ATU-nun Tədris Terapevtik Klinikasında “22-29 aprel Dünya Birincili İmmun Çatışmazlığı həftəsi” çərçivəsində seminar keçirilib. Tədbiri giriş sözü ilə açan tibb elmləri doktoru Gündüz Əhmədov seminarın gündəliyini diqqətə çatdırıb.
ATU-nun Elmi-Tədqiqat İmmunologiya laboratoriyasının müdiri, professor Gülnarə Nəsrullayeva “Azərbaycanda Birincili İmmun Çatışmazlıqların aşkarlanması və müalicəsi” mövzusunda məruzə ilə çıxış edib. O, tibbin az öyrənilmiş sahəsi olan Birincili İmmun Çatışmazlığının (BİÇ) aktuallığından, problemlərindən danışıb. Professor G.Nəsrullayeva qeyd edib ki, bu problem son 50 il ərzində dünyanın bir çox ölkəsində xüsusi tibb mərkəzlərində öyrənilir və 2013-cü ildə ATU-nun nəzdində də belə bir mərkəz yaradılıb: “Azərbaycan üçün bu problem vacib sayılır. Əhali arasında qohum evliliklərinə tez-tez rast gəlinməsi genetik əsası olan BİÇ-lərin meydana çıxmasına səbəb olur”.
2006-2022-ci illərdə Azərbaycanda 139 BİÇ xəstəsinin aşkarlandığını deyən professor, həmçinin bizim populyasiyada qeydə alınan BİÇ-in müxtəlif klinik variantları haqqında statistik məlumat verib. O, ölkəmizdə ən çox rast gəlinən variantın Ümumi Variabel İmmun Çatışmazlıq (CVİD) və Ataksiya-teleangiektaziya (Lui-Bar sindromu) olduğunu bildirib. Qeydə alınan 139 xəstənin 53-də geniş genetik panel üzrə (407 gen) analizlər aparıldığını və BİÇ-in diaqnozunun dəqiqləşdirildiyini söyləyib. Məruzəsinin sonunda professor BİÇ-in tipindən və ağırlıq dərəcəsindən asılı olaraq müalicə taktikasının fərdi seçilməsi haqqında da məlumat verib.
Bundan sonra Elmi-Tədqiqat İmmunologiya laboratoriyasının baş laborantı, t.ü.f.d Vəfa Məmmədova “Birincili İmmun Çatışmazlığının irsi ötürülməsinin xüsusiyyətləri” adlı maraqlı bir mövzunu təqdim edib. O, BİÇ xəstələrini aşkara çıxarmaq üçün tətbiq olunan xüsusi diaqnostik alqoritmdən istifadə etməklə xəstəliyi araşdırdığını bildirib. Onun sözlərinə görə, Azərbaycan populyasiyada ən çox ailəvi xarakter daşıyan Lui-Bar sindromlu xəstələrin ailələrində adətən 2 və hətta 3 uşaq bu sindromdan əziyyət çəkir. Autosom-ressesiv ötürülmə formasına məxsus olan bu xəstəliyin qohum evlilikləri zamanı daha çox üzə çıxdığını bildirən məruzəçi çıxışının sonunda bu sindromdan əziyyət çəkən bir ailədən 2 xəstə qardaşı iştirakçılara təqdim edib. Eyni zamanda bu xəstələrin 5 illik monitorinqi əsasında onların klinik, laborator və immunoloji göstəricilərini nümayiş etdirib.
Növbəti məruzəçi, “Geoden-Rixter” firmasının nümayəndəsi Rəna Məmmədova “Qroprinosin: viral infeksiyalara qarşı mübarizədə əsas oyunçu” mövzusunda çıxış edərək, bu preparatın virus infeksiyalarına qarşı mübarizədə əsas üstünlüklərindən danışıb. Firma nümayəndəsi BİÇ-li xəstə uşaqlara virus infeksiyasının profilaktikası üçün dərman preparatlarının təmənnasız verilməsinin təşkilini vəd edib.
Seminarın sonunda həkimləri və rezidentləri maraqlandıran məsələlərə geniş izahat verilib, aktiv diskussiya aparılıb.