7 oktyabr Ümumdünya Təbəssüm Günüdür
Yaxşı stomatoloq dişləri müalicə edərkən gözəl gülüşü də qoruyub saxlamağı bacarmalıdır
Hər il oktyabrın ilk cüməsi Ümumdünya Təbəssüm Günü kimi qeyd edilir. Bu əlamətdar gün XX əsrin ortalarında Amerikada yaşamış rəssam Harvi Bollun adı ilə bağlı olsa da, təbəssümdən danışanda ilk yada düşən sağlam dişlər və diş həkimləri olur. Eyni zamanda klassik şairimiz Molla Pənah Vaqifin məşhur misralarını təbəssümlə xatırlayırıq:
Sevdiyim, ləblərin yaquta bənzər,
Sərasər dişlərin dürdanədəndir.
Sədəf dəhanından çıxan sözlərin
Hər biri bir qeyri xəzanədəndir.
Elə təbəssüm dolu bu misraların ovqatı ilə insanlara daim təbəssüm bəxş edən stomatoloqlara üz tutduq. Həmsöhbətimiz ATU-nun Terapevtik stomatologiyası kafedrasının dosenti, dərs hissə müdiri Fuad Məmmədovdur. O, ağız boşluğu xəstəliklərinin müalicəsindən əvvəl onun profilaktikası, yəni təbii dişlərin saxlanılması, dişlərə xüsusi qulluğun vacibliyinə diqqət çəkdi: “Stomatoloq olaraq bizə müraciət edən xəstənin həyat keyfiyyətini daha da yaxşılaşdırmaq istəyiriksə, iki vacib problemin həllinə diqqət yetirməliyik. İlk növbədə ağız boşluğunun funksional vəziyyətini nəzərə almalı və məhz bu nöqteyi-nəzərdən estetik görünüşün bərpasına çalışmalıyıq. Yəqin ki, bəzi insanların danışanda, güləndə ağzını əli ilə gizlətməsini müşahidə etmisiz. Belə hallar öz təbəssümündən narazı qalan insanlara aiddir. Ona görə də funksional və estetik problemin birbaşa həlli stomatoloqların qarşısında duran ən mühüm vəzifələrdən biridir”.
Bu istiqamətdə stomatologiyamızın səviyyəsinin inkişaf etmiş ölkələrdəkindən heç də geri qalmadığını deyən müsahibimizin sözlərinə görə, hətta estetik aspektdən üstünlüklərimiz də var. Belə ki, həkimlərimizin pasiyentlərə göstərdikləri stomatoloji xidmət, bərpa etdikləri diş sıraları, estetik olaraq gördükləri işlər daha keyfiyyətlidir. Bütün bunların əsas səbəbi pasiyentlərin estetik problemlərinin dərindən öyrənilməsi ilə yanaşı, estetik zövqlərinin də nəzərə alınmasıdır. Xəstəyə süni bir diş, qapaq qoyulduqda, ilk növbədə güzgüdə öz danışığına, gülüşünə nəzər yetirir. Keyfiyyətli xidməti şərtləndirən əsas amillərdən biri də ATU-nun Stomatoloji Klinikasında texniki təchizatın yüksək səviyyədə olmasıdır: “Klinikamıza xaricilər də tez-tez gəlir, maddi-texniki imkanlarımızı bəyənirlər. Mütəxəssislərimiz vaxtaşırı kurslara gedir, estetik stomatologiyada baş verən yenilikləri, nailiyyətləri öyrənərək praktikada uğurla tətbiq edirlər. Kafedramızın 3 əsas istiqamətindən biri olan estetik stomatologiyanın başlıca hədəfi insanlar danışarkən, gülərkən ağız boşluğunda görünən, diskomfort yaradan qüsurları aradan qaldırmaqdır: “Xəstə ilə ilk işimiz onun qəbulundan başlayır. Müşahidələrimiz, apardığımız söhbət düzgün diaqnoz qoymaq üçün bizə xeyli əsas verir. Xəstə kürsüyə oturmazdan əvvəl problemlərini öyrənirik. Bəzən məlum olur ki, daha əvvəl başqa bir stomatoloji kabinetdə istədiyi effekt alınmayıb. Güləndə ağzını örtür ki, dişləri görsənməsin. Terapevtik stomatoloq kimi borcumuz Allahin insana bəxş etdiyi o gözəl gülüşü qoruyub saxlamaqdır. Bizim işimizdə peşəkarlıq böyük rol oynayır. Ölçü götürüb dişi fiksiya etməklə iş bitmir. Xəstə bir neçə mərhələdən keçdiyinə görə, özünün də müəyyən təcrübəsi olur. Həmin təcrübədən də istifadə etməklə sonrakı mərhələdə xəstənin məmnunluğunu qazanmalıyıq. Amma xəstə yanlış fikirdə də ola bilər. Onu doğru seçim etməyə inandırmaq lazımdır”.
F.Məmmədov stomatoloji xidmət zamanı fərdi yanaşmanın zəruriliyindən də danışdı. Qeyd etdi ki, hamının təbəssümü eyni deyil: “İnsan var ki, güləndə damaqla birgə 32 dişinin hamısı, insan da var ki, yalnız üst dişləri görsənir. Ona görə də süni dişin forması, rəngi üzün anatomik quruluşuna uyğun seçilməlidir. Dişin diş sırasındakı duruşunu, “gülüş xətti” dediyimiz xətti müəyyən etdikdən sonra digər proseduralara keçdikdə, gözəl təbəssüm yaratmaq mümkündür”.
Mütəxəssis onu da vurğuladı ki, heç bir estetik prosedur sağlamlığa xələl gətirməməlidir: “Bu baxımdan əsas məsuliyyət həkimlərin üzərinə düşsə də, kütləvi informasiya vasitələrinin, xüsusilə də televiziyaların məsuliyyəti də az deyil. Reklam xarakterli yazılarda, tibbi verilişlərdə insanlar düzgün yönləndirilməlidir. İlk növbədə məhz xəstəni düşünən mütəxəssislər bu haqda danışmalı, öz məsləhətlərini verməlidir. Məsələn, iş praktikamızda bəzi xoşagəlməz hallarla rastlaşırıq. Pasiyentin ön dişləri diş sirasından qabağa çıxır, güləndə bir az qabarır, amma ümumi görünüşü qətiyyən korlamır. Əksinə, gülüşü, təbəssümü daha cazibədar olur. Amma pasiyent həmin dişlərin çıxarılmasını, süni dişlərlə əvəz edilməsini istəyir. Biz əksər hallarda pasiyenti inandıraraq öz fikrindən daşındıra bilirik”.
Stomatologiyanın ayrı-ayrı sahələri üzrə ixtisaslaşmış həkimlərin müştərək fəaliyyətinin əhəmiyyətinə də toxunan F.Məmmədov bildirdi ki, stomatologiya çox geniş, mürəkkəb bir sahədir. Bir nəfərin bütün sahələri yaxşı bilməsi mümkün deyil. Ona görə də stomatoloji kafedralarda rezidentlərin konkret ixtisaslar üzrə hazırlığına xüsusi fikir verilir. Həkimlik fəaliyyətini estetikaya həsr etmək istəyənlərə estetik bərpa yüksək səviyyədə öyrədilir ki, insanlara gözəl gülüş, təbəssüm bəxş edə bilsinlər.