Oktyabrın 22-23-də Müasir Davamlı Tibb Təhsili proqramlarına əsasən, Səhiyyə Nazirliyinin, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı ilə “Ginekologiyada mübahisəli məsələlər” konqresi keçirilib.
Konqresdə ATU-nun I Mamalıq və ginekologiya kafedrasının assistenti, t.ü.f.d. Sevinc İsmayılovanın “Hamiləlik dövründə anormal servikal sitologiya: aparılma taktikası” mövzusunda məruzəsi də dinlənilib. Hər il dünyada 604 mindən çox xəstəyə uşaqlıq boynunun xərçəngi diaqnozunun qoyulduğunu və 342 minə yaxın qadının bu xəstəlikdən dünyasını dəyişdiyini söyləyən məruzəçi qeyd edib ki, hamiləlik zamanı reproduktiv orqanların şiş xəstəlikləri arasında uşaqlıq boynu xərçəngi 1-ci yeri tutur. Həmçinin hamiləlik zamanı servikal xərçəngin rastgəlmə tezliyi 10000 hamiləyə 1-13 nəfər təşkil edir və orta yaş 30-dur.
S.İsmayılova 2020-ci ildə Azərbaycanda uşaqlıq boynu xərçəngi diaqnozunun 447 qadına qoyulduğunu, bu patologiyadan ölüm sayının 240 olduğunu bildirib.
Onun sözlərinə görə, HPV infeksiyasının və anormal PAP-yaxmaların rastgəlmə tezliyi hamilələrdə və hamilə olmayan qadınlarda eynidir.
Preqravidar dövrdə və ya hamilənin qadın məsləhətxanasında qeydiyyatı zamanı sitoloji skrininqın aparılmasının vacibliyinə də toxunan məruzəçi, ölkəmizdə bu skrininqin kliniki protokollara salınmasını məqsədəuyğun hesab edir.
Məruzədə o da vurğulanıb ki, sitoloji, kolposkopik və histoloji nəticələrin interpretasiyası zamanı hamiləlikdə uşaqlıq boynunda baş verə bilən struktur-morfoloji dəyişikliklər nəzərə alınmalıdır. Ona görə də bu müayinələr təcrübəli mütəxəssislər tərəfindən aparılmalıdır.
Bundan əlavə, hamiləlikdə uşaqlıq boynunun displastik zədələnmələrinin proqressivləşmə sürəti və invaziv karsinomanın inkişaf riskinin çox aşağı olmasını nəzərə alaraq, bu dövrdə konservativ taktikaya üstünlük verilməlidir. Cərrahi müdaxilənin isə yalnız uşaqlıq boynu xərçənginə şübhə olduqda aparılması tövsiyə olunur. Əgər uşaqlıq boynu xərçəngi diaqnozu təsdiqlənmirsə, yekun diaqnostik və müalicə tədbirləri doğuşdan sonraki dövrdə aparılmalıdır.
Konqresdə professorlar Acar Koç, İslam Mahalov, Nejat Özgül, Coşkun Salman, Firat Ortaç, Murat Dede, İlkkan Dünder, dosent Salih Taşkin, uzman dr. Məhəmməd Qəmbərov, t.ü.f.d. Turab Canbaxışov və t.ü.f.d. Sədi Allahverdiyev iştirak ediblər.