IV Bakı Beynəlxalq Humanitar Forumu keçirilib
Oktyabrın 3-də "Four Seasons" otelində dördüncü Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə" mövzusunda "dəyirmi masa" keçirilib.
"Dəyirmi masa"ya Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı akademik Əhliman Əmiraslanov moderatorluq edib. Mövzunun aktuallığından danışan Ə. Əmiraslanov diqqətə çatdırıb ki, tədbirdə molekulyar biologiyanın nailiyyətləri və perspektivləri ətrafında geniş müzakirələr aparılacaq.
Tədbirdə yerli mütəxəssislərlə yanaşı, 6 Nobel mükafatçısı məruzələrlə çıxış ediblər. "Müasir mərhələdə molekulyar biologiyanın nəzəri və tətbiqi aspektləri" mövzusunda bölmə iclasında professor Keri Benks Mullis biotexnologiyanın yaranma tarixindən, müxtəlif ölkələrdə bu sahədə aparılmış tədqiqatlardan, eləcə də öz təcrübələrindən danışıb. Molekulyar biologiyanın yüksək elm sahəsinə çevrildiyini diqqətə çatdıran alim qeyd etdi ki, biotexnologiyalar artıq həyatımızın bütün sahələrinə nüfuz edib.
Azərbaycana səfərindən məmnunluğunu bildirən professor Ariye Varşel isə kompüterin bioloji molekulların funksiyasının öyrənilməsi və xəstəliklərlə mübarizədə istifadəsindən və bu istiqamətdə əldə olunmuş nailiyyətlərdən bəhs edib.
Professor Kurt Vütrix ötən əsrdəki fundamental tədqiqatların XXI əsrdə biologiya və tibbi diaqnostikada əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, fundamental tədqiqatlar elmi tərəqqinin əsasını təşkil edir. Elmin qloballaşdığını bildirən alim belə bir dövrdə dünya elm adamları arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Professor Tomas Kristian Züdhof kök hüceyrələrinin yaradılmasındakı çətinliklərdən, eləcə də kök hüceyrələrinin neyronlara çevrilməsi texnologiyalarından söz açıb.
Sonda IV Bakı Beynəlxalq Humanitar Forumun Bəyannaməsi qəbul edilib. Bəyannamədə Azərbaycan Respublikasının Prezidentinə və Hökumətinə, Heydər Əliyev Fonduna, Bakı Beynəlxalq Humanitar Forumunun bütün təşkilatçılarına belə mötəbər və səmərəli tədbir keçirdiklərinə görə dərin minnətdarlıq elan edilir. Bu Forumun postmodern dövrün əsas dəyəri kimi humanist təcrübəyə əsaslanan multikulturalizmin inkişafına mühüm töhfə verdiyi qeyd olunur.