Böyük Elmi Şuranın yeni tədris ilində ilk iclası keçirilib

Rektor, professor Gəray Gəraybəyli: Tədris prosesi yalnız imtahandan ibarət olmamalı, tələbəyə nəzəri bilik verilməli, praktiki vərdiş aşılanmalıdır

 

Oktyabrın 25-də Azərbaycan Tibb Universitetinin Böyük Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib. İclası universitetin rektoru, professor Gəray Gəraybəyli açaraq, öncə Böyük Elmi Şura iclasının bir ay gecikməsi səbəbinə aydınlıq gətirib. Elm və Təhsil Nazirliyinin ali təhsil müəssisələrinin elmi şurası haqqında təsdiq etdiyi əsasnaməyə görə, köhnə tərkibdə olan şuranın 5 illik fəaliyyətinin başa çatdığını deyib. Bu əsasnaməyə uyğun olaraq, semestrin əvvəlindən fakültələrin elmi şuralarına və Böyük Elmi Şuraya yeni seçkilərin keçirildiyini, nəticədə elmi şuranın 68 nəfərdən ibarət yeni tərkibinin formalaşdığını vurğulayan rektor, yeni tərkibdə fəaliyyətə başlayan şura üzvlərini təbrik etdikdən sonra gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

Bundan sonra “Azərbaycan Tibb Universitetində 2021/2022-ci tədris ilinin yekunları və 2022/2023-cü tədris ilində universitet kollektivi qarşısında duran vəzifələr” barədə Tədris və müalicə işləri üzrə prorektor, professor Sabir Əliyevin hesabat məruzəsi dinlənilib.

Ənənəvi olaraq hər tədris ilinin başlanğıcında universitet dekanlıqlarının ayrı-ayrı kafedralarda attestasiya apardıqlarını vurğulayan S.Əliyev, kafedralarda təqvim planı, tədris proqramı, mühazirə və məşğələ dərslərinin mətnləri, auditoriya fondu, laboratoriyaların və sillabusların hazırlıq səviyyəsinin geniş təhlil edildiyini bildirib. O, son illərdə universitetimizin beynəlxalq əlaqələrinin xeyli genişləndiyini də diqqətə çatdıraraq, tədris ilinin başlanğıcında rektor, professor Gəray Gəraybəylinin rəhbərliyi ilə ATU-nun nümayəndə heyətinin “Magna Charta Universitatum” – Dünya Universitetlərinin Böyük Xartiyasının qəbulunun yubileyinə həsr edilmiş təntənəli tədbirdə, həmçinin Qazaxıstanın Almatı şəhərində təhsilin keyfiyyətinin təmin edilməsi üzrə VI Mərkəzi Asiya Beynəlxalq Forumunda iştirakı haqda şura üzvlərinə məlumat verib.

Universitet kollektivinin hesabat ilində öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdiyini söyləyən prorektor, tədris, tədris-metodik, elmi-tədqiqat, gənc nəslin milli zəmində tərbiyəsi, universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi və yenidən qurulması istiqamətində görülən işlərdən ətraflı söhbət açıb. Həmçinin universitetin elmi-tədqiqat hissəsinin də xeyli məhsuldar işlədiyini deyib: “Universitetin nəzdində 3 elmlər doktoru, 3 fəlsəfə doktoru üzrə dissertasiya şuraları fəaliyyət göstərməkdədir. Bu dissertasiya şuralarının ixtisaslar üzrə keçirilən elmi seminarlarının tərkibləri hazırlanmış və təsdiq edilmişdir. Dissertasiya şuralarında müxtəlif istiqamətlər üzrə birdəfəlik dissertasiya şuraları yaradılmış və müdafiəsi keçirilmişdir. Bu dövrdə əməkdaşlarımızdan 24 nəfərin dosent elmi adının təsdiqi üçün AAK qarşısında vəsadət qaldırılmışdır. Universitet əməkdaşlarının elmi-tədqiqat işləri “Əhalinin sağlamlığının qorunması” proqramına müvafiq olmaqla 3 elmi istiqamət, 9 problem üzrə yerinə yetirilmişdir.

Elmi işlərin nəticələrinə görə, universitetin əməkdaşları tərəfindən 17 monoqrafiya (13-ü respublikada, 4-ü xaricdə), 16 dərslik, 21 dərs vəsaiti, 3 kitabça və sorğu ədəbiyyatı, 3 elmi əsərlər məcmuəsi, 18 metodik ədəbiyyat dərc edilmişdir. Universitetin əməkdaşları xaricdə 616, eləcə də respublikamızın dövrü mətbuatında 992 elmi iş çap etdirmiş və müntəzəm olaraq çıxışlar etmişlər. 2021-ci ildə 4 ixtiraya görə Avrasiya patenti və 4 ixtiraya görə Azərbaycan patenti alınmışdır”.

Hesabat məruzəsində istər universitet klinikalarında, istərsə də Bakı şəhərinin tibb müəssisələrində yerləşən klinik kafedraların professor-müəllim heyətinin respublika əhalisinə yüksək ixtisaslı praktiki səhiyyə xidməti göstərməsi də öz əksini tapıb. Qeyd olunub ki, universitetin Tədris Terapevtik, Tədris Cərrahiyyə və Stomatoloji klinikaları təsərrüfat hesablı, Onkoloji klinika isə dövlət büdcəsindən maliyyələşməklə əhaliyə yüksək ixtisaslı müalicə, müalicə-diaqnostik və konsultativ tibbi xidmətlər göstərmişdir.

