Tibb sahəsində yeni texnologiyalardan istifadə olunması xeyli mürəkkəb xəstəliklərin dəqiq diaqnostikası və müalicə prosesini rahatlaşdırıb. Bu yaxınlarda Azərbaycan Tibb Universiteti tərəfindən əldə olunan 3D Lazer üz skaneri də bu qəbil cihazlara aiddir.
Azərbaycan Tibb Universitetinin Ağız və Üz-Çənə cərrahiyyəsi kafedrasının dosenti Nigar Sultanovanın dediyinə görə, ABŞ-dan sifariş edilən “Karparatsia Beus 3D” skaneri bu nəsil avadanlıqların sonuncu ARK 7 modelinə aiddir. Bu cihazdan ATU-nun Tədris Cərrahiyyə Klinikasında Ağız və Üz-Çənə cərrahiyyəsi kafedrasında həm elmi tədqiqatlar, həm də pasiyentlərin müayinəsində geniş istifadə olunur:
“Bu cihaz xəstələrin əməliyyat planlaması Üz-çənə nahiyəsində anadangəlmə, qazanılmış qüsur və deformasiyalarında və digər cərrahi patologiyalarda səmərəli diaqnostika və müalicə metodlarının işlənməsi baxımından böyük əhəmiyyət daşıyır. 3D formatda xəstələrin ağız-çənə quruluşu öyrənilir. Əsasən üz patologiyası olan xəstələrdə skanerlə müayinə aparmışıq. Lakin həmçinin heç bir problemi olmayan insanların da üzünü öyrənmək üçün istifadə olunur. ATU-nun Ağız və Üz-Çənə cərrahiyyəsi kafedrasının tələbələri də rezidentləri də skanerin işi ilə tanış olur. Ondan istifadə qaydalarını öyrənirlər. Bu, tələbələrimiz üçün də faydalı praktikadır”.
Qeyd edək ki, yeni model 3D üz skanerindən həmçinin “Estetik və rekonstruktiv əməliyyatların planlaşdırılması üçün kraniofasial kompleksin etnik antropometrik xüsusiyyətlərinin təyini” mövzusunda elmi iş üzrə aparılan tədqiqatlarda da istifadə olunur, antropoloji müayinələr keçirilir. Araşdırma zamanı başın və üzün 50-dək antropometrik parametrləri ölçülərək nisbət indekslərin, yumşaq toxumaların qalınlığının öyrənilməsi və normaları üzrə məlumat bankın yaradılması nəzərdə tutulur. Nisbət indeksləri anadangəlmə anomaliyalar, travmalar, hormonal və digər pozğunluqlar ilə əlaqədar olaraq başın və üzün müxtəlif hissələrinin uyğunsuzluğunu və disharmoniyanı aşkar edə bilər. Elmi iş çərçivəsində 3 qrup yaş aralığında olan1200 nəfərin belə müayinədən keçirilməsi planlaşdırılır.
Tədqiqat nəticəsində ilk dəfə Azərbaycan populyasiyasında kəllə-üz kompleksinin antropometrik parametrləri, nisbət indeksləri və yumşaq toxumaların qalınlığı əsasında kompüter proqramı işlənəcək. Gələcəkdə üz-çənə və plastik cərrahlar bu kompüter proqramından kraniofasial estetik və rekonstruktiv əməliyyatların planlaşdırılmasında yararlana bilərlər.