Gələcək tədqiqatçıların yolu Tələbə Elmi Cəmiyyətindən keçir

Müşfiq Həsənov: Tələbələrlə ardıcıl iş aparılır, müəllimləri həvəsləndirmək üçün isə təqaüd təklifi irəli sürülüb

 

Məlum olduğu kimi, bütün ali məktəblərin prioritet istiqamətlərindən biri də elmi fəaliyyətdir. Bu sahədə ilk addımlar isə yaradıcı tələbələri və onların fəaliyyətinə rəhbərlik edən professor-müəllim heyətini, elmi işçiləri birləşdirən, könüllü ictimai təşkilat olan tələbə elmi cəmiyyətlərində atılır. Tələbə Elmi Cəmiyyətinin işini yüksək səviyyədə təşkil edən ali məktəblər arasında Azərbaycan Tibb Universitetinin xüsusi yeri var.

Bu barədə daha ətraflı məlumatı bizimlə ATU-nun Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri, tibb elmləri doktoru Müşfiq Həsənov bölüşüb. Universitetdə təhsil alan hər bir tələbənin TEC-in üzvü ola bildiyini deyən müsahibimiz qeyd edib ki, elmi tədqiqata ən çox maraq göstərən kontingent təhsil nəticələri yüksək olan tələbələrdir. Təmsil etdiyi ali məktəbin ilk növbədə istedadlı, ixtisaslaşmış kadrlar yetişdirdiyini vurğulayan M.Həsənov, bu baxımdan TEC-in üzərinə mühüm vəzifələr düşdüyünü bildirib: “Biz cəmiyyət üçün təkcə həkim yox, eyni zamanda şəxsiyyət yetişdiririk. Ona görə də TEC-də fəaliyyət göstərən tələbələrə həm universitet rəhbərliyi, həm Tələbə Elmi Cəmiyyəti şurası, həm də kafedraların müəllimləri tərəfindən xüsusi diqqət ayrılır”.

Onun sözlərinə görə, hər ilin sentyabr ayından başlayaraq universitetə daxil olan tələbələrlə ardıcıl iş aparılır. Belə ki, elmi tədqiqata həvəsi olan tələbələr fakültələrin bazasında olan kafedralarda fəaliyyət göstərən tələbə elmi cəmiyyətlərinin dərnəklərinə dəvət edilir: “Onlara elmi mövzular verilir. Həmin tələbələr mart ayına qədər mövzularına uyğun olaraq araşdırmalarını həyata keçirir və tamamlayırlar. Öncə Tələbə Elmi Cəmiyyətinin kafedralarda keçirilən konfranslarında çıxış edirlər. Bu zaman elmi işin aktuallığı, yeniliyi, praktik tətbiqi, tələbənin danışıq keyfiyyəti, elmi mövzu üzərində sərbəst işləmək qabiliyyəti kafedraların müəllimləri tərəfindən qiymətləndirilir və bu kriteriyalara cavab verən məruzəçilər fakültə elmi cəmiyyətlərinin konfranslarında, daha sonra universitetin Tələbə Elmi Cəmiyyətinin yekun elmi konfransında iştirak etmək hüququ qazanırlar. Burada da yüksək nəticələr əldə edən tələbələrin beynəlxalq konfranslarda iştirakı təmin olunur”.

Rektor, professor Gəray Gəraybəylinin TEC-in fəaliyyətini daim diqqətdə saxladığını, tədqiqatçı tələbələrə xüsusi qayğı göstərdiyini söyləyən M.Həsənov, bu yaxınlarda iki tələbəmizin Tacikistanda keçirilən beynəlxalq konqresdən qalibiyyətlə qayıtmasını da məhz bu qayğının nəticəsi kimi dəyərləndirib. May ayının sonunda fakültə tələbə elmi cəmiyyətlərinin konfranslarının yekunlaşdığını deyən TEC-in elmi rəhbəri onu da vurğulayıb ki, artıq ən yaxşı göstəricilərə malik 6 tələbəmiz iyunun 18-21-də Naxçıvanda keçirilən Birinci Beynəlxalq Tibb Forumunda elmi məruzələrlə çıxış edib”.

