Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, bariatrik-metabolik cərrahiyyə üzrə tanınmış həkim, tibb üzrə fəlsəfə doktoru Taryel Ömərov bu günlərdə Çin Bariatik və Metobolik Cərrahlar Dərnəyinin (CSMBS) 9-cu illik konfransı, Beynəlxalq Piylənmə Cərrahiyyəsi və Metabolik xəstəliklər Assosiasiyasının (İFSO) 7-ci simpoziumu, həmçinin 1-ci Beynəlxalq Çin Metabolik və Bariatik Cərrahiyyə konfransında ölkəmizi təmsil edib.
Səfər haqqında məlumat verən T.Ömərov bu mötəbər tədbirə dəvət edildiyi üçün təşkilat komitəsinin üzvlərinə, xüsusən Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının həmsədri, YOUNC İFSO prezidenti Wah Yanga təşəkkürünü bildirib: “Nəzərinizə çatdırmaq istəyirəm ki, Cənubi Qafqaz və Orta Asiya ölkələrindən yalnız Azərbaycan bu konfranslarda təmsil olunurdu. Dünya səviyyəli tədbirdə çıxışçı qismində iştirak etmək mənim üçün çox önəmli hadisə idi”.
T.Ömərovun sözlərinə görə, onun “Mədənin boylama rezeksiyasından sonra GERD profilaktikası: milli təcrübəmiz” adlı çıxışı çox maraqla qarşılanıb. Həkim qeyd edib ki, bu problem hazırda dünyanın ən aktual müzakirə edilən elmi-cərrahi prosesidir: “Bildiyiniz kimi, bariatrik-metabolik cərrahiyyə metodları arasında dünyada ən çox əməliyyat edilən metod rezeksiyasıdır. Lakin bu əməliyyatların uzaq dövr üçün bəzi çatışmayan cəhətləri var. Ölkəmizdə 9 ildir ki, bu əməliyyatlar tərəfimizdən uğurla həyata keçirilir və fəsadların qarşısının alınması üçün tətbiq etdiyimiz xüsusi metodika var. Bu metodika 2017-ci ildə Beynəlxalq İdeya Müəllifliyi Agentliyi, 2018-ci ildə isə Avrasiya Patent Təşkilatı tərəfindən patent əldə edib. Çindəki çıxışımda da milli təcrübəmiz olan bu metodun fəsadların qarşısının alınmasındakı xüsusi rolundan bəhs etdim”.
Məlumat üçün bildirək ki, Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının sədri T.Ömərovun bu metodu piylənmədən əziyyət çəkən pasiyentlərin artıq çəkidən qurtulması üçün icra edilən cərrahiyyə əməliyyatları zamanı istifadə olunur. İndiyədək dünyanın bir çox nəşrlərində bu metod barədə elmi məqalələr dərc edilib.