Həkim-nevroloq Yeganə Rəşidova deyir ki, onların bir çoxunun hələ də müalicəyə ehtiyacı var
Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinin təxribatına qarşı başladığı əks-hücum əməliyyatından iki il ötür. Tarixə 44 günlük Vətən müharibəsi kimi düşən və xalqımızın şanlı qələbəsi ilə nəticələnən bu müharibə həm də yaddaşlarda monolit birliyimizin rəmzi kimi qalıb.
O zaman hamının ürəyi ön cəbhədə döyüşən əsgər və zabitlərimizlə birgə döyünürdü. Hər kəs öz cəbhəsində böyük əzmlə qələbə üçün çalışsa da, bu mübarizənin önündə hərbçilərimizdən sonra fədakar həkimlərimiz gedirdi. Həmin həkimlərdən biri də ATU-nun Tədris Cərrahiyyə Klinikasının həkim-nevroloqu Yeganə Rəşidovadır. O, Vətən müharibəsinin ilk günlərindən bir həkim kimi qazilərimizin sağlamlığı keşiyində dayanıb. Eyni zamanda bir vətəndaş, ana olaraq da onların qayğısına qalmağa çalışıb.
O həyəcanlı günlərin təəssüratlarını bizimlə bölüşən Yeganə xanım xəstələrin əksəriyyətini cərrahi müdaxilələrdən sonra qəbul etdiyini deyir. Bildirir ki, kəllə-beyin travmaları, qarışıq travmalar, bud və baldırdan olan amputasiyalardan sonra nevroloji müalicəyə daha böyük ehtiyac yaranırdı: “Çünki belə xəstələr ilk günlərdə bu durumlarını özlərinə bağışlaya bilmirdilər. Ona görə də daim yanlarında olmağa, dərdlərini unutdurmağa çalışırdıq. Psixi gərginliyi olan xəstələr üstünlük təşkil edirdi. Bunların hamısına demək olar ki, həm nevroloji, həm də psixoloji yardım göstərmişik. Xəstələrin çoxu yuxusuzluqdan, aldıqları travmalar nəticəsində əmələ ələn yaddaşsızlıqdan, qısa bir müddətdə yaddaşın itməsindən əziyyət çəkirdilər. Döyüşlər zamanı ətrafda baş verən dəhşətli hadisələri unuda bilmədiklərinə görə bütün günü ağlayan xəstələrimiz olurdu. Komada olan xəstələrimiz də vardı. Şahin adlı bir xüsusi təyinatlı cəsur döyüşçümüz başından dərin travma almışdı. Əməliyyatdan sonra bərpaedici müalicələrlə onu komadan çıxara bildik. Hətta yerişini bərpa edib, müalicənin davamı üçün Türkiyəyə yola saldıq”.
Y.Rəşidova Tədris Cərrahiyyə Klinikasında müxtəlif əməliyyatlardan, eləcə də digər tibbi prosedurlardan keçən 600-dən çox yaralı igidimizin hər birinin nevroloji, psixoloji problemlərinin həllində yaxından iştirak edib. Təkcə həkim kimi deyil, yeri gələndə ana, bacı kimi də onların yanında olub, heç vaxt qayğısını əsirgəməyib.
Həmsöhbətimiz bir dəfə palatanın qarşısından keçərkən əsgərlərin öz aralarındakı danışıqlarından hansı yeməkləri xoşladıqlarını öyrəndiyini, həmin gecə yatmayıb, hazırladığı xörəkləri onlara apardığını bu gün də məmnunluqla xatırlayır. Pasiyentlərinin bəzilərini ürək ağrısı ilə yada salan həkimin ən böyük təsəllisi vicdan rahatlığıdır. Onların sağlamlığı naminə peşə fəaliyyəti ilə yanaşı, insanlıq borcunu da sonsuz sevgi ilə yerinə yetirdiyinə əmindir.
O, başqa bir xüsusi təyinatlını - Həsən Xəlilovu da heç vaxt unutmur: “Qapalı kəllə-beyin travması, güclü psixoloji travması vardı. Komandiri yanında şəhid olmuşdu. O səhnə gözünün önündən getmirdi. Gənc bir ailənin başçısı, iki azyaşlı övladının olmasına baxmayaraq, öz işindən könüllü ayrılaraq ön cəbhəyə gedən televiziya əməkdaşı Rzanın da komandiri gözünün qarşısında şəhidlik zirvəsinə ucalmışdı. Ona görə də güclü psixoloji sarsıntı keçirmişdi. Həmçinin güclü baş beyin travması, ayağından, budundan travmalar almışdı. Yuxusuzluq, yaddaşsızlıq, keç kimlə ünsiyyət qurmaması xəstəliyinin əsas əlamətləri idi. Əfsuslar olsun ki, psixoloji gərginliyi hələ də tam aradan qalxmayıb. Hər iki igidimizi kritik vəziyyətdən çıxara bilsək də, müalicələri indiyədək davam edir”.
Baş beyin travması nəticəsində görmə qabiliyyətini itirəndən sonra güclü psixoemosional vəziyyətə düşən Goranboy rayon sakini Kamil Səfərli də Yeganə həkimin şəfalı əlləri ilə qismən sağlamlığına qovuşub. Kəskin baş ağrılı yuxusuzluq, yaddaşsızlıq, ağlamaq hissi kimi əlamətlərin müalicəsi uğurla aparılıb. Xüsusi təyinatlılardan Quba rayon sakini Kamran da ağır koma vəziyyətindən çıxarılıb və müalicəsi bu gün də davam etdirilir. Şükürov soyadlı laçınlı balası, Cəlil Əliyev, adlarını çəkmədiyimiz yüzlərlə digər igid əsgərlərimiz də Yeganə həkimin və kolleqalarının müalicəsi ilə şəfa tapıblar.
Mina partlayışından ağır kəllə-beyin travması alaraq komaya düşən Füzuli rayon sakini Arifin sağalacağına ümid çox az olsa da, peşəkar müalicə, hərtərəfli qayğı sayəsində indi ayaqdadır. İlk dəfə o öz ayağı ilə həkimin otağına daxil olanda Yeganə xanım sevinc göz yaşlarını saxlaya bilməyib.
Belə hallarla tez-tez qarşılaşan qayğıkeş həkim sağlamlığına tam və qismən qovuşan qazilərimizin təşəkkürlərini eşidəndə, kövrəlir. Cavabı isə belə olur: “Sizin heç kimə təşəkkür borcunuz yoxdur. Bizlər bu gün alnıaçıq, qürurla gəzə bildiyimizə görə sizlərə borcluyuq”.
Qazilərimizin nevroloji müalicəyə hələ də ehtiyacları var. Sevindirici haldır ki, onların hər biri böyük sevgi ilə əhatə olunub və fədakar həkimlərimizin gərgin əməyi sayəsində səhhətləri günü-gündən yaxşılaşır.