Sentyabrın 10-u Ümumdünya İlk Tibbi Yardım Günüdür

 

 

Xəstəyə hamıdan tez özünü yetirənlər

Sentyabrın 10-u Ümumdünya İlk Tibbi Yardım Günüdür

2000-ci ildən etibarən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatına üzv ölkələrin təşəbbüsü ilə hər il sentyabrın ikinci şənbə günü Ümumdünya İlk Tibbi Yardım Günü kimi qeyd olunur.

Dünyada ilk dəfə 1881-ci ildə ilkin tibbi yardımın təşkil olunması qərara alınıb. Həmin il Vyanada teatr binasında baş verən güclü yanğın nəticəsində xeyli insan həlak olur və ya ağır yanıq xəsarətləri alır. Bu səbəbdən insanlara tibbi yardım göstərmək zərurəti meydana çıxır. Beləliklə, Vyana müstəqil Təcili Tibbi Yardım Xidmətinin yaradılması barədə qərar qəbul edir. Ölkəmizdə isə ilk dəfə təcili tibbi yardım xidməti 1918-ci ildə Səhiyyə Nazirliyinin qərarı ilə təşkil edilib.

Tibbin bu vacib sahəsinin fəaliyyətini yaxından izləmək məqsədilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Qəbul və təcili yardım şöbəsində olduq. Xəstələrə ilkin tibbi yardım göstərmək üçün lazımi cihazlarla təmin olunan otaqlar, xüsusi nəqliyyat vasitələri və hər an iş başına keçməyə hazır olan gülərüz tibbi personal, bizdə şöbənin işinin yaxşı qurulduğuna əminlik yaratdı. Qənaətimizi möhkəmləndirən səbəblərdən biri də biz şöbəyə daxil olarkən qəbul edilmiş xəstəyə lazımi tibbi yardımın göstərilməsi oldu.

 

“Əsasən cərrahi profilli xəstələrin çağırışına gedirik”

 

Şöbə müdiri Əmrah Əhmədovdan “lazımi dərman preparatları ilə təmin olunmusunuzmu” sualına - “hər şeyimiz var, bizə lazım olan hər cür dərman preparatları ilə təmin edilmişik” - cavabını aldıq.

Ə.Əhmədov bildirdi ki, həftənin 7 günü, 24 saat təcili tibbi yardım tələb edən ağır xəstələrə yardım göstərilir: “Bizə ay ərzində təxminən 500-600 xəstə müraciət edir. Onlar əsasən cərrahi, travmatoloji, kardioloji, neyrocərrahi, uroloji xəstələrdir. İlk işimiz daxil olan xəstələri monitarizasiya etmək, ixtisas həkimləri ilə birgə xəstəyə tibbi yardım göstərməkdir. Biz şöbəmizə daxil olan xəstələrə diaqnoz qoyur, müvafiq müayinələr aparır, tibbi yardım göstəririk. Xəstənin vəziyyəti stabilləşirsə evə buraxır, zərurət yaranarsa uyğun stasionar şöbədə yerləşdiririk. Əksər hallarda cərrahi profilli xəstələrin çağırışına evlərə gedir, həmin xəstələri klinikamıza transfer edirik”.

Şöbə müdiri Ümumdünya İlk Tibbi Yardım Gününü iş başında, adi bir gün kimi qeyd etdiklərini, həmişəki kimi, ehtiyacı olan xəstələrə tibbi yardım göstərdiklərini söylədi.

 

“Yolda dünyaya gələn körpə və anasına yardım etdik”

 

Böyük tibb bacısı Vəfa Vəliyeva söhbətimiz zamanı ilk əmək fəaliyyətinə bu şöbədən başladığını bildirdi. O bu sahəni istəyərək seçdiyini, xəstələrə tibbi yardım və qayğı göstərməyi çox sevdiyini dilə gətirdi. Sonra isə fəaliyyəti zamanı şahidi olduğu maraqlı hadisəni bizimlə bölüşdü: “Heç vaxt yadımdan çıxmaz.  Günlərin birində Bakıda bir xəstənin çağırışına tələsirdik. Yolda maşınımızı yol polisləri saxladı. Bildirdilər ki, mülki avtomobildə olan hamilə xanıma tibbi yardım göstərmək lazımdır. Gördük ki, ana olmağına az qalıb. Onu tez öz avtomobilimizə köçürüb, yaxınlıqdakı doğum evinə çatdırmaq qərarına gəldik. Amma çata bilmədik. Yolda bir oğlan uşağı dünyaya gəldi. Biz anaya və körpəsinə ilkin tibbi yardım göstərdik. Sağ-salamat onları xəstəxanaya təhvil verdik. Ana körpəsinə baxıb necə də sevinirdi. Onun çöhrəsindəki sevinc gözlərim önündən heç vaxt çəkilmir. Bu cür anları yaşayıb, necə məmnun olmayasan? Həyatımıza rəng qatan belə hallarla rastlaşanda özümü çox rahat hiss edirəm. Sonra isə çağırış üçün getdiyimiz xəstənin arxasınca yollandıq. Ona da lazımi tibbi yardım göstərdik”.