Çıxışında əməkdaşların, həmçinin aztəminatlı tələbələrin maddi vəziyyətinin universitet rəhbərliyinin diqqət mərkəzində olmasına, eləcə də tədris binalarında təmir işlərinin görülməsinə toxunan prorektor, diqqəti daha çox keçən tədris ilinin payız və yaz semestrlərinin imtahan sessiyalarının nəticələrinə yönəldib: “2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının başlanğıcından 25 nəfər akademik məzuniyyətdə olmuşdur. Yaz semestri ərzində öz ərizələrinə görə 13 tələbə universitetdən xaric edilmişdir. Beləliklə, 6614 tələbə imtahana buraxılmış, 275 nəfər imtahanda iştirak etməmişdir. İmtahan verməli olanlardan 6438 nəfəri bütün imtahanlardan müvəffəq qiymətlər alaraq, sessiyanı başa vurmuşdur (97.3%, keçən il 97.9%). İmtahan sessiyasını “əla” qiymətlərlə başa vuranlar – 1239 nəfər (18.7%, keçən il 27.4%), “əla” və “yaxşı” qiymətlərlə – 3457 nəfər (52.2%, keçən il 55,5%), qarışıq qiymətlərlə – 1742 nəfər (26,3%, keçən il 14,8%) təşkil etmişdir. 176 nəfər (2.6%, keçən il 2,1%) “qeyri-kafi” almışdır ki, bunlardan da 151 nəfərin yalnız bir fəndən, 13 nəfərin 2 fəndən, 12 nəfərin isə 3 və daha artıq fəndən akademik borcu qalmışdır.

Apellyasiya Komissiyasının fəaliyyətindən də danışan prorektor keçən il test üsulu ilə imtahan zamanı bir sıra kafedraların işində çatışmazlıqların əsasən test suallarının və cavablarının uyğunsuzluğu şəklində özünü göstərdiyini, bunun isə tələbələrin fakültə dekanlıqlarında fəaliyyət göstərən apellyasiya komissiyalarına müraciəti ilə nəticələndiyini diqqətə çatdırıb. Eyni zamanda Apellyasiya Komissiyasının işinin keyfiyyətinin artırılması, üzvlərin əmək fəaliyyətinin yaxşılaşdırılması məqsədi ilə təkliflərini şura üzvləri ilə bölüşüb.

Hesabatda xarici ölkələrdən universitetimizdə təhsil almaq üçün müraciət edən tələbələrin sayının ildən-ilə artdığı vurğulanıb. Qeyd edilib ki, Xarici tələbələrlə iş üzrə dekanlığın yerinə yetirdiyi vacib işlərdən biri də tələbələrin Bakı şəhərində müvəqqəti yaşamaq hüququnu təmin etmək üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə sıx əlaqə saxlayaraq, onların qeydiyyatını təşkil etməkdən ibarətdir. Bununla yanaşı, tədris ili ərzində tələbələrin yaşayış şəraitinin yaxşılaşdırılması universitetin rektoru və Xarici tələbələrlə iş üzrə dekanlığın diqqət mərkəzində olub.

S.Əliyev çıxışının sonunda bir sıra kafedra müdirləri və kafedraların ayrı-ayrı əməkdaşlarının tədrisin təşkili, dərs cədvəlinin optimal tərtib olunması, ayrı-ayrı fənlərə ayrılan dərs yüklərinin artırılması, fənnin semestr ərzində tədris ardıcıllığı və s. məsələlər üzrə universitet rəhbərliyinə müraciət etdiklərini, həmin müraciətlərin universitetin müvafiq qurumlarında diqqətlə öyrənildiyini söyləyib. Əminliklə bildirib ki, universitet kollektivi cari tədris ilində əvvəllər buraxılmış nöqsanları aradan qaldıraraq, tələbələrlə aparılan tədris və tədris-metodiki işi günün tələblərinə uyğun qurmağa çalışacaqdır.

Bundan sonra çıxış edənlər hesabat məruzəsində toxunulan məsələlərlə bağlı fikirlərini bölüşüblər. ATU-nun Apellyasiya Komissiyasının sədri, professor Eldar Qarayev komissiyanın fəaliyyəti haqqında şura üzvlərinə məlumat verərək, müraciətlərin artmasının səbəbini daha çox proqramla testlərin düz gəlməməsi ilə əlaqələndirib. Bu uyğunsuzluğu aradan qaldırmaq üçün kafedralar üzrə ekspertlərin yerindəcə yoxlamalar aparmasını və proqramla uyğun gəlməyən testlərin bazadan çıxarılmasını təklif edib.

I Mamalıq ginekologiya kafedrasının müdiri, professor Elmira Əliyeva, Travmatologiya və ortopediya kafedrasının müdiri, dosent Cəfər Nəsirli də elmi şurada çıxış edərək, apellyasiya şikayətinə səbəb olan test sualları ilə bağlı fikirlərini diqqətə çatdırıblar. Test suallarının hazırlanmasına məsuliyyətlə yanaşılmasına baxmayaraq, bu sahədə müəyyən nöqsanların olduğunu da söyləyiblər.

Hərbi tibb fakültəsinin tələbə dekanı Əli Sultanzadə isə çıxışında imtahan zamanı tələbələrin qarşılaşdığı problemlərdən danışıb. Qeyd edib ki, əsas şikayətlər bəzən imtahanın gedişində kompyuterin donması, sistemdən çıxması və yaranan sıxlığa görə tələbənin imtahana gec daxil olması ilə bağlıdır.

