“Qlobal elmi məkana inteqrasiya” mövzusunda seminar keçirilir

Müasir dünyada universitetlər təhsil-elm-innovasiya üçbucağı prizmasından qiymətləndirilir

 

ATU-nun Tədris Terapevtik Klinikasında “Qlobal elmi məkana inteqrasiya” mövzusunda seminar keçirilib. Seminarı giriş sözü ilə açan universitetin elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov bu gün ölkəmizdə böyük islahatların aparılması fonunda ciddi addımlara zərurət yarandığını deyib: 

“İllərlə formalaşan bəzi sistemlərin yenilənməməsi, bir çox qurumlarda köklü islahatların və struktur dəyişikliklərinin aparılmaması həmin təşkilatlarda dövrlə səsləşən yeniliklərin icrasını mütləq edir. Bəllidir ki, müasir dövrdə ölkənin inkişafı iqtisadi göstəricilərdən, təbii sərvətlərdən, əhalinin həyat səviyyəsindən daha çox, insan-cəmiyyət münasibətlərinin qarşılıqlı əlaqəsi ilə müəyyən olur”. 

Ölkə prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində universitetlərdən elm və onun nəticələrinə bağlı gözləntilərin artdığını deyən prorektor bildirib ki, universitetlər təhsil-elm-innovasiya (istehsal) üçbucağı prizmasından qiymətləndirilir: “Cəmiyyətdə artıq birmənalı olaraq qəbul edilir ki, praktika ilə əlaqəsi olmayan təhsil, təhsil və elmlə əlaqəsi olmayan biznes mümkün deyil. Keyfiyyətli təhsil həm də ən ciddi, səmərəli, praktikada tətbiq edilə bilən biliklərin məhz təhsil prosesinə transformasiyasını özündə ehtiva edir”. 

R.Bəylərov universitetimizdə elmi fəaliyyətin səmərəli idarəetmə modelinin yaradılması zamanı ilk növbədə müsbət beynəlxalq təcrübənin, Azərbaycan elminin və ali təhsilinin mövcud reallıqlarının nəzərə alındığını vurğulayıb. Onu da diqqətə çatdırıb ki, təhsil-elm-istehsal üçbucağında elm mərkəzi halqanı təşkil edir. Bu baxımdan elmi fəaliyyətin formal xarakterdən və mücərrəd məzmundan xilas edilməsinin, eləcə də universitetdə elmi fəaliyyətin idarə edilməsinə ənənəvi yanaşmanın dəyişməsinin vacibliyini önə çəkib. 

Bundan sonra ATU-nun Elmi hissəsinin tibbi elmi üzrə koordinatoru, t.ü.f.d Sevinc Muxtarova “Azərbaycan Tibb Universitetinin yeni nəsil universitetə transformasiyası üçün şəraityaradıcı islahatların rolu”, Tibbi və bioloji fizika kafedrasının dosenti İsmayıl Qafarov “Universitetin internet səhifəsində akademik heyət üzvlərinin mütəmadi yenilənən fərdi səhifələrinin yaradılması və müəlliflərin bütün nəşrlərinə keçidlərin həmin səhifəyə inteqrasiya edilməsi”, dr. Nabil Seidov “ATU əməkdaşlarının çap edilmiş, lakin internet resurslarında olmayan məqalələrinin mövcud olan açıq akademik sistemlərdə yerləşdirilməsinin təkmilləşdirmə yolları” mövzusunda məruzələrlə çıxış ediblər. 

II Uşaq xəstəlikləri kafedrasının dosenti Fəxriyyə Məmmədova öz çıxışında beynəlxalq inteqrasiya məsələsinə xüsusi toxunub. O, universitetimizin beynəlxalq nüfuzunun xeyli yüksəldiyini, “III nəsil universitet”in əsas missiyasına uyğun olaraq tədris və tədqiqatla yanaşı, nəticələrin kommersiyalaşması istiqamətində də mühüm işlər görüldüyünü söyləyib. 

Sonda məruzəçilər müzakirə olunan mövzularla bağlı seminar iştirakçılarının suallarını cavablandırıblar.