ATU-nun Tədris Cərrahiyyə Klinikasında ənənəvi seminarlar davam edir. Oktyabrın 14-də “Diabetik nefropatiya” mövzusunda növbəti seminar keçirilib.
Mühazirədən öncə klinikanın rezidentlər üzrə məsul şəxsi, Uşaq cərrahlığı kafedrasının assistenti Namiq Xəlilov və universitetin Rezidentura və magistratura şöbəsinin müdiri, professor Məlahət Sultanova çıxış edərək müzakirəyə çıxarılan mövzunun aktuallığından söhbət açıblar. Onlar bu sahə üzrə aparıcı mütəxəssis, III Daxili xəstəliklər kafedrasının assistenti və hemodializ bölümünün rəhbəri Barat Yusubovun adıçəkilən mövzuda mühazirəsinin rezidentlər üçün faydalı olacağını vurğulayıblar.
Seminarin təşkilatçılarına təşəkkürünü bildirən B.Yusubov, böyük bir elm dəryası olan nefrologiyadan niyə məhz “Diabetik nefropatiya” mövzusunu seçdiyinə aydınlıq gətirib. Rezidentlərə müraciətlə qeyd edib ki, hansı sahədə işləməyinizdən asılı olmayaraq, qəbulunuza gələn xəstələrin ən azı 20-30 faizi bu xəstəlikdən əziyyət çəkən insanlar olacaq və yaxud şəkərli diabet fonunda hansısa patologiya ilə rastlaşacaqsınız: “Çünki bu, əsrimizin bəlasıdır və artmaqda davam edir. Ona görə də sizə daha çox faydası dəyəcəyini düşünərək, diabetik nefropatiya mövzusunda danışmağa qərar verdik”.
O, diabetik nefropatiyanın - şəkərli diabetdən qaynaqlanan böyrəkdə struktur (mezengial genişlənmə, bazal membranda qalınlaşma, qlomeruloskleroz) və funksional dəyişikliklər (albuminuriya və irəliləyən böyrək çatışmazlığı) toplusu olduğunu diqqətə çatdırıb. Eyni zamanda diabetik nefropatiyanın epidemiologiyası, patogenezi, hemodinamik mexanizmi haqqında məlumat verib. Xəstəliyin diaqnostikasında və laborator müayinələrində elə bir dəyişiklik olmadığından, diqqəti daha çox risk faktorlarina, müalicədəki yeniliklərə yönəldib. Onun sözlərinə görə, fiziki aktivlik və tütün məhsullarından imtina da diabetik nefropatiyanın müalicəsinə müsbət təsir göstərən amillərdəndir. Həmçinin düzgün qidalanmanın xüsusi əhəmiyyəti var: “Zülalın azaldılması ilə hiperfiltrasiyanın qarşısı alına bilər. İdeal günlük zülal qəbulu 0,8 qram, günlük natrium qəbulu 2 qramdan az olmalıdır”.
Məruzəçi bildirib ki, şəkərli diabet xəstələrində aterosklerotik ağırlaşmalara digər xəstələrlə müqayisədə 2-4 dəfə artıq rast gəlinir. Səbəbi isə bu xəstələrdə daha çox rast gəlinən dislipidemiyadır: “Diabetin aşkarlandığı andan lipid profili yoxlanılmalıdır. Statin başlanarsa, müalicədən öncə QC transaminazalara baxılmalı və 3 ay sonra kontrol olunmalı, müalicə sonrası QC transaminazaları normanın yuxarı sərhədindən 3 dəfə və daha çox artarsa, dərman kəsilməlidir”.
Mühazirə zamanı o da vurğulanıb ki, bütün növ diabet xəstələrində nefropatiyanın qarşısını almaq və ya yaranmış zədələnmənin proqressivləşməsinin reqressiyası üçün mütləq şərtlərdən biri də optimal qlikemik kontroldur. Bundan əlavə, arterial təzyiqin nəzarətdə saxlanılması da diabetik nefropatiya riskini azaldır.
Məruzədə xroniki böyrək xəstəliyinin son mərhələsində olan xəstələr üçün ən uyğun müalicə üsulları da öz əksini tapıb.
İnteraktiv seminarda rezidentlərin mövzuya dair çoxsaylı sualları cavablandırılıb.