Arzusunun ardınca Şəkidən Bakıya gəldi
Yusuf Xəlil Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsinin 4-cü kursunda oxuyur. Eyni zamanda adıçəkilən fakültənin tələbə dekanıdır.
Yusuf Şəki şəhər Fizika-Riyaziyyat və Humanitar Təmayüllü Liseyini qızıl medalla bitirib. Liseydə oxuduğu dövrdə aktivliyi ilə digər şagirdlərdən fərqlənib. Həm liseyin keçirdiyi tədbirlərdə, debatlarda fəal iştirak edib, həm də şagirdlərlə işin təşkilinə xüsusi maraq göstərib. Öz arzusu ilə həkim peşəsini seçib və elə bu arzu ilə də ATU-ya daxil olub. Yusuf həm də qrup nümayəndəsidir. Yaxşı musiqi duyumu var. Boş vaxtlarında gitarada ifa edir.
Qəhrəmanımız bizimlə söhbətində universitet həyatındakı fəaliyyətindən də danışdı: “Qrup nümayəndəsi olduğum üçün dekanlığa tez-tez gedir, oradakı işlərə kömək edirdim. Tələbələrlə münasibətim yaxşı olduğu üçün dekanımız İsrail Məhərrəmbəyli və dekan müavinimiz Sevinc Məhərrəmovanın təklifi ilə birləşmə nümayəndəsi seçildim. Ötən il fakültə üzrə tələbə dekanı seçilənədək Emin Hüseynovun müavini kimi fəaliyyət göstərmişəm. Ondan həm bu işin təşkilini öyrəndim, həm də dekanlıq və kafedralarla əlaqə quraraq təcrübəmi artırdım. Fürsətdən istifadə edib universitetin ictimai və sosial işləri ilə də yaxından maraqlandım, tədbirlərdə, yürüşlərdə aktiv iştirak edə bildim”.
Y.Xəlil Əsasnaməyə uyğun olaraq, Elmi Şurada, iclaslarda, konfranslarda tələbələri təmsil etdiyini söylədi. Bildirdi ki, tələbələr, tələbə təşkilatları və fakültə rəhbərləri ilə birlikdə tədbirlərin və elmi konfransların təşkilinə yardımçı olur. Tələbələrin konfranslara, tədbirlərə cəlb olunması istiqamətində də lazımi işlər görür. Fakültə rəhbərliyi ilə birgə isə tələbələrin tədrisdə, ictimai işlərdə yaranan problemlərinin qaydasına qoyulmasına çalışır.
Tələbə dekan, həmçinin tələbələrlə operativ əlaqə saxlamaq üçün hər kurs üzrə qrup nümayəndələrinin olduğu vatsap qrupu təşkil edib. O, vacib məlumatları zamanında vatsap vasitəsilə bütün qrup nümayəndələri ilə paylaşır və onlardan məlumatların tələbələrə çatdırılmasını xahiş edir: “Vatsap qruplarında vaxtaşırı tələbələrin hər hansı məsələdə çətinliyi, yaxud probleminin olub-olmamasını soruşuram. Problem yaranarsa, məsələlərin operativ həlli üçün fakültə və universitet rəhbərliyi ilə əlaqəyə saxlayıram. Tələbələrin özləri də üzləşdikləri hansısa problemlə bağlı mənə müraciət edir. Mən də uyğun şəkildə həmin problemləri həll etməyə çalışıram”.
Yusuf deyir ki, tədbirlərin və elmi konfransların təşkili təşkilat sədrləri və fakültə rəhbərliyi ilə birlikdə həyata keçirilir. Tədbirlərin təşkili üçün tələbələrdən rəylər toplanılır, kreativ və parlaq fikirlər, ideyalar nəzərə alınır: “Onların əhəmiyyət kəsb edən fikirləri tərəfimizdən müzakirə edilir, dəyərləndirilir və uyğun qərar verilir. Tələbələr bu və ya digər tədbirlərdə aktiv iştirak etmələri üçün həvəsləndirilir və onlara müvafiq şərait yaradılır”.
Bəs tələbələrin problemləri adətən nə ilə bağlı olur? Müsahibimizin sözlərinə görə, aşağı və yuxarı kurs tələbələrinin müraciət mövzuları fərqlidir: “Aşağı kurs tələbələrinin müraciətləri daha çox universitetə adaptasiya ilə bağlı olur. Kafedra və klinikaların yerləri, tədrisin təşkili ilə bağlı məlumatlar diqqətə çatdırılır, aralıq və sessiya imtahanlarının xarakteri, qiymətləndirilmə ilə bağlı tələbələrə aydın olmayan məsələlər izah edilir. Yataqxana ilə bağlı problem olarsa, onu da lazımi şəkildə qaydasına salırıq. Yuxarı kurs tələbələri isə ən çox dərs və imtahan cədvəllərində yaranmış çətinliklərlə bağlı müraciət edirlər. Kəsri olan tələbələrin dərslərdə maksimal iştirakını təmin edir, tədris zamanı klinikalarda üzləşdikləri çətinliklərin aradan qaldırılmasına nail oluram”.