illiyinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti və tələbələri, eləcə də poeziyasevərlər, şairin doğmaları, dostları iştirak edib.
ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev çıxış edərək Eldar İsmayılın həyat və yaradıcılığı barədə tədbir iştirakçılarına geniş məlumat verib. Bildirib ki, şair böyük bir nəslin nümayəndəsidir: “Onun babası İsmayıl kişi Göyçədə çox böyük nüfuz sahibi olub. Ötən əsrin əvvəllərində onlar Göyçənin mərd, qorxmaz insanları ilə ermənilərlə qarşı vuruşublar. Mən İsmayıl kişini görmüşəm. O, ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklər, mərd oğullarımızın mübarizəsindən saatlarla söhbət açardı. Eldar İsmayıl belə bir kişinin nəvəsi olub”.
Professor S.Əliyev E.İsmayılın Azərbaycanın tanınmış şair və yazıçıları ilə dostluq əlaqələrindən, onun əsərlərinə verilən yüksək dəyərdən danışıb: “Hələ Göyçədə yaşadığı illərdə Azərbaycanın bir çox məşhur şair və yazıçıları Eldar İsmayılın qonağı olub, onun yaradıcılığı haqqında yüksək fikirlər səsləndiriblər. Mən qonaqlardan Mirzə İbrahimovu, Bəxtiyar Vahabzadəni, Hüseyn Arifi, Yaşar Qarayevi yaxşı xatırlayıram”.
Prorektor mərhum söz ustasının 3 istiqamətdə uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıb: şair, yazıçı, jurnalist. Uzun müddət Çəmbərək (Krasnoselo) rayon qəzetinin Azərbaycan bölməsinin redaktoru kimi fəaliyyət göstərən E.İsmayıl sonradan uzun illər ATU-nun “Təbib” qəzetinin rəhbəri vəzifəsində çalışıb.
Tədbirin aparıcısı professor İbadulla Ağayev bildirib ki, Eldar İsmayıl Azərbaycanın, el-obasının vurğunu olan bir şair idi: “O, ədəbiyyatın bütün janrlarına müraciət etmiş, qələmini uğurla sınamışdı. Eldar İsmayıl qələmə aldığı poeziya nümunələri ilə oxucusunu düşünməyə, daşınmağa vadar edir, onunla birgə qərar verməyə səsləyir:
Ay qardaş, eloğlu, başına dönüm,
Ayım da, ilim də Azərbaycandır.
Mənim məmləkətim, ürəym, canım,
Ağzımda dilim də Azərbaycandır.
Professor Surxay Musayev də çıxışında Eldar İsmayıl şəxsiyyəti və yaradıcılığından söhbət açıb. Onu böyük ürəyə sahib, duyğusal bir insan kimi xatırlayıb. E.İsmayıl baş redaktor təyin olunduqdan sonra universitetin mətbu orqanının nəşrində ciddi dönüş yarandığını bildirib.
Qiraət ustası, Xalq artisti Eldost Bayram isə şairin “Ey, əlli milyonluq Azərbaycanım”, “Bütöv Azərbaycan olmalıyam mən”, “Ana Təbriz” şeirlərini səsləndirib.
Sonra dostlarından - el ağsaqqalı Abbas Mazanov, Mahal Əliyev, Etibar Məmmədov çıxış edərək ədiblə bağlı maraqlı xatirələrini danışıb, onun poeziyasından nümunələr səsləndiriblər.
"Eldar İsmayıl Böyüktürk ocağı"nın rəhbəri Zöhrə Qaraqızı, Qərbi Azərbaycan İctimai Birliyinin sədri Mürvət Yisifov öz çıxışlarında E.İsmayılın əsərlərində Qərbi Azərbaycanda ermənilərin soydaşılarımıza qarşı törətdikləri soyqırımı, talanlar kimi məqamlardan söhbət açıblar.
Şairin nəvələri Uğur İsmayıl və Nicat Əsədov onun “Bir gün bu dünyada mən olmayanda” şerini oxuyublar. Gənc yazar Gündüz Əhmədli isə şairin xatirəsinə ithaf etdiyi “Yoxluğunu ananda” adlı kitabından bəhs edib.
Eldar İsmayıl poeziyasının vurğunu, Türkiyədən təşrif gətirmiş Hacı Abdulla Əmrah çıxışında görkəmli ədibin təkcə yaradıcılığından deyil, həm də onun vətəndaş mövqeyindən, millətsevərliyindən, haqq uğrunda mübarizədə prinsipiallığından söhbət açıb.
“Təbib” qəzetinin əməkdaşı Arif Məmmədli Türkiyə, Almanya, İsveçrə, İspaniyadan, Güney Azərbaycandan, Naxçıvandan və respublikamızın digər regionlarından ünvanlanmış məktublar haqqında məlumat verib.
Sonda ailə üzvləri adından çıxış edən Həsən Əhmədov qardaşının xatirəsinə göstərilən ehtirama görə ATU-nun rektoruna, tədbirin təşkilatçılarına və iştirakçılara dərin təşəkkürünü bildirib.
Qeyd edək ki, Eldar İsmayıl 1942-ci ildə Göyçə mahalının Ağbulaq kəndində anadan olub. Bakıya köçəndən sonra Respublika Statistika Komitəsində, Azərbaycan Qaçqınlar Cəmiyyətində işləməklə yanaşı, «Göyçə» və «Ulu Göyçə» qəzetlərini nəşr etdirib. 1997-ci ildən ömrünün sonunadək «Təbib» qəzetinin baş redaktoru olub. 2010-cu ildə Əməkdar jurnalist fəxri adına layiq görülüb.
50-dən artıq kitabın müəllifi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Eldar İsmayıl Böyüktürk 20 fevral 2021-ci ildə vəfat edib.