Həkimlərin auditoriyasında dünya şöhrətli yazıçı ilə görüş

 

 

Mayın 20-də Azərbaycan Tibb Universitetində “Şöhrət” və “Şərəf” ordenli xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin I katibi, hüquq elmləri doktoru Çingiz Abdullayevlə görüş keçirilib.

Universitetin Tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov görüşü açaraq, ilk növbədə görkəmli yazıçıya rektor, professor Gəray Gəraybəylinin, professor-müəllim heyəti və tələbələrin salamlarını çatdırıb. O nəinki bütün dünyada ən çox tanınan, eyni zamanda ən çox sevilən, ən çox oxunan müəlliflərdən biri olan Çingiz Abdullayevlə bu görüşü Azərbaycan həkimlərinin səbirsizliklə gözlədiklərini söyləyib. Onların dəvətini qəbul edərək böyük sevgi ilə universitet auditoriyasının görüşünə gələn məşhur qonağa tədbir iştirakçıları adından təşəkkürünü bildirib və tribunaya dəvət edib.

Auditoriya qarşısında heç vaxt oturub danışmadığını, bir dəfə Opera səhnəsində 600 nəfərlə görüş zamanı 6 saat ayaq üstə dayandığını xatırladan Çingiz Abdullayev çıxışına başlayar-başlamaz tamaşaçılarda böyük ruh yüksəkliyi yaradıb. İlk təmasdan auditoriyanı canlı ünsiyyətə kökləyərək, istənilən suala cavab verməyə hazır olduğunu vurğulayıb. Gah şirin zarafatları ilə dodaqlara gülüş qonduran, gah duyğulu məqamları bölüşməklə gözləri yaşardan istedadlı yazıçı bu auditoriyada bir az ehtiyatla danışmağa məcbur olduğunu da gizlətməyib: “Zülfüqar müəllim demədi. Uşaqlıqda biz bir həyətdə böyümüşük. Bu zalda əyləşən kafedra müdiri, professor Fərid Mahmudovla birnci sinifdən bir yerdə oxumuşuq. Ona görə yalan da danışa bilmərəm, çünki burada məni 50-60 ildir tanıyan şahidlər var”.

Haqqında gəzən şaiyələrə də təmkinini pozmadan aydınlıq gətirən tanınmış yazıçı anasının bakılı, atasının qarabağlı olduğunu bildirib və Vladimir Solovyovun verilişindəki məşhur çıxışından da danışıb.

Ç.Abdullayev hal-hazırda 4 xalq şairi və 8 xalq yazıçısının təmsil olunduğu Azərbaycan Yazıçılar Birliyinin ədəbiyyat tariximizdəki əvəzsiz rolundan bəhs edərək, 1990-cı ilin Qanlı Yanvarı haqqında kitabın hansı şəraitdə yazılmasının geniş ictimaiyyətə məlum olmayan bəzi məqamlarını da açıqlayıb.    

Xalq yazıçısı yaradıcılığının əsas istiqamətlərindən söhbət açıb, gənclərə klassik və müasir yazıçılarımızın əsərlərini, dünya ədəbiyyatını oxumağı tövsiyə edib. O, ölkəmizdə qürur duya biləcəyimiz yeni nəslin yetişdiyini, gənclərimizin xalqın mədəni inkişafı naminə böyük işlər gördüklərini, Vətən müharibəsində xüsusi qəhrəmanlıq göstərdiklərini minnətdarlıq hissi ilə yada salıb.

Ç.Abdullayev onu da qeyd edib ki, yazıçı beyninin məhsulu olan əsərlər hansı dildə yazılmasından asılı olmayaraq oxucunun ruhunu oxşamalı, mənəvi tələbatını ödəməlidir, vacib məqam yazarın dünya miqyasında qəbul olunması və oxucu kütləsi qazanmasıdır. O daha çox dedektiv janrda yazan yazıçı kimi kimi tanınmasına da münasibət bildirərək, “Abırlı adam” kitabını oxumağı məsləhət görüb: “Əgər onu oxusanız başa düşəcəksiniz ki, mən ümumiyyətlə dedektiv yazmıram”.

Görüş zamanı Ç.Abdullayevin yaratdığı "Dronqo" obrazının milyonlarla oxucu tərəfindən sevildiyi, bu obrazın öz sələfi olan detektiv qəhrəmanlarının bir çox müsbət keyfiyyətlərini özündə birləşdirdiyi diqqətə çatdırılıb. Görkəmli yazıçının əsərlərinin təkcə Azərbaycanda deyil, dünyanın yüzlərlə ölkəsində böyük məhəbbətlə oxunduğu dönə-dönə vurğulanıb.

Xalq yazıçısı Çingiz Abdullayev bu görüşün təşkili üçün Azərbaycan Tibb Universitetinin rəhbərliyinə təşəkkürünü bildirib.

Bundan sonra yazıçıya universitet kollektivi adından xüsusi hədiyyə təqdim olunub.

Tədbirin sonunda yazıçı görüş iştirakçılarının çoxsaylı suallarını cavablandırıb və oxucuların özləri ilə gətirdikləri kitabları imzalayıb.