Böyük Elmi Şurada çıxış edən professor Gəray Gəraybəyli yeni tədris ilindən nizam-intizam məsələlərinə xüsusi diqqət yetiriləcəyini vurğulayıb
Azərbaycan Tibb Universitetinin Böyük Elmi Şurasının növbəti iclası mayın 5-də keçirilib. İclası universitetin rektoru, professor Gəray Gəraybəyli açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
Əvvəlcə ötən ilin yekunlarına dair ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyovun hesabat məruzəsi dinlənilib.
Ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, diplomatik addımları, müzəffər ordumuzun gücü hesabına xalqımızın böyük zəfər qazandığını, 2020-2021-ci illərin ölkəmiz üçün yaddaqalan illər olduğunu söyləyən prorektor, eyni zamanda COVID-19 cəbhəsində gedən müharibənin də uğurla nəticələndiyini vurğulayıb.
O, ölkə üzrə təhsil prosesinin onlayn və distant formatda həyata keçirildiyini və Azərbaycan Tibb Universitetinin bu ağır sınaqdan da az itkilərlə çıxmağı bacardığını qeyd edib. Həmçinin buraxılış imtahanlarının karantin rejiminin tələblərinə uyğun şəkildə təşkilindən, tələbələrin istəklərinə əsasən, tədris prosesində bir çox yeniliklərin tətbiqindən söz açıb.
Hesabat dövründə Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, digər dövlət qurumları və müxtəlif təşkilatlardan ATU-ya daxil olan müraciətlərin, sorğuların vaxtında cavablandırıldığını, qaldırılan məsələlərlə bağlı müvafiq tədbirlərin görüldüyünü deyən prorektor, bu müddətdə icra olunan layihələr haqqında da ətraflı məlumat verildiyini xatırladıb. Bildirib ki, “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” dövlət proqramının həyata keçirilməsi ilə bağlı ATU-da təşkil edilmiş tədbirlər, COVID-19 virusuna qarşı aparılan profilaktik peyvəndləmə haqqında məlumatlar aidiyyəti orqanlara təqdim olunub. Bundan əlavə, “Milli Tərbiyə Konsepsiyası – Milli Profil” konsepsiyası haqqında rəy, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üzrə 2021-2025-ci illər üçün Milli Fəaliyyət Planı”na dair təkliflər hazırlanıb.
Z.Musabəyov 2021-ci ildə Azərbaycan Tibb Universitetinin Beynəlxalq Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliklə (Independent Agency For Accreditation and Ratıng) müqavilə imzalamasını ən önəmli hadisə kimi qiymətləndirib: “Bu müqavilə əsasında ATU-nun tədris proqramlarının akkreditasiyadan keçməsi prosesinə başlanıldı. Azərbaycan Tibb Universiteti üç proqram üzrə (müalicə işi, stomatologiya və əczaçılıq) uğurla akkreditasiyadan keçdi və 5 illik sertifikat qazandı. ATU-nun tədris proqramlarının akkreditasiya olunması diplomların dünyada tanınma coğrafiyasının genişləndirilməsi istiqamətində mühüm addımlardan biridir”.
Hesabat məruzəsində ATU-nun rəsmi saytının və rəsmi media orqanı olan “Təbib” qəzetinin həm məzmun, həm də dizaynında mühüm dəyişikliklərin edilməsi haqqında fikirlər də öz əksini tapıb. Bildirilib ki, görünüşü daha da modernləşdirilən saytın funksionallığı, həmçinin beynəlxalq akkreditasiya qurumunun tələblərinə uyğun olaraq yaddaşı artırılıb. Tədrisə aid bir çox sənədlər elektron formatda sayta yerləşdirilib.
Qeyd olunub ki, “Təbib” qəzetində universitet həyatı, o cümlədən tədrisin təşkili, həkimlərimizin fəaliyyəti daha dolğun və operativ şəkildə işıqlandırılır. Eləcə də ATU-nun şəhidləri haqda araşdırma məqalələr hazırlanaraq oxuculara təqdim olunur, müxtəlif rubrikalar altında tələbələrimizə tez-tez yer verilir. Görülmüş optimallaşdırıcı tədbirlər nəticəsində qəzetin çap xərcində də xeyli qənaətə nail olunub.
Hazırda “Təbib” qəzetinin məzmun və tərtibatına görə respublika səviyyəli nəşrlərdən geri qalmadığını vurğulayan prorektor, kafedra rəhbərlərini və professor-müəllim heyətini qəzetlə daha fəal əməkdaşlıq etməyə çağırıb.
