Qalxanabənzər vəzi əməliyyatlarında sinir monitorinqi rezidentlərə canlı nümayiş olunub
ATU-nun Tədris Cərrahiyyə Klinikasında I Cərrahi xəstəliklər kafedrasının təşkilatçılığı, Rezidentura şöbəsinin, eləcə də TCK-nın dəstəyi ilə “Mən bunu necə edirəm” layihəsi çərçivəsində rezidentlər üçün növbəti mövzuda - “Qalxanabənzər vəzi əməliyyatlarında sinir monitorinqi” adlı təlim-treninq kursu keçirilib.
Adıçəkilən kafedranın müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov tədbiri açaraq, əvvəlcə kafedranın professoru Eldar Əliyevi 60 illik yubileyi münasibəti ilə təbrik edib və ona işlərində uğurlar arzulayıb.
Sözünə davam edən professor N.Bayramov bildirib ki, kafedra tərəfindən həyata keçirilən bu silsilə layihəyə tədris ilinin əvvəlindən başlanılıb və çox uğurlu olub. Layihənin həm həkimlər, həm də rezidentlər üçün səmərəli olduğunu vurğulayan professor qeyd edib ki, bugünkü kurs “Mən bunu necə edirəm”in sayca 17-ci toplantısıdır.
Tədbirdə çıxış edən Türkiyənin MedFliy şirkətinin nümayəndəsi Murat Kiçikörsüz sinir monitorinqi cihazının iş prinsipi haqqında ətraflı məlumat verib. Bildirib ki, qalxanabənzər vəzi əməliyyatında bu cihazın funksiyası səsi qorumaqdan ibarətdir. Çünki səs tellərinə gedən sinirlər qalxanabənzər vəzinin arxasından keçir. Həmin sinirlərin funksional vəziyyəti məhz bu cihaz vasitəsilə müəyyən edilərək qorunur. Beləliklə də xəstədə əməliyyatdan sonra hər hansı bir dəyişiklik baş vermir.
Bundan sonra həmin cihazın tətbiqi ilə I Cərrahi xəstəliklər kafedrasının assistenti, endokrinoloq-cərrah Azər Hümmətov tərəfindən üç xəstə üzərində canlı şəkildə “Total trioidektomiya zamanı sinir monitorizasiyası” əməliyyatı icra olunub. Həyata keçirilən əməliyyat uğurla başa çatıb. Hər üç xəstənin səslərində əməliyyatdan sonra heç bir problem olmayıb.
Qeyd edək ki, təlim kursu professor Nuru Bayramov və həmin kafedranın assistenti Elman Əzimovun moderatorluğu ilə baş tutub.