Türkiyə və Azərbaycan anestezioloq-reanimatoloqları bir arada

Bakıda tibbin aktual sahəsi ilə bağlı beynəlxalq konfrans keçirilir

 

Sentyabrın 9-10-da Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyəti, Türkiyə Anestezioloji və Reanimasyon Dərnəyinin birgə təşkilatçılığı, Səhiyyə Nazirliyi və TƏBİB-in dəstəyi ilə “Hilton” otelində “Türkiyə-Azərbaycan anesteziologiya və reanimasiya, ağrı workshop günləri” adlı konfrans keçirilib. Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirilib.

Sonra İradə Səlimova və Büllur Dağçının aparıcılığı ilə konfrans öz işinə davam edib.

Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin (AzRAC) sədri, professor İsfəndiyar İsmayılov giriş nitqi ilə çıxış edərək iştirakçıları və qonaqları salamlayıb. Konfransın əhəmiyyətindən söhbət açan Cəmiyyət sədri tədbirin keçirilməsinə lazımi dəstək verdiyi üçün Səhiyyə Nazirliyinə, TƏBİB-ə, o cümlədən Türkiyə Anestezioloji və Reanimasyon Dərnəyinin (TARD) rəhbəri, professor Meral Kanbaka dərin təşəkkürünü bildirib: “Bilirəm ki, Türkiyədən gələn nümayəndə heyəti maraqlı məruzələrlə çıxış edəcək, diskussiyalar aparacaq, master-klaslar keçəcək. Yerli mütəxəssislərimiz bu sahədə son yeniliklər, əldə olunan nailiyyətlər haqda məlumatlı olmaq üçün konfransda böyük həvəslə iştirak edirlər”.

Sonra TARD-ın rəhbəri, professor Meral Kanbak çıxış edib. Türkiyəli professor Azərbaycandan olan həmkarları ilə bir konfransda iştirak etməsindən məmnunluq duyduğunu bildirib. O, aktual məsələləri özündə əks etdirən bu cür tədbirlərin mütəmadi keçirilməsinin, təcrübə və bilik mübadiləsi aparılmasının qardaş ölkələrin mütəxəssisləri üçün əhəmiyyət kəsb etdiyini vurğulayıb. Professor yüksək səviyyədə təşkil olunmuş bu tədbirin gənc mütəxəssislərin praktik təcrübəsinin artırılması və təkmilləşdirilməsində əhəmiyyətli rol oynayacağına diqqət çəkib.

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı iki qardaş ölkə arasında iqtisadi, mədəni, təhsil, tibb və digər sahələrdə əlaqələrin sıx olmasından və bu əlaqələrin günü-gündən daha da inkişaf etməsindən söhbət açıb. Səfir bu cür konfransların əhəmiyyətinə diqqət çəkərək iştirakçılara uğurlar arzulayıb.

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov öz çıxışında Azərbaycan və Türkiyə tibb işçilərinin birgə tədbirlər keçirməsinin artıq gözəl ənənəyə çevrildiyini bildirib: “Anestezioloq-reanimatoloqların bu birgə konfransı təbabətin ən aktual problemlərindən birinə həsr olunub. Biz ilk konfransımızı 10 il öncə Azərbaycan Tibb Universitetində keçirmişdik. Bugünkü tədbirin mövzusu barədə demək istəyirəm ki, COVİD-19 dönəmində anestozologiyanın təbabətdə nə dərəcədə vacib rol oynadığı bir daha göründü. İnkişaf etmiş Avropa ölkələrində COVID-19 dönəmində səhiyyə sistemi çökdü. Amma qardaş Türkiyədə və ölkəmizdə xəstələrin sayının kifayət qədər yüksək olmasına baxmayaraq, burada iştirak edən mütəxəssislərin də sayəsində onları intensiv terapiya şöbələrində yerləşdirə və müalicəsini apara bildik. Nəticədə minlərlə, on minlərlə insan həyatı xilas edildi”.

Akademik alqologiya sahəsində yaşanan problemə toxunaraq, ölkəmizdə bu sahəyə ehtiyacı olan insanların sayının günbəgün artdığını, amma həmin insanların xidmətində dayanacaq kifayət qədər mütəxəssisin olmamasından təəssüfləndiyini bildirib. Amma yaxın illərdə türkiyəli mütəxəssislərin köməyi ilə ölkəmizdə də bu sahədə gənc mütəxəssislərin yetişəcəyinə ümidvar olduğunu qeyd edib.

Səhiyyə nazirinin müavini, dosent Nadir Zeynalov da bu konfransın və ümumiyyətlə anestezioloq-reanimatoloq peşəsinin əhəmiyyətindən söhbət açıb. O bu günümüzdə keçirilən mürəkkəb cərrahiyyə əməliyyatlarının uğurunun anesteziologiya sahəsi ilə bilavasitə bağlı olduğunu bildirib. Pasiyentlərin intensiv terapiya nəticəsində qısa zamanda ayağa qalxması və sağlamlığına qovuşmasının anesteziologiya ilə əlaqəsinə diqqət çəkən nazir müavini, konfransın proqramına aktual problemlərə toxunan məruzələrlə yanaşı, praktik təlimlərin də salınmasını təqdirəlayiq hal kimi qiymətləndirib. Yerli mütəxəssisləri bu fürsətdən yararlanmağa dəvət edən N.Zeynalov konfrans iştirakçılarına uğurlar arzulayıb.

Natiqlərdən “Yeni klinika”nın baş həkimi Cavid Paşayev, TİKA-nın koordinatoru Fatih Yılmaz, TƏBİB-in şöbə müdiri Kəmalə Ağayeva, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, professor Rəşad Mahmudov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli və başqaları bu sahədəki nailiyyətlər və bəzi çatışmazlıqlardan, eləcə də konfransın əhəmiyyətindən bəhs ediblər.

Səhiyyə Nazirliyinin baş anestezioloq-reanimatoloqu, Azərbaycan Tibb Universitetinin II müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəylidən aldığımız məlumata görə, konfransda iştirak etmək üçün Türkiyədən bu sahədə tanınmış 24 mütəxəssis gəlib. İ.Məhərrəmbəyli konfransın gedişində yerli mütəxəssislərin də çıxış etdiklərini və alqologiya sahəsinə xüsusi önəm verildiyini vurğulayıb: “Bu sahədə əldə edilmiş təcrübə əsas müzakirə mövzularından biri oldu. Əvvəllər bu ixtisaslara 2-ci, 3-cü dərəcəli ixtisas kimi baxırdılar. Amma COVID-19 pandemiyası dövründə bu sahənin nə dərəcədə əhəmiyyətli olduğunu hamı gördü. Bu sahənin inkişafına diqqətin artırılmasına zərurət yarandı. Elə bu konfransı da bu sahəyə diqqət, dəstək kimi qəbul etmək olar”.