ATU-da BMT Modeli Hərəkatı ilə bağlı məlumat sessiyası keçirilib

 

Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqı (ATGTİ) Cənubi Qafqazın ən böyük tələbə təşkilatlarından biridir. Ölkəmizin ali və orta ixtisas təhsilli müəssisələrində fəaliyyət göstərən Tələbə Gənclər təşkilatlarının (TGT) işində tənzimləyici funksiyaya malik olan bu ittifaqın əsas missiyası dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsi hesab edilən gənclər siyasətinin icrasında tələbə gənclərin rolunu stimullaşdırmaqdır.

Xatırladaq ki, ölkə başçısı İlham Əliyev tərəfindən 15 sentyabr 2017-ci il tarixində təsdiqlənən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 5, 8, 9-cu bəndləri ölkədə BMT Modeli klubları şəbəkəsinin fəaliyyətinin dəstəklənməsinə həsr olunub. Belə ki, ATGTİ təsdiqlənmiş dövlət proqramını əsas tutaraq, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və BMT-nin Azərbaycandakı nümayəndəliyinin tərəfdaşlığı ilə AzMUN – ölkəmizdə BMT Modeli Klubları şəbəkəsinin fəaliyyətinin dəstəklənməsi proqramını icra edir.

İyulun 15-də bu proqram çərçivəsində ATU-da AzMUN Proqramı və BMT Modeli hərəkatı ilə bağlı məlumat sessiyası keçirilib. Tədbiri ATU-nun Tələbə Gənclər Təşkilatının sədri Məhəmməd Məmmədov açıb. Bundan sonra ATGTİ-nin nümayəndəsi, AzMUN proqramının rəhbəri Leyla Məmmədzadə proqram haqqında ətraflı məlumat verib və proqramın komanda heyətini tədbir iştirakçılarına təqdim edib. Sessiyada “BMT Modeli Simulyasiyası nədir” – sualına aydınlıq gətirilib: “Birləşmiş Millətlər Təşkilatının akademik simulyasiyasında tələbələr müxtəlif ölkələrdən olan nümayəndələr rolunu oynayırlar. Real dünya problemlərini əməkdaşlıq və diplomatiya vasitəsilə, öz ölkələrinin siyasətləri və perspektivləri ilə həll etməyə çalışırlar”.

Proqramın koordinatoru Səid İsgəndərov, Azərbaycan Tibb Universiteti BMT Modeli Klubunun sədri Günəş Əliyeva və komandanın digər üzvləri – Nübar Cəbrayıl, Nərmin Əlisoy, Nuray Həsənova, Fəxri Həsənov, İlham Kərimli, Fatimə Əhmədova, Fərhad Abbasov ayrı-ayrı bölümlər barədə slaydlar vasitəsilə geniş təqdimatlar ediblər.

Çıxışlarında Azərbaycanda BMT Modeli Hərəkatının fəaliyyətinə toxunan natiqlər, ali və orta ixtisas təhsili müəssisələrində BMT Modeli klublarının yaradılması, konfransların keçirilməsi və klublara üzv gənclərin şəbəkəsinin genişləndirilməsinin vacibliyindən danışıblar. Eyni zamanda AzMUN Proqramının gələcək fəaliyyət planı açıqlanıb. Bu plana görə, BMT Model konfranslarının keçirilməsi, BMT Modeli klublarının şəbəkələşmə görüşləri, həmçinin BMT Azərbaycan ekspertləri ilə təlimlər nəzərdə tutulub. BMT Modeli konfranslarında iştirak isə tələbələrə ictimai nitq, diplomatiya, liderlik bacarıqları qazandıracaq. Bundan əlavə, onlara BMT-nin orqanlarının iş prinsipi ilə tanış olmaq, ölkəmizi beynəlxalq arenada təmsil etmək üçün təcrübə toplamaq imkanı yaradacaq. Bu nöqteyi-nəzərdən, çıxışçılar ilk klublardan birinin məhz ATU-nun Tələbə Gənclər Təşkilatının tərkibində yaradılmasından məmnun qaldıqlarını vurğulayıblar. Bu klubun ölkəmizdə BMT Modeli Hərəkatının inkişafı yolunda mühüm rol oynayacağına əminliklərini bildirərək qeyd ediblər ki, BMT-nin əsas komitələrindən birinin Ümumdünya Səhiyyə Təşkilatı olması bu proqramda tibb tələbələrinin iştirakı zərurətini daha da artırır.

Tədbirin gedişatında əsl BMT Modeli konfransı mühiti yaradılıb. “Peyvənd olunmaq istəməyən vətəndaşlar buna məcbur edilməlidirmi?” mövzusunda canlı debat baş tutub. İştirakçılar arasından seçilmiş könüllülər müxtəlif ölkələri təmsil edərək qısa nitqlər söyləyiblər, mövzuya dair sualları cavablandırıblar.

ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov  tədbirin təşkilatçılarına universitet rəhbərliyi adından təşəkkürünü bildirib və bu cür klubların gənclərimizin potensialını üzə çıxarmaq baxımından çox əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, BMT Modeli klubları BMT orqanlarının simulyasiyasını həyata keçirir, tələbələrdə natiqlik qabiliyyətini inkişaf etdirir, eyni zamanda onlarda təmsil olunduqları nümayəndə heyətini düzgün təqdim etmək vərdişləri aşılayır.

 BMT Modeli hərəkatının və MUN klublarının əsas məqsədi gələcəkdə Azərbaycanı beynəlxalq arenada təmsil etmək, gənclərin davamlı inkişafını, onların komanda ilə işləmək və problem həlletmə bacarıqlarını artırmaqdır.