Cenevrədə Ümumdünya Stomatoloji Federasiyasının parlament iclasları keçirilib

 

Azərbaycan Stomatoloji Assosiasiyasının nümayəndə heyəti çoxsaylı tədbirlərdə iştirak edib

 

Bu yaxınlarda İsveçrənin Cenevrə şəhərində Ümumdünya Stomatoloji Federasiyasının (World Dental Federation - FDI) parlament iclasları (World Dental Parliament) keçirilib. Bu sırada Baş Assambleyanın A və B iclasları, həmçinin Elm, Təhsil, Stomatoloji Təcrübə, İctimai Səhiyyə, Üzvləri Əlaqələndirmə və Dəstək komitələrinin, eləcə də Dünya Ağız Sağlamlığı Günü üzrə heyətin yığıncaqları və digər tədbirlər baş tutub.

Azərbaycan Stomatoloji Assosiasiyasının (ASA) prezidenti, Tibb Universitetinin Uşaq stomatologiyası kafedrasının müdiri, professor Rəna Əliyeva və beynəlxalq işlər üzrə əlaqələndirici dr. Nərmin Feyzullayeva 74 ölkədən 400-dən çox nümayəndənin qatıldığı bu tədbirlərdə ölkəmizi təmsil ediblər.

Açılış mərasimində çıxış edən FDI-ın prezidenti, professor İhsane Ben Yahya dünyanı öz ağuşuna alan COVID-19 pandemiyasının ardınca yenidən üz-üzə iclasların keçirilməsindən sevincini çatdırıb, hər kəsə uğurlar arzulayıb.

Sonra Baş Assambleyanın A iclası keçirilib və müasir stomatologiyanın aktual problemlərinə dair “Bioaktiv bərpaedici materiallar”, “Noma – həyatları qurtarmaq üçün profilaktika oluna bilən xəstəliyin aradan qaldırılması”, “İdman stomatologiyasında profilaktika” və digər mövzularda bir sıra bəyanatlar qəbul olunub. Azərbaycan Stomatoloji Assosiasiyasının nümayəndə heyəti bütün parlament üzvlərinə əvvəlcədən göndərilmiş bu bəyanatların ilkin mətnləri ilə bağlı öz təkliflərini verərək onların qəbul olunmasında fəal iştirak edib.

Baş Assambleya iclaslarının digər məqsədi FDI-ın Şura və komitə üzvlərinin təyin edilməsi idi. Bu məqsədlə namizədlər öz məruzələri ilə çıxış edib və B iclası zamanı seçkilər baş tutub.

Ümumdünya Stomatoloji Federasiyasının Parlamentinin vacib hissəsi olan Açıq Forum dünyanın hər yerindən dəlillər üzərində qurulmuş tədqiqatlar əsasında FDI-ın hazırladığı yeni tövsiyələrin müzakirələrinə həsr olunub. Müzakirələr zamanı xüsusi diqqət gündən-günə artan tütün məmulatlarından istifadəyə, bunun fonunda sağlamlıqda yaranan fəsadlara və bu vərdişin hansı üsullarla aradan qaldırılmalı olduğuna yönəlib. Tədbirin önəmli məqamlarından biri isə Ağız sağlamlığı strategiyasının qəbul edilməsi olub.

Keçirilən digər tədbirlər çərçivəsində təşkil olunan “Yaşlanan əhali” iclasının yaşlı əhalidə ağız sağlamlığı və “Dünya Qadın Stomatoloqları” (Women Dentists Worldwide) iclasının qadın stomatoloqların üzləşdiyi problemlər mövzuları böyük marağa səbəb olub.

Daha sonra bu il keçirilmiş “20 mart – Dünya Ağız Sağlamlığı Günü” çərçivəsində təşkil edilmiş tədbirlərin hesabatları təqdim olunub və 2023-cü ilin eyniadlı kampaniyasına start verilib. Qeyd edək ki, Azərbaycan Stomatoloji Assosiasiyası da bu kampaniya çərçivəsində ölkədaxili tədbirlər keçirib və bu tədbirlərin hesabatlarını müvafiq olaraq təqdim edib. “Ağzınla fəxr et” şüarı altında keçirilən bu tədbirlərin əsas məqsədi insanları ağız sağlamlığına dəyər verməyə və qayğı göstərməyə təşviq etmək olub.

Tədbirlərin sonunda FDI prezidenti hər kəsi 2023-cü ilin sentyabr ayında Avstraliyanın Sidney şəhərində keçiriləcək FDI Ümumdünya Stomatoloji Konqresinə dəvət edib.

Məlumat üçün deyək ki, Ümumdünya Stomatoloji Federasiyasının iclaslarına qatılmaq dünyanın milli stomatoloji assosiasiyaları ilə əməkdaşlığı gücləndirmək, stomatologiyaya dair dünya üzrə tövsiyələrin və müvafiq milli qanunvericiliyin formalaşmasında iştirak etmək, peşəkar dünya birliyinə inteqrasiya olmaq, qlobal stomatologiya aləmində baş verən dəyişikliklərdən xəbər tutmaq imkanları yaradır. Həmçinin təcrübə və elmi tədqiqatların nəticələrinin mübadiləsi stomatoloqların, ali təhsil müəssisələrinin müəllim heyətinin peşəkarlıq səviyyəsini yüksəltməyə, tələbələrin təhsil səviyyəsinə müsbət təsir göstərməyə səbəb olur.