Ukraniya Səhiyyə Nazirliyindən qonaqlar ATU-da oldu
Bu günlərdə TEMPUS MUMEENA layihəsi çərçivəsində Ukraynadan qonaqlar Azərbaycan Tibb Universitetində olublar. Nümayəndə heyətinə Ukrayna Səhiyyə Nazirliyi Dövlət Test Komissiyasının sədr müavini professor Marina Mruqa və Boqomolets adına Ukrayna Milli Tibb universitetinin informatika texnologiyaları kursunun müəllimi Lesya Voytenko daxildir.
ATU-nun Beynəlxal Əlaqələr Şöbəsinin dəvəti ilə Bakıya gələn qonaqlar iki gün ərzində TQDK-da qəbulda olublar. M.Mruqa və L.Voytenko həmçinin, ATU-nun Tədris şöbəsinin müdiri dos Nəsimi Qasımov, Tədris və İnnovasiyalar şöbəsinin müdiri prof. Akif Qurbanov ilə görüşüblər. Görüş zamanı tibb təhsilinin Azərbaycan və Ukraynadakı hazırkı durumu, biliyin qiymətləndirilməsi sistemləri haqqında konstruktiv fikir mübadiləsi aparılıb.
Ukraynalı mütəxəssislər Tədris Terapevtik Klinikasında "Tədqiqat bacarıqlarının inkişaf etdirilməsi" mövzusunda mühazirə də oxuyublar.
Qeyd edək ki, artıq 3 ildir Azərbaycan Tibb Universiteti Avropa Birliyinin TEMPUS programının MUMEENA layihəsinin iştirakçısıdır. Layihənin əsas məqsədi Azərbaycan, Gürcustan, Ukrayna universitetlərinin inteqrasiya olunmuş kurrikulumlarının təkmilləşdirilməsi, tədris və təhsilə yeni yanaşma və yeni məzmunun gətirilməsidir. Layihə çərçivəsində Avropa Tibb Təhsili Assosiasiyası və Tibb Təhsili üzrə Dünya Federasiyası standartlarının bu ölkə universitetlərində tətbiqi nəzərdə tutulur.
MUMEENA layihəsi çərçivəsində indiyədək Tibb Universitetində dəfələrlə tədqiqat bacarıqları, Situasiyaya bağlı klinik əsaslandırma (klinik təfəkkürün inkişaf etdirilməsi) üzrə seminarlar keçirilib. Layihənin dəstəyi ilə ATU-da Müəllimlərin təlim mərkəzi yaradılıb, metodik vəsaitlər çap olunub. Biri l öncə ATU həm də MUMEENA layihəsinin növbəti konfransına ev sahibliyi edib. Bu ilin iyununda isə Tədris Cərrahiyyə Klinikasında koordinator universitetlərin iştirakı ilə növbəti tədbir baş tutub.
Tempus proqramı (Universitet fənnləri üçün Trans-Avropa mobillik cədvəli) ali təhsilin müasirləşdirilməsini dəstəkləyir və Aİ-nı əhatə edən ölkələrdə əməkdaşlıq sahəsi yaradır. Bu proqram hazırda Qərbi Balkanlarda, Şərqi Avropa və Mərkəzi Asiyada, Şimali Afrika və Yaxın Şərqdə 27 ölkəni əhatə edir.
Tempus proqramı tərəfdaş ölkələrin ali təhsil müəssisələrinin Avropa universitetləri ilə təhsildə Avropa standartları sahəsində təcrübə mübadiləsi, bazar iqtisadiyyatına uyğun olan təhsil proqramlarının hazırlanması, müasir ədəbiyyatın təmin edilməsi, tədris bacarıqlarının səviyyəsinin artırılması üçün təlimlərin keçirilməsi, tələbələrin xaricdə təhsil alması, universitetlərin idarə olunmasının təkmilləşdirilməsi, universitetlərdə islahatların aparılması, universitetlərdə qeyri-professor-müəllim heyətinin hazırlanması ilə yeni informasiya texnologiyalarının tətbiqi və inkişaf etdirilməsinə əsaslanan əməkdaşlığını nəzərdə tutur.