Ortoped-cərrah Cəfər Nəsirli bildirir ki, hər beli əyri xəstəni qorxudub əməliyyat etmək olmaz
“Skolioz xəstəliyi xüsusən gənc və yeniyetmə yaşlarında özünü qabarıq şəkildə büruzə verdiyindən, bəzən insanlarda kompleks halına gəlir. Əyriliklər əsasən döş və bel nahiyələrində müşahidə olunur. Xəstəliyin proqressiv inkişafı onurğa sütununun və döş qəfəsinin nəzərəçarpacaq dərəcədə deformasiyasına qədər gətirib çıxarır. Bu isə inkişaf edən orqanizmdə bir sıra orqan və sistemlərin patoloji dəyişikliklərinə səbəb olur. Həmin xəstəliklərdən biri də skoliozdur”. Bunu ATU-nun Tədris Cərrahiyyə Klinikasının Travmatologiya və ortopediya şöbəsinin müdiri, t.e.n. Cəfər Nəsirli son zamanlar uşaqlar arasında tez-tez rast gəlinən skolioz xəstəliyi haqqında danışarkən deyib.
Skoliozun müasir dövrün xəstəliklərindən biri olduğunu söyləyən cərrah bildirib ki, bu bəzən irsi, bəzən endipatik, bəzən də digər xəstəliklərlə əlaqədar olur: “Skoliozun piylənmədən tutmuş, qohum nikahlara, şagirdlərin partada düzgün oturmamasına qədər bir çox yaranma səbəbləri var. Uşaqların orta məktəbdə idman hərəkətlərini düzgün yerinə yetirməməsi, çantanı belinə yanlış tərzdə götürməsi, dərs hazırlayarkən stulda normal oturmaması və sair müəyyən zamandan sonra bel, onurğa sütunu xəstəliklərinə gətirib çıxara bilər. Zamanında müəyyən edildikdə, korreksiyaedici korsetlərlə, idmanla qarşısı alınır. Amma irəliləmiş dərəcədə olanda cərrahi yolla aradan qaldırılır. Üzülərək söyləyirəm ki, hərdən yanımıza 12-13 yaşında xəstələr gəlir. Bəzən baxırsan ki, o qədər də ciddi əyrilik yoxdur. Bəzən də ilk görünüşdə çox pis halda olurlar. Soruşursan, problem nədir? Cavab verirlər ki, sizdən əvvəl bir həkimə getmişdik, dedi, təcili əməliyyat etmək lazımdır. Əks halda, zamanla ayaqlarınız iflic olacaq və yaxud evlənəndə uşağınız olmayacaq və s. Yəni, bu kimi boş şeylərlə insanların psixologiyasını pozurlar. Həmin xəstə ilə bəlkə də bir saat danışıram ki, belə bir şey yoxdur. Xəstəlik qalır bir tərəfdə, onun psixologiyasını düzəltməyə çalışıram...”
Bu xəstəliyin əlamətlərindən bəhs edən mütəxəssis vurğulayıb ki, skolioz fəqərə sütununun öz ətrafında sağa və sola əyilməsidir. Fəqərə sütununun önə əyilməsi isə kifozdur: “Skolioz son dönəmlərdə tez-tez rast gəlinən xəstəlikdir. İndi skoliozu fizioterapevtlər, neyrocərrahlar, nevroloqlar müalicə etməyə başlayıblar. Əslində bu, doğru deyil. Skolioz onurğa sistemi və dayaq-hərəkət sisteminə aid olduğu üçün ortoped və travmatoloq tərəfindən müalicə edilməlidir. Onu da deyim ki, skolioz öldürücü bir xəstəlik deyil. Əgər onurğa əyriliyi hər hansı bir patoloji səbəblə bağlı deyilsə, bu sadəcə onurğanın forma pozğunluğudur. İnsan tanıyıram ki, 80 yaşındadır, “S” formasında skoliozu var, 7-8 övlad sahibidir. Düzdür, skolioza ən çox cavanlarda rast gəlinir. Bu da nədən irəli gəlir? Yuxarıda qeyd etdiyim kimi, uşaqlar bədən tərbiyəsinə diqqət yetirmir, normadan ağır çantalar daşıyır, partada və ya kompüterə baxarkən düzgün oturmurlar. 35-40 dərəcədən yuxarı skoliozlar yalnız cərrahi əməliyyat yolu ilə aradan qaldırılır, aşağı dərəcəli skoliozlar isə konservativ yollarla müalicə edilir. Konservativ yollar dedikdə idman növləri və xüsusi korreksiyaedici korsetlər nəzərdə tutulur. Ümumiyyətlə isə, onurğa əyriliyinin minlərlə səbəbi var”.
Bu xəstəliyə görə məsuliyyətin ilk növbədə ananın üzərinə düşdüyünü söyləyən cərrah qeyd edib ki, ana uşağını soyunduran və yaxud çimizdirən zaman mütləq onun bədəninə diqqət yetirməlidir: “Əgər uşağın belində hər hansı bir əyrilik sezilərsə, hər iki kürək nahiyəsində hansısa bir assimetriklik olarsa, zamanında həkimə müraciət edilməlidir. Çünki erkən diaqnoz qoyulan skoliozlar müalicəylə korreksiya edilə bilir. Lakin bəzən də elə həkimlər olur ki, lazımsız yerə xəstəyə 4-5 saatlıq narkoz verib əməliyyat təyin edirlər. O zaman onurğa sütununun hərəkətini də bağlayırlar. Bu isə vicdansızlıqdır. Skolioz əməliyyatı ortopediyanın ən böyük əməliyyatlarından biridir. Ona görə də insanları ilk öncə bununla bağlı məlumatlandırmaq lazımdır, aldatmaq yox”.