Azərbaycanda ilk dəfə

Azərbaycanda ilk dəfə “Üzün inkişafı, quruluş xüsusiyyətləri və disseksiyası” mövzusunda elmi-təcrübi seminar keçirilib

 

İyunun 17-də ATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrasında ölkəmizdə ilk dəfə olaraq “Üzün inkişafı, quruluş xüsusiyyətləri və disseksiyası” mövzusunda elmi-təcrübi seminar keçirilib.

Seminarı giriş nitqi ilə açan Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyətinin sədri, Rusiya Elmlər Akademiyasının akademiki, əməkdar elm xadimi, professor Vaqif Şadlinski tədbir iştirakçılarını salamlayıb. O, İnsan anatomiyası və tibbi terminologiya kafedrasına uzun illər rəhbərlik etdiyini və bu müddətdə kafedrada əldə olunan nailiyyətləri diqqətə çatdırıb. Anatomiya elminin tibb təhsilindəki əvəzsiz rolunu önə çəkən akademik vurğulayıb ki, dünyada məşhur olan bir çox görkəmli mütəxəssislər məhz bu kafedranın yetirmələridir.

Tədbirin burada keçirilməsinin təsadüfi olmadığını deyən V.Şadlinski bildirib ki, qeyd olunan mövzu əhəmiyyətinə görə çox aktualdır: “Tibb elmini anatomiyasız təsəvvür etmək mümkün deyil. Bu elm tibbin əsası sayılır və bəzi ölkələrdə fiziologiya ilə birlikdə tədris olunsa da, ölkəmizdə ayrıca elm sahəsi kimi fəaliyyət göstərir. Anatomiya insan orqanizminin orqanları, toxumaları, hüceyrələrinin quruluşunu və formasını öyrənən elmdir. Əgər kimsə yaxşı plastik cərrah və yaxud həkim-kosmetoloq olmaq istəyirsə, anatomiyanı mükəmməl öyrənməlidir”.

V.Şadlinski çıxışının sonunda Tibbi biologiya və genetika kafedrasının müdiri, dosent Vaqif  Kərimovu yubileyi münasibətilə təbrik edib və ona Nəsimi rayon Ağsaqqallar Şurasının təşəkkürnaməsini təqdim edib.

Sonra mövzuya dair çıxışlara yer verilib. “Üzün müxtəlif deformasiyalarının estetik və rekonstruktiv əməliyyatları” mövzusunda çıxış edən Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, professor Vaqif Qələndərli indiyədək apardığı mürəkkəb dərəcəli plastik əməliyyatlar barədə məlumat verib və bu sahədə qazandığı nailiyyətləri, əldə etdiyi təcrübəni tədbir iştirakçıları ilə bölüşüb. O bildirib ki, bəzən travmalar nəticəsində insanda elə qüsurlar əmələ gəlir ki, bu, kompleks yaradır və gündəlik həyat tərzinə mənfi təsir göstərir. Lakin belə insanlar əməliyyatdan sonra özlərini daha rahat hiss edirlər.

Estetik əməliyyatlar içərisində birinci yerdə burun rinoplastikasının dayandığını söyləyən mütəxəssis bildirib ki, bu məqsədlə ona ən çox qadınlar müraciət edir. Həkim belə əməliyyatlar üçün ideal yaşın 18-dən 60-dək olduğunu deyib və yalnız gözəllik xatirinə vaxtından əvvəl əməliyyat etdirməyə ehtiyac görmədiyini vurğulayıb.

Bundan sonra İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, dosent Anar Abdullayev “Üzün İnkişafı. Üz əzələlərinin formalaşması”, "Aesthetic & Wellness World Academy" və "Aesthetic & Wellness Association" ictimai birliyinin təsisçisi Həcər Cəfərova isə “Kosmetologiyanın inkişafı və əhəmiyyəti” mövzularında çıxış ediblər.

Məruzələrdə qeyd olunub ki, bu gün estetik kosmetologiyanın müəyyən aspektlərə görə cərrahi əməliyyatlarla rəqabət apara bildiyini söyləmək mümkündür. “Disseksiya kadavrası” kursu tətbiqi anatomiya sahəsində yeni biliklər əldə etməyə, inyeksiya texnikasını təkmilləşdirməyə, fəsadların mexanizmlərini və onların qarşısının alınması üsullarını başa düşməyə imkan verən praktiki öyrənmə yanaşmasıdır. Xaricdə, xüsusən də Avropa və Türkiyədə belə kurslar tez-tez təşkil olunur.

Sonra kadavra kurs mütəxəssisi, həkim-stomatoloq, inyeksion kosmetologiya üzrə beynəlxalq təlimçi Səbuhi Əbilovun kursu keçirilib. Onun sözlərinə görə, kursda iştirak edən hər bir mütəxəssis öz peşə fəaliyyətində yüksək nəticələr əldə etmək imkanı qazanır: “Kursun iştirakçıları üz anatomiyasının quruluşunu, üzün qan damarlarının mürəkkəb quruluşunu, tənəffüs yollarının quruluşunu birbaşa öyrənir. Siz, əlbəttə bütün bunları kitablardan, video yayımlardan öyrənə bilərsiniz, lakin bu, heç bir halda praktik təcrübənizi əvəz edə bilməz. Müasir təhsil sistemində belə bir anlayış var ki, insan siması ilə, üz ilə işləyən mütəxəssislər mütləq şəkildə praktik təcrübə qazanmalıdırlar”.

Sonda tədbir iştirakçıları “Anatomiya muzeyinə” ekskursiya edib və meyit üzərində disseksiya nümayiş olunub.