ATU-nun Əsaslı Kitabxanası EBSCO bazasından bəhrələnmək imkanı yaradır

 

       Bu gün hər yerdə olduğu kimi, Azərbaycan Tibb Universitetinin Əsaslı Kitabxanasında da informasiya təminatının yeni formaları həyata keçirilir. 2004-cü ildə Bakı Dövlət Universitetinin Elmi Kitabxanasının təşəbbüsü əsasında ATU-nun Əsaslı Kitabxanası və Xəzər Universitetinin kitabxanası ilə birlikdə Açıq Cəmiyyət İnstitutu tərəfindən Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (Az.KiK) yaradıldı. Konsorsium EİFL.net beynəlxalq konsorsiumunun üzvüdür.

Hazırda ATU-nun Əsaslı Kitabxanası 25-dən çox üzvü olan  Konsorsium çərçivəsində fəaliyyətini davam etdirir. Az.KiK-in ən böyük layihələrindən biri EBSCO elektron nəşriyyat bazasına üzvlükdür. Bazaya üzvlük ödənişlidir.

Əsaslı Kitabxananın internet resursları üzrə bölmə müdiri Solmaz Əzizova bildirib ki, bu məsələ ATU rəhbərliyinin diqqət mərkəzindədir: “Hər il üzvlük haqqının universitetimizə bölünən hissəsinin vaxtında ödənilməsi fəaliyyətimizə müsbət təsir edir. Qeyd edək ki, EBSCO elektron məlumat bazası aparıcı nəşriyyatların əlaqələndiricisi kimi dünyanın müxtəlif yerlərində nəşr olunan sənədlərin elektron variantlarını oxuculara təqdim edir. Baza 14 elmi istiqamətdə kitab və jurnalların məlumat bazasına giriş təqdim edir. EBSCO-nun 375-dən çox müxtəlif elmi-tədqiqat bazasının resurslarına, o cümlədən 110  mindən çox elmi jurnal və 21 mindən çox elektron kitaba vahid nöqtədən çıxış imkanı var. Oxucuların http://search.ebscohost.com saytına rahat şəkildə daxil olması məqsədilə amu.edu.az saytının əsas səhifəsində EBSCO pəncərəsi yerləşdirilib. Pəncərə açılanda istifadə qaydası ilə tanış olaraq keçid vasitəsilə bazaya keçid etmək olar. Burada nüfuzlu beynəlxalq jurnallarda çap olunan məqalələrin PDF və HTML formatında tam mətnini əldə etmək mümkündür. Saytda HTML formatında olan məqalələr 1 dəqiqə ərzində istənilən dilə (Azərbaycan dili də daxil olmaqla) tərcümə edilir”.

Qeyd edək ki, oxucular bu bazadan universitetin hüdudları daxilində İP-lərə qoşulmuş kompüterlərdə istifadə edə bilərlər. Bura daxildir:  administrativ, tədris binaları və 4 klinika (Tədris Cərrahiyyə, Tədris Terapevtik, Onkoloji və Stomatoloji). Bundan başqa, Əsaslı Kitabxananın Virtual oxu zalındakı kompüterlərdə sözügedən bazaya çıxış mövcuddur. Hər hansı texniki problem zamanı kitabxananın əməkdaşlarına müraciət etmək tövsiyə olunur.