Azərbaycan Tibb Universitetinin Ümumi və toksikoloji kimya kafedrasının baş laborantı İlkin Nəsirli Fransanın Eks-Marsel Universitetində ezamiyyətdən qayıdıb. Altı ay davam edən proqram zamanı ATU əməkdaşı Fransada elmi tədqiqat işini aparıb.
- Eks-Marsel Universitetində hansı mövzu üzrə araşdırma aparırdınız?
-Əvvəlcə onu qeyd edim ki, Fransanın Marsel şəhərinin Eks-Marsel Universitetində 15 Sentyabr 2021 – 15 Mart 2022-ci il tarixləri arasında ezamiyyətdə oldum. Məqsəd “Azərbaycanda yayılan kiçik qaraqaytaran (Thalictrum minus L.) bitkisi alkaloidlərinin kimyəvi-toksikoloji tətqiqi” adlı elmi işinin bir hissəsini həyata keçirməkdən ibarət idi. Ezamiyyənin ilk 3 ayı Fransa səfirliyinin təqaüd proqramı çərçivəsində həyata keçirildi.
Bu səfər Aralıq dənizi Biomüxtəliflik, Dəniz və Kontinental Ekologiya İnstitutunun və Eks-Marsel Universitetinin Qəbul Laboratoriyasının rəhbəri prof. Katerin Fernandezin dəvəti ilə baş tutmuşdu. Universitetdə həmin laboratoriyanın üzvü Dr. Elnur Qarayev mənim dissertasiyam üzrə məsul şəxs təyin edilmişdi. Marsel Kimya Elmləri Federasiyasına daxil olan Eks-Marsel Universitetinin Kimyəvi Analizlər Mərkəzinin – “Spektropol”un və Farmakoqnoziya kafedrasının professor və müəllim heyəti ilə ilk tanışlığım ikinci elmi rəhbərim Dr. Qaytan Herbette və Dr. E.Qarayev vasitəsilə baş tutdu.
-Dissertasiya işinin əsas məqsədi nədən ibarət idi?
- İlk 3 ayda universitetdə olan maye Nüvə-Maqnit Rezonansı (NMR) spektroskopiyasında, Yüksək Effektiv Maye Xromatoqrafiyasında (YEMX), Kütlə Spektroskopiyasında (KS) istifadə edilən cihazlar Dr. E.E. Qarayev və Dr. Q. Herbette tərəfindən göstərildi və cihazlar ilə sərbəst şəkildə istifadə etməyim üçün təlim keçirildi. Nəticədə növbəti aylarda 600 mHz-lik NMR aparatı vasitəsilə sərbəst analiz apara bildim.
Həmin universitetin farmakoqnoziya kafedrasında Azərbaycandan apardığım T.minus bitkisinin Altıağac və Qusar rayonu ərazilərindən toplanılmış kök və yerüstü hissələrinin alkaloid tərkibi ekstraksiya edilmişdir. Bitkinin Altıağacdan toplanılmış yeraltı hissəsinin alkaloid ektraktı KS vasitəsilə analiz edilmişdir. Alkaloid ekstraksiyalarının fərdi alkaloidlərə ayrılmasından öncə yeraltı və yerüstü hissələrdən alınan ektraktlar UB-YEMX və Analitik-YEMX vasitəsilə analiz edilib və kökdən alınan ekstraktda alkaloid məcmusu miqdarının digər hissələrə nisbətən çox olması və bu səbəbdən fərdi alkaloidlərə ayrılması qərara alınmışdır. Fərdi alkaloidlərin alınması Preparativ YEMX və Preparativ Nazik Təbəqədə Xromatoqrafiya vasitəsilə aparılmışdır. Altıağacdan toplanılmış bitkinin yeraltı hissəsindən 8 alkaloid və Qusardan yığılmış bitkinin yeraltı hissəsindən də fərqli 8 alkaloid fərdi şəkildə ayrılmış, onların kimyəvi quruluşları NMR vasitəsilə analiz edilmişdir. İlkin tədqiqatlara əsasən Altıağacdan alınan alkaloidlərdən birinin yeni maddə olması haqqında fikir yürütmək olar. Hal-hazırda alınmış 16 maddənin kimyəvi quruluşlarının 1H, 13C və 2D NMR üsulları ilə müəyyən edilməsi prosesi davam edir
-Qeyd etdiniz ki,Fransada dissertasiya işinizin yalnız bir hissəsi həyata keçirilib. Həmin dövrdə icra oluna işini nəticələri barədə nə deyə bilərsiniz?
-Ezamiyyətdə olduğum müddət ərzində maye NMR spektroskopiyası üzrə ixtisaslaşmış Dr. Q. Herbette və Farmakoqnoziya kafedrasının müəllim-tədqiqatçısı Dr. E.Qarayev mənə lazımi diqqəti ayırmış, analizlərin həyata keçirilməsi üçün müasir nəzəri və praktiki məlumatların əldə edilməsində əhəmiyyətli dərəcədə yardımçı olmuşlar. Aparıcı elmi mərkəzdə “Azərbaycanda yayılan kiçik qaraqaytaran (Thalictrum minus L.) bitkisi alkaloidlərinin kimyəvi-toksikoloji tətqiqi” mövzusunda dissertasiya elmi tədqiqat işimin incəlikləri tərəfimdən mənimsənilmişdir.