Qeyd olunub ki, ATU proqramlarının beynəlxalq akkreditasiyadan keçməsi tələbələr üçün böyük üstünlüklər yaradır
Sentyabrın 14-də Azərbaycan Tibb Universitetinə yeni qəbul olunmuş tələbələr və onların valideynləri ilə fakültə rəhbərlərinin görüşləri keçirilib. Məqsəd tələbələrlə ilk ünsiyyət, onları tədris proqramı və auditoriyalarla tanış etmək olub. Görüşlər zamanı Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev də tədbirlərdə iştirak edərək, tələbə adı qazananları və onların valideynlərini təbrik edib, ürək sözlərinin səsləndirib. Prorektor tələbələrə tədrislə bağlı geniş məlumat verərək, onlara nizam-intizamlı olmağı tövsiyə edib: “ATU-nun tələbəsi olmaq özü böyük şərəfdir. Bu adı qazanmaq üçün uzun illər zəhmət çəkmisiniz. Sizin müəllim və valideynlərinizə bir daha minnətdarlığımı bildirirəm ki, tələbə adını qazanmağınız üçün çəkdikləri zəhmət öz bəhrəsini verib.
Universitetimiz ölkəmizdə yeganə ali məktəbdir ki, beynəlxalq sertifikat alıb. Siz artıq beynəlxalq akreditasiyadan keçmiş bir universitetin tələbəsisiniz. Bu olduqca əhəmiyyətli bir məsələdir. Belə ki, universitetimizi bitirən tələbə istənilən ölkədə imtahan verib çalışmaq hüququ əldə edəcək. Sevindirici haldır ki, universitetimiz beynəlxalq sertifikat aldığı üçün ötən illərə nisbətən əcnəbi tələbələrin sayı da çoxalıb”.
Çıxış edənlərdən I Müalicə-profilaktika fakültəsinin dekanı, dosent Elşad Novruzov, II Müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəyli, İctimai səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev, Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli, Stomatologiya fakültəsinin dekan müavini Aysel Həşimova universitet və rəhbəri olduqları fakültələrin tarixi ilə bağlı görüş iştirakçılarına ətraflı məlumat veriblər. Sonra natiqlər ATU-nun ölkəmizdə beynəlxalq akreditasiyadan keçmiş yeganə ali məktəb olması, bunun üstünlükləri, universitetin beynəlxalq proqramlarda iştirakı, tələbə mübadiləsi, tədrisdə boloniya sisteminin tətbiqi, Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti və s. barədə söhbət açıblar.
Bildirək ki, 2022-2023-cü tədris ilində I Müalicə-profilaktika fakültəsinə 550 nəfər daxil olub, fakültənin favoriti 689.1 bal toplayan Fədayə Mamedovadır.
II Müalicə-profilaktika fakültəsinə 390 nəfər qəbul olub. Onlardan ən yüksək bal toplayan 13 nəfər ingilis dili bölməsində təhsil alacaq. Ən yüksək - 694.1 bal toplayan Sənan İbrahimli öz istəyi ilə Azərbaycan bölməsində təhsil alacaq.
İctimai səhiyyə fakültəsinə daxil olan 137 nəfər arasında Qəmər Əhmədova (609.3 bal), Stomatologiya fakültəsinə daxil olan 70 nəfərdən Rəfiqə Hacılı (675 bal), Əczaçılıq fakültəsi üzrə tələbə adını qazanan 70 nəfərdən Allahverdi Osman (589.4 bal) ən yüksək bal toplayanlardır.
Hərbi tibb fakültəsinə isə bu il 108 həkim, 55 nəfər feldşer ixtisası üzrə qəbul olub. Onlardan yüksək bal toplayan 4 nəfər həkim, 5 nəfər isə feldşer ixtisası üzrə Türkiyənin Gülhanə Tədris və Araşdırma Xəstəxanasında təhsil almaq hüququ əldə ediblər.
Qeyd edək ki, sentyabrın 5-dən 12-dək ATU-ya yeni qəbul olunanların sənədlərinin qeydiyyatı prosesi aparılıb. Proses universitet rəhbərliyinin diqqət mərkəzində olub. Belə ki, ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov və digər rəhbər şəxslər qeydiyyatın gedişini canlı izləyiblər. Tədris şöbəsinin müdiri, dosent Kamandar Yaqubov bildirib ki, bu il qeydiyyat prosesinin asanlaşdırılması məqsədilə fakültələr üzrə tələbələrin sənədlərinin qəbulu ayrı-ayrı korpuslarda həyata keçirilib.