Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə Ağdam rayonunun Quzanlı qəsəbəsində “Şuşa ili”nə həsr edilən V beynəlxalq “Həmzə Nigari” simpoziumu keçirilib. Simpoziumun keçirilməsində əsas məqsəd Həmzə Nigarinin fikir dünyası və həyatı ilə yanaşı, keçmişdən bu günümüzə gələn mənəvi irs üzərindən Türk və İslam dünyası araşdırmalarını dəyərləndirmək idi.
Əvvəlcə Quzanlı qəsəbəsinin Muğam mərkəzində açılış mərasimi keçirilib. Tədbiri “Miras” İctimai Birliyi İdarə Heyətinin üzvü, layihənin rəhbəri Şəhla Xəlilli açaraq, simpoziumun Elmi və təşkilat komitəsi adından iştirakçıları salamlayıb və qısa məlumat verib. Simpoziumun açılış mərasimində Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru, professor Abbas Seyidov, AMEA Albanşünaslıq Mərkəzinin rəhbəri, professor Qafar Cəbiyev, Amasiya Azərbaycan Türkləri Kültür və Sanat Həmrəylik Dərnəyinin üzvləri çıxış ediblər.
Məlumat üçün bildirək ki, XIX əsrdə yaşamış Mir Həmzə Seyid Nigari Qarabağ əyalətinin Zəngəzur mahalının Cicimli kəndində anadan olub. O, sufi-mistik düşüncəsinə əsaslanan fəlsəfi əsərlər yazmış, zərurət nəticəsində doğma yurdunu tərk edərək Türkiyəyə getmiş və orada vəfat edərək Amasiyada torpağa tapşırılmışdır. Nigarinin əsərləri Şərq mistik fəlsəfəsinin – sufizmin mahiyyətinə varmağa, onu anlamağa xidmət edir.
Tədbirdə Azərbaycan Tibb Universitetinin İctimai fənlər kafedrasının dosenti Gülnarə Səfərova da iştirak edib. Onun Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasının müdiri, dosent Kəmalə Pənahova ilə birlikdə hazırladığı “Orta əsr Qərb fəlsəfəsi və mistisizm” mövzusunda çıxışı maraqla qarşılanıb. Məruzədə əsas məqsəd geniş elm auditoriyasını Avropa mistisizminin görkəmli nümayəndələri ilə tanış etmək və onun səciyyəvi xüsusiyyətlərini şərh etməkdən ibarət olub.
Tədbirdə növbəti simpoziumun Həmzə Nigarinin doğulduğu Laçın rayonunun Çicimli kəndində keçirilməsi arzu edilib.
Simpoziumun sonunda tədbir iştirakçıları Ağdamda İmarət Kompleksini, Cümə məscidini, Şəhidlər xiyabanını, Şahbulaq qalasını və indiyədək heç bir elmi qrupun getmədiyi Xaçın su anbarını, Qara Pirim xanəgahını, Nigar nənə türbəsini ziyarət ediblər.