Məruzəsində ATU-nun Tələbə Gənclər Təşkilatının, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü və ATU rəhbərliyinin dəstəyilə həyata keçirilən “Rezidenturaya birlikdə hazırlaşaq” layihəsinə də toxunan Z.Musabəyov, bir neçə ay boyunca tələbə və məzunların rezidentura imtahanına hazırlıq prosesinə dəstək olmaq məqsədi ilə tam ödənişsiz formada silsilə onlayn görüşlər təşkil edildiyini bildirib: “Tədbirlərdə izah olunan mövzular imtahanı əhatə edib və iştirakçıların imtahanda daha yaxşı nəticə əldə etməsinə müsbət təsir göstərib. Layihənin 1000-dən çox iştirakçısı, tədbirlərin isə ümumilikdə onlayn şəkildə 7 mindən çox izləyicisi olub. Layihənin yekununda ATU-nun rektoru, professor Gəray Gəraybəyli təşkilatçıları və icraçıları qəbul edib. Layihədə aktiv şəkildə iştirak edən, mövzuları izah edən, iştirakçıların suallarını hərtərəfli cavablandıran müəllim-ekspertlərə təşəkkürnamələr təqdim olunub”.
Çıxışında şəhid məzunlarımızın xatirəsinə həsr olunmuş tədbirlərə də geniş yer ayıran məruzəçi, ATU-nun Hərbi tibb fakültəsinin kitabxanasına 44 günlük Vətən müharibəsində şəhid olan tibb xidməti leytenantı, universitetimizin məzunu Turqut Xəlilbəylinin adının verildiyini deyib: “Turqut Xəlilbəylinin şəxsi kitabları onun guşəsində yerləşdirilib. Kitabxanada ATU-nun digər şəhid məzunlarına həsr olunmuş guşələr də yaradılıb. Hərbi tibb fakültəsinin nəzdində yerləşən bütün mühazirə zallarına şəhid məzunların adları verilib. Universitetimizin həyətində şəhidlərimizin adları həkk olunmuş abidənin açılışı keçirilib”.
Tələbələrimizin respublika səviyyəli müxtəlif yarışlarda iştirakından və idman uğurlarından da danışan Z.Musabəyov, rəhbərlik etdiyi prorektorluğun həm də universitetdə, tələbələr arasında maarifləndirmə tədbirlərinə nəzarət işlərini həyata keçirdiyini vurğulayıb. Bildirib ki, ölkəmizdə gənclər arasında intihar hallarının baş verməsi hər kəsdə narahatlıq yaradır: “Bu məsələ ilə bağlı müvafiq orqanlardan daxil olan məktub əsasında zəruri maarifləndirmə işləri aparılıb. Yuxarı kurs tələbələri arasında I Mamalıq və ginekologiya kafedrasının əməkdaşları tərəfindən “Sağlam həyat və reproduktiv sağlamlıq” mövzusunda interaktiv tədbir təşkil olunub. Psixiatriya kafedrasının təşəbbüsü ilə psixoaktiv maddələrdən asılılığın ilkin profilaktikası məqsədilə müxtəlif fakültələrin tədris proqramları çərçivəsində gənc nəslin psixoaktiv maddələrə qarşı münasibətinin dəyişməsinə yönəlmiş maarifləndirmə üsulları təbliğ edilib. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” və “Məişət zorakılığının qarşısının alınması sahəsində birgə Tədbirlər Planı” çərçivəsində həyata keçirilib. Tədris Cərrahiyyə Klinikasında “Hərbi şəraitdə, odlu silah yaralanmaları və digər zədələnmələrə yanaşma prinsipləri” mövzusunda seminarın təşkilinə ehtiyac duyulub, bu haqda proqram tərtib edilərək məruzəçilərlə razılaşdırılıb”.
Humanitar aksiyalar, tələbə aktivliyinin stimullaşdırılmasi istiqamətində görülən işlərdən də bəhs edən prorektor, Z.Musabəyov çıxışının sonunda Elmi Şura üzvlərini İntizam Komissiyasinin fəaliyyəti barədə məlumatlandırıb. Onun sözlərinə görə, il ərzində 12 nəfərə xəbərdarlıq edilib, 4 nəfərə töhmət, 2 nəfərin isə əmək müqaviləsinə xitam verilib. Komissiya tərəfindən kafedralarda müxtəlif reydlərin keçirildiyini və bu cür reydlərin gələcəkdə də davam edəcəyini söyləyən prorektor, professor-müəllim heyəti ilə etika və deontologiya mövzularında söhbətlər aparılmasının vacibliyini də diqqətə çatdırıb.
