Bu gün Azərbaycan Tibb Universitetində (ATU) Ümummilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş rezidentlərin elmi-praktik konfransı keçirilib. Bu dəfəki toplantı ölkəmizdə rezidenturanın yaradılmasının 10 illiyinə həsr olunub.
Konfransda açılış nitqi ilə çıxış edən ATU rektoru, professor Gəray Gəraybəyli qeyd edib ki, hər bir ölkədə əhalinin rifahının əsas göstəricilərindən biri səhiyyənin inkişaf səviyyəsi ilə bağlıdır: “Səhiyyənin inkişafının başlıca şərtlərindən biri isə tibb təhsilinin keyfiyyətidir. Bunu nəzərə alaraq, ümummilli lider Heydər Əliyev tibb təhsilinə böyük diqqət yetirirdi. Azərbaycan Tibb Universitetinin yeni tədris binalarının tikilməsi, universitet klinikalarının istifadəyə verilməsi bu diqqət və qayğıya bariz nümunədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yüksək dərəcəli tibb kadrlarının hazırlığı üzrə bu kursu layiqincə davam etdirdi. Bu siyasət tibb təhsili üçün şəraitin və imkanların yaradılması ilə yanaşı, bu sahədə köklü islahatların aparılması ilə özünü göstərdi. Bu islahatlardan biri də on il əvvəl tibb təhsilində rezidentura pilləsinin təsis edilməsi oldu”.
Rektor professor G.Gəraybəyli qeyd edib ki, rezidentura təhsil pilləsinin yaradılması tələbələrinin müstəqil praktikaya daha yetkin tibb mütəxəssislər olaraq başlaması, seçdikləri ixtisası daha dərindən, elmi tədqiqat səviyyəsində öyrənməsinə şərait yaradır. Bu addım həm də ölkəmizin dünya tibb təhsili sisteminə uyğunlaşması, müasir səhiyyə modelinə uyğun formalaşması deməkdir.
Rektor son iki illik müddətin həm ölkə səhiyyəsi üçün, həm də Azərbaycan Tibb Universiteti üçün çətin sınaqlar dövrü olub. Dünyanı bürüyən yeni növ koronovirusla mübarizədə Azərbaycanın tibb işçiləri - həkimlər, tibb bacıları, laboratoriya işçiləri və digərləri əsl fədakarlıq nümayiş etdirdilər: “Qürurluyuq ki, bu qəhrəmanlar ordusunun böyük bir qismini ATU-nun məzunları, professor-müəllim heyəti, rezidentləri təşkil edirdilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında rəşadətli ordumuzun şanlı zəfər qazanaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi ATU üçün daha bir sınaq oldu. 44-günlük Vətən müharibəsi dövründə və ondan sonra əməkdaşlarımızın əzmkarməməyi yüzlərlə qəhrəman döyüşçümüzü həyata qaytardı, bu gün normal yaşamasını təmin etdi. Bu işdə də rezidentlərimiz fədakarlıqla çalışdılar”.
Rektor professor G.Gəraybəyli çıxışının sonunda Azərbaycan Tibb Universitetinin qarşısında duran böyük və məsuliyyətli vəzifənin - ölkə səhiyyəsi üçün sadəcə ali təhsilli kadrlar deyil, dünya səviyyəli, təbabət elminin yeniliklərindən xəbərdar olan, yüksək ixtisaslı tibb mütəxəssisləri hazırlamaq işi uğrunda şərəflə çalışdığını vurğulayıb.
İ.M.Seçenov adına Birinci Moskva Tibb Universitetinin Bakı filialının rektoru, professor Əziz Əliyev “ATUREK 10” konfransının ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunduğunu, ulu öndərin bütün ali fəaliyyəti boyu səhiyyəyə xüsusi diqqət yetirdiyini, onun təşəbbüsü ilə bir çox tibb müəssisələri istifadəyə veriliyini vueğulayıb. Natiq qeyd edib ki, məhz həmin dövrdə milli həkim kadrlarının Avropa, Amerika, Rusiya və s. Ölkələrin nüfuzlu tibb müəssisələrində təhsil almalarına şərait yaradılıb. Həmin siyasəti davam etdirən cənab prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə Azərbaycan Tibb Universitetinin, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri İnstitutunun, milli onkologiya Mərkəzi, Akademik Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzinin, Yeni Klinika, Mərkəzi Klinika və s. həmçinin bütün dövlət xəstəxanalarının maddi-texniki bazaları genişlənib. Həmçinin, respublikada tibbi təhsilin daha təkmilləşməsi, nüfuzlu dünya ölkələri ilə əməkdaşlıqların genişlənməsi məqsədi ilə İ.M.Seçenov adına Birinci Moskva Tibb Universitetinin Bakı filialı yaradılıb.
Ə.Əliyev qeyd edib ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi ilə yaradılan filialda ilk dəfə olaraq böyük simulyasiya mərkəzi fəaliyyətə başlayıb. 2021-22-ci tədris illərində İ.M.Seçenov adına Birinci Moskva Tibb Universitetinin Bakı filialı rezidenturaya 13 ixtisas üzrə 20 yerə qəbul olub.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Təranə Əhmədova çıxışında koronovirusla mübarizə dövründə və 44 günlük Vətən müharibəsində tibb işçilərinin nümayiş etdirdiyi cəsarət və fədakarlıq barədə danışıb. Həmin dövrdə hər kəsə nümunə olan səhiyyə işçiləri arasında rezidentlərin də olduğunu xatırladıb.
ATU-nun rezidentura və magistratura şöbəsinin müdiri, professor Məlahət Sultanova rezidentlərin fərdi inkişafı baxımından ATUREK konfransının mühüm rol oynadığını bildirib. M.Sultanova ATUREK-10 konfransının proqramı haqqında məlumat verərək tədbirdə səhiyyənin müxtəlif mövzularını əhatə edən çıxış və müzakirələrin aparılacağını bildirib.