 

“Hər gün eyni xəstəliklərdən əziyyət çəkənlərlə qarşılaşırıq”

 

Tibb bacısı Hüsniyyə Məmmədova şöbədə 2019-cu ildən çalışır. Təcili yardım şöbəsini seçməkdə məqsədinin xəstələrə operativ yardım göstərmək olduğunu deyir: “Biz əsasən xəstələri müayinə edir, lazım gəldikdə sarğı otaqlarında sarğılarını dəyişir, kiçik əməliyyatlara girir, çağırışlara gedirik. İşlərimiz çətin və təcili görülən olsa da, yorulmadan öz işimin öhdəsindən gəlməyə çalışır, bundan zövq alıram. Qəbul etdiyimiz xəstələri təkrar görmürük. Amma hər gün eyni xəstəliklərdən əziyyət çəkən pasiyentlərə yardım edirik”.

 

“Bizə yol verməyənlər də olur”

 

Sürücü Rüfət İsmayılov da bizimlə söhbəti zamanı çətin və olduqca məsuliyyətli bir şöbədə çalışdığını anladığını qeyd etdi: “Üç ildir şöbədə sürücü işləyirəm. Çağırış zamanı biz dərhal xəstənin ünvanına getməliyik. “Ambulans”a yol verənlər də olur, verməyənlər də. Amma buna baxmayaraq, özümüzü yetirir, onlara yerində ilkin tibbi yardım göstərir, lazım olanda xəstəxanaya çatdırırıq. İndiyədək heç bir peşmançılığımız olmayıb. Xəstələri həmişə zamanında xəstəxanaya çatdıra bilmişəm”.

R.İsmayılovun sözlərinə görə, şöbənin avtomobilləri hər cür lazımi tibbi avadanlıqlarla təchiz olunub: “Peşəkar həkim briqadamız da öz yerində. Odur ki, xəstələrə problemsiz yardım edə bilirik.

Bəzən gecələr də xəstələrin yardımına tələsirik. Hətta rayonlardan da xəstə gətiririk. Elə olub ki, gecə ilə Zaqatalaya yola çıxmış, xəstəni götürüb xəstəxanaya çatdırmışıq. Qarlı-çovğunlu günlərdə də heç nədən çəkinmədən insan həyatını xilas etməyə gedirik”.

 

Bakıdan Qazağa 3 saat 20 dəqiqəyə çatmışam

 

Sonda sürücü Rauf İsmayılov da təəssüratlarını bizimlə bölüşdü: “10 ildir təcili tibbi yardım sahəsində sürücü işləyirəm. “Ambulans”ları idarə etmək sürücüdən yüksək peşəkarlıq tələb edir. Çünki yolda hər cür vəziyyətlə rastlaşırsan. Çağırış olanda, yola düşür və dərhal düşünürsən ki, necə gedim, hansı yolu seçim ki, mənzilbaşına tez çatım. Getdiyimiz ünvanlarda da həmişə xəstənin təşviş keçirən yaxınları ilə qarşılaşırıq. Narahat olurlar ki, xəstəni vaxtında xəstəxanaya çatdıra biləcəyəm, ya yox? Çatdırmaq məsələsində də məsuliyyət biz sürücülərin üzərinə düşür. Bu zaman həyəcan daha da artır. Fikirləşirəm ki, nə olur-olsun, xəstəni tez bir zamanda xəstəxanaya çatdırım.

Bəlkə də inanmayacaqsız, çağırış olub, Qazax rayonundakı “Qırmızı körpü” sərhəd keçid məntəqəsinə getməli olmuşuq. Bakıdan 3 saat 20 dəqiqəyə oraya çatmış, kardioloji xəstəni zamanında klinikamıza gətirmiş, həyatını xilas etmişik. Bu dünyada insanların həyatda qalmasına vasitəçi olmaqdan və bu hissləri yaşamaqdan gözəl nə ola bilər ki?”

Təcili tibbi yardım personalımıza həmişə xəstələrin köməyinə vaxtında çatmağı və lazımi tibbi yardım göstərib onların həyatda qalmasına səbəb olmağın sevincini yaşamağı arzu edirik.