Azərbaycan Tibb Universitetinin əməkdaşları yoluxucu xəstəliklərin profilaktikasına dair maarifləndirmə layihəsində iştirak edirlər. “İnkişafa Doğru İnteqrasiya” İctimai Birliyinin icra etdiyi layihə çərçivəsində ATU-nun həkimləri müxtəlif mövzulara dair televiziya verilişlərində çıxış edirlər.
Layihə çərçivəsində “İmmunitet” proqramının qonağı olan Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının assistenti, infeksionist Nilufər Məmmədova bir dünya üzrə 36 milyondan çox daşıyıcısı olan HİV virusundan söz açılıb. Qeyd edib ki, bu xəstəlik hələ də aktuallığını qoruyur. HİV virusu, onun QİÇS-ə çevrilməsinə zəmin yaradan şərtlər, yoluxma yollarını bildikdə, bu təhlükəli virusdan qorunmaq mümkündür. Bir fəsadı da onkoloji xəstəliyə çevrilməsi ilə bağlıdır. “Xüsusi müayinələr var ki, onları həyata keçirmək vacibdir. Özünü bəlli edən əlaməti olmadığına görə bəzən bu virusu vaxtında aşkarlamaq olmur. Xəstəlik uzun müddət heç bir simptom olmadan irəliləyə bilər”.
Qeyd edib ki, cinsi partnyoru tez-tez dəyişən şəxslər, heteroseksuallar, cinsi pozğunluğu olanlarda bu virusa yoluxma riski böyükdür. Bu zaman qadın və ya kişi olmasından asılı olmayaraq, bu cür həyat təri keçirən şəxslərin hamısı ölümcül virus təhlükəsi ilə üz-üzə qalır.
Verilişə türkiyəli mütəxəssis Fatma Bozkırt da onlayn şəkildə qoşularaq Türkiyədəki praktika haqqında danışıb. Proqramın sonunda HİV/AİDS-lə bağlı süjet də təqdim olunub. Qeyd olunub ki, Azərbaycan HİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir.
Qeyd edək ki, proqram Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihə çərçivəsində hazırlanıb.