Tələbəmiz “Gənc tədqiqatçıların V respublika elmi-praktik konfransı”nda çıxış edib

 

Azərbaycan Tibb Universitetinin Farmakologiya fakültəsinin I-ci kurs tələbəsi Ələkbərzadə Riad “Şəxsin autentifikasiya üsullari və həlləri haqqında” mövzusunda “Gənc tədqiqatçıların V respublika elmi-praktik konfransı”na tezis təqdim edib. Elmi işin rəhbəri, araşdırmanın aparılmasında və tezisin yazılmasında iştirak etmiş Tibbi və bioloji fizika kafedrasının dosenti İlqar Aslanovdur.

Son illər biometriyaya maraq öz bioloji məlumatlarından istifadə edərək bir insanı müəyyən etmək mümkünlüyü ilə bağlıdır. Mövzunun aktuallığı da biometrik texnologiyaların insan şəxsiyyətinin bioloji xüsusiyyətləri və ya əlamətlərini əsas götürərək avtomatik və ya avtomatlaşdırılmış üsullardan istifadə imkanının yaradılması ilə bağlıdır. Elmi işdə biometriyanın aktiv istifadə olunduğu sahələr və yeni istiqamətlər vurğulanır, texnologiyanın dəqiqlik göstəriciləri nəzərdən keçirilir, biometrik identifikasiya alqoritmlərinin keyfiyyət göstəriciləri araşdırılır.

Azərbaycan Universitetində keçirilən sözügedən konfransda R.Ələkbərzadə müvafiq seksiyada məruzə ilə çıxış edib. Bu mövzuda həm bioloji, həm də informasiya texnologiyaları elmi istiqamətlərinin əhatə olunması iştirakçıların marağına səbəb olub. Bununla bağlı tələbəmiz konfrans iştirakçılarının çoxsaylı suallarına cavab verib və sertifikatla təltif edilib. Hətta bölmənin sədri və moderatoru olan Asif Paşayev işin davam etdirilərək tətbiq sahələrinin daha genişləndirilməsini tövsiyə edib. Onu da bildirək ki, konfransın çap edilmiş materiallar toplusuna tələbimizin tezisi da daxil olunub.