Uşaq stomatologiyası kafedrasının müdiri, professor Rəna Əliyeva, Dermatovenerologiya kafedrasının müdiri, professor Fərid Mahmudov və İctimai səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev hesabat məruzəsində toxunulan məsələlərlə bağlı fikirlərini bölüşüblər. Məruzədə görülən işlərin dərin analizinin aparıldığını, həm nailiyyətlər, həm də çatışmazlıqların əks olunduğunu vurğulayan natiqlər əməkdaşların nizam-intizamı və tələbələrin dərsə davamiyyətinin daim diqqət mərkəzində saxlanıldığını bildiriblər. Çıxış edənlər müvafiq sahə üzrə yönləndirilən müraciətlərin araşdırılmasında və problemlərin öz həllini tapmasında da prorektorluğun işini yüksək qiymətləndiriblər.
Məruzə və çıxışlarda səslənən fikirlərə münasibət bildirən professor Gəray Gəraybəyli, Elmi Şuranın iclaslarında müxtəlif sahələrə cavabdeh olan prorektorların hesabat məruzələrinin dinlənilməsini müsbət hal kimi dəyərləndirib. Onların kurasiya etdikləri sahələrə ciddi yanaşmalarının zəruriliyini önə çəkən rektor, bu nöqteyi-nəzərdən universitetimizdə kifayət qədər çoxşaxəli işlərin görüldüyünü və görülməkdə olduğunu vurğulayıb.
Çıxışında ictimai təşkilatlarla əməkdaşlığın vəziyyətinə də toxunan rektor qeyd edib ki, son vaxtlar həmin qurumlarla əlaqələrimizi daha da gücləndirməyə çalışırıq: “Çünki fakültələrin və kafedraların idarəçiliyində, imtahan prosesində, kadr siyasətində, eləcə də digər məsələlərdə şəffaflığa nail olmaq üçün ictimai təşkilatlarla əlaqələr genişləndirilməlidir. Bu həm müasir dövrün, həm də beynəlxalq akkreditasiya, reytinq şirkətlərinin tələbidir. Universitetin idarəçiliyində, həmçinin müxtəlif məsələlərin monitorinqində tələbələrin rolu kifayət qədər artmalıdır. Universitetdə gedən tədris prosesi ilk növbədə tələbələr üçündür. Necə ki bizim məhsulumuz tələbələrdir, bizə qiymət verən də tələbələr olmalıdır”.
Professor G.Gəraybəyli pandemiya dövründə tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsinə diqqətin təbii olaraq azaldığını söyləyərək bildirib ki, artıq bu məsələyə yenidən baxılmalıdır. Rektor ictimai rəyə, xüsusən də gənclərə təsir edə bilən tanınmış insanları universitetimizə dəvət etməyin vacibliyini də söyləyib və bunu tərbiyə işinin bir istiqaməti kimi səciyyələndirib.
“Təbib” qəzeti haqqında deyilən müsbət fikirləri təqdir edən universitetin rəhbəri bəzi mətləblərə də aydınlıq gətirib. Bu barədə qəzetin baş redaktoru ilə müzakirələr apardığını diqqətə çatdıraraq, qeyd edib ki, hər bir əməkdaşın istənilən mövzuya dair fikir bildirmək haqqı var. Ancaq yaxşı olar ki, məqalələr qəzetdə işıqlandırılmamışdan öncə kafedralarda müzakirə olunsun.
Universitetin yataqxanalarında yaşayan tələbələrlə mənəvi söhbətlərin aparılmasını da vacib hesab edən rektor, hörmətli professorlarımızın, xanım əməkdaşlarımızın mümkün olduğu qədər tez-tez tələbələrlə qeyri-rəsmi formatda görüşmələrini tövsiyə edib.
Artıq 3-cü ildir ki, akademik Zərifə Əliyevanın və ulu öndər Heydər Əliyevin ad günü ərəfəsində xeyriyyə aksiyaları təşkil edən Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılova təşəkkürünü bildirən rektor, yekun nitqində İntizam Komissiyasının fəaliyyətini də yüksək qiymətləndirib və yeni tədris ilindən nizam-intizam məsələlərinə xüsusi diqqət yetiriləcəyini vurğulayıb.
Bundan sonra digər məsələlər müzakirəyə çıxarılıb. Təhsilalanların biliyinin ölçmə-qiymətləndirmə sistemində dəyişikliklər barədə şura üzvlərinə məlumat verilib.
2022-2023-cü tədris ilindən etibarən, “Epidemiologiya” kafedrasının “Epidemiologiya və biostatistika” adlandırılması, “Tibb təhsili və innovasiya”, “Tədris və təhsildə keyfiyyət təminatı” şöbələrinin bazasında müvafiq olaraq “İnnovasiya və keyfiyyətin idarə olunması”, “Tədris” şöbələrinin yaradılması qərara alınıb.
Həmçinin Apellyasiya Komissiyasının Əsasnaməsinin qəbul edilməsinə razılıq verən Elmi Şura, sonda elmlər doktoru işlərinin mövzusunu və elmi məsləhətçisini, eləcə də elmi adları təsdiqləyib.