O, innovativ fəaliyyətin gücləndirilməsini, tələbələrimizin xüsusi təhsil proqramlarında iştirakını, həmçinin universitetin professor-müəllim heyəti tərəfindən aparılan tədqiqatların praktik tətbiqinə uyğun olan araşdırma xarakterli işlərin tələbələrə verilməsini də zəruri hesab edir: “Biz təklif etdik ki, hər kafedrada hər müəllimin il ərzində bir tələbə hazırlamaq və həmin tələbələri universitetin konfranslarına, yaxud da forumlara təqdim etmək imkanı olsun”.

TEC-in effektivliyini daha da artırmaq üçün layihələr hazırladıqlarını bildirən M.Həsənov diqqətimizə çatdırıb ki, universitetə daxil olan tələbələrin qeydiyyatı zamanı TEC-in masasını da yerləşdirməyi düşünürlər: “Orada ilkin tanışlıq prosesini həyata keçirəcəyik. TEC-in fəaliyyətini əks etdirən broşurlar, bukletlər vasitəsilə universitetə ilk dəfə qədəm qoyan tələbələri məlumatlandıracaq, onları üzvlüyə qəbul edəcəyik. Bu layihənin icrasına kafedralardan başladıq. Təsadüfi deyil ki, bu il Tacikistandan qalib qayıdanlar da aşağı kurs tələbələri idi. Yeniliklərdən biri də budur ki, artıq Bakı şəhərində yerləşən orta məktəblərin yuxarı siniflərində də seçim aparırıq. Həmin məktəblərin yuxarı sinif şagirdləri ilə bizim TEC arasında əməkdaşlıq yaradılıb. Seçilən şagirdlər ATU-nun Elmi Tədqiqat Mərkəzində eksperimental elmi araşdırmalar aparırlar. Onlar Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Sabahın alimləri” elmi konfransında uğurlu nəticələrə imza atıblar. Artıq digər regionlardan da bizə müraciətlər gəlir. Həmin şagirdlər də təbii ki, Azərbaycan Tibb Universitetində oxumağı arzulayanlardır. Beləliklə, təbliğata orta məktəbdən başlamış oluruq. Görkəmli tibb alimləri ilə görüşləri də intensivləşdirmişik. Eyni zamanda internet saytının yaradılmasını da nəzərdə tutmuşuq. Bu layihələri bir qədər də təkmilləşdirməyə çalışırıq.

Tələbələrin elmə verdiyi töhfə həm də müxtəlif konqreslərdə, müsabiqələrdə, o cümlədən qrant layihələrində iştirakla, nüfuzlu jurnallarda məqalələrin çap olunması ilə də xarakterizə edilir. Universitet daxilində buna nail olmuşuq. Tələbələr elmi araşdırmalarını “Sağlamlıq” jurnalında çap etdirə bilirlər. İldə bir dəfə TEC-in jurnallarını buraxmaq planımız da var. Diplomlar, sertifikatlar, pul mükafatları da TEC-in effektivliyinin əsas göstəricilərindəndir”.

M.Həsənov onu da bildirib ki, TEC-ə kütləvi tələbə axınının olmasına baxmayaraq, müəllimlər arasında bu işə həvəs göstərənlər kifayət qədər deyil. Ona görə də müəyyən həvəsləndirmə metodlarının tətbiqi məqsədəuyğundur. Bu nöqteyi-nəzərdən, beynəlxalq forumlarda, konfranslarda qalibiyyət əldə edən tələbələrin özlərinə və onların elmi rəhbərlərinə akademik bir təqaüd verilməsi təklifi irəli sürülüb. Ölkə daxilində və xaricdə olan universitetlər arasında tələbə elmi cəmiyyətinin əlaqələrini gücləndirərək müştərək tədbirlər həyata keçirmək də prioritet məsələlərdəndir.

Məşhur alimlərimizin böyük əksəriyyətinin vaxtilə TEC-də formalaşdığını söyləyən M.Həsənov, möhkəm bir təmələ söykənən bu ənənənin indi də davam etdiyini vurğulayıb və əmindir ki, burada qazanılan təcrübə gənc tədqiqatçıların gələcəkdə yüksək ixtisaslı mütəxəssis, istedadlı həkim, savadlı alim kimi yetişməsində əhəmiyyətli rol oynayacaq.