Tədris Terapevtik Klinikada “Kistik fibrozis" mövzusunda seminar keçirilib

 

Həkim-rezidentlərin nəzəri biliklərini artırmaq məqsədi ilə ənənəvi olaraq ATU-nun Tədris Terapevtik Klinikasında növbəti seminar keçirilib. Klinikanın direktoru, professor Surxay Musayev, müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyeva, klinikanın həkimləri və rezidentlərin iştirak etdiyi seminar “Kistik fibrozis" mövzusuna həsr olunmuşdu.

Tədbirdə çıxış edən klinikanın Pulmonologiya və allerqologiya şöbəsinin müdiri Şərəf Hüseynova xəstəlik, onun diaqnostikası və müalicəsi haqqında ətraflı məlumat verib. Xəstəliyin xüsusiyyətlərindən danışan məruzəçi qeyd edib ki, kistik fibroz qalıcı ağciyər infeksiyasına səbəb olan və zamanla nəfəsalma qabiliyyətini məhdudlaşdıran, həmçinin sinir sistemi və cinsiyyət orqanına əhəmiyyətli dərəcədə təsir edən proqressiv, autozomal resessiv irsiyyət tipinə malik genetik xəstəlikdir.

Onun sözlərinə görə, bu xəstəliyə kistik fibroz transmembran əlaqəli təmizləyici genində olan mutasiyalar səbəb olur: "Bu mutasiyalar ağciyər və mədəaltı vəzi daxil olmaqla, bir neçə orqanın xaricindəki duz və su mübadiləsini kontrol edən zülalın funksionallığını bloklayır. Nəticədə duz tarazlığı pozulur, beləliklə, duz və su mübadiləsi xeyli azalır və normadan daha qalın mukus yaranır. Xüsusilə ağciyər və mədəaltı vəzdə toplanan mukus tıxaclar yaradır və ağciyərlərdə bakteriyalar üçün yaxşı qidalı mühit formalaşır. Bu da nəticə olaraq ağciyər infeksiyalarına yol açır. Həmçinin xəstəlik autosomal resessiv ötürüldüyünə görə, defekt genləri daşıyan qadın və kişi xəstə olmasa da, onların uşaqlarında 25% ehtimalla ortaya çıxa bilir. Defekt genin sadəcə 1 nüsxəsinə sahib insanlara daşıyıcı deyilir. Yəni bu, qohum evliliklərində ortaya çıxma riski yüksək olan xəstəlikdir".

Kistik fibrozun diaqnozundan danışan Ş.Hüseynova bildirib ki, əksər hallarda bu proses 2 yaşa qədər baş verir, amma bəzən yetkinlik yaşında da olur: "Kistik fibroz olan yenidoğulmuş körpələrdə uzunmüddətli neonatal sarılıq və ya erkən ağciyər infeksiyası ola bilər. Yetkinlərdə isə bir və ya bir neçə simptomun kəskinləşməsini müşahidə etmək olar. Bunlardan xroniki bronxit, mədəaltı vəzi çatışmazlığı, erkən başlanğıclı şəkərli diabet, qaraciyər sirrozu, dəmir çatışmazlığı anemiyası, "duzlu tər", həmçinin kişilərdə sonsuzluq problemləri və s. göstərə bilərik. Kistik fibrozun diaqnozu çoxpilləli bir prosesdir. Diaqnozu qoymaq üçün bir sıra testlər aparılır".

Həkim kistik fibrozun müalicəsi haqda da ətraflı məlumat verib. Qeyd edib ki, xəstəliyin tam müalicəsi yoxdur: “Ancaq bir sıra müalicə metodları simptomların təsirini yüngülləşdirə, ağırlaşmaları azalda və həyat keyfiyyətini yaxşılaşdıra bilər. Hal-hazırda bir sıra müalicə metodları inkişaf mərhələsindədir. Kistik fibrozun simptomlarının tipi və şiddəti insandan-insana böyük fərqlilik göstərə bilər. Ona görə də hər bir fərdə özünəməxsus müalicə planı tətbiq olunur".

Seminarın sonunda klinikanın həkim-rezidentlərilə birgə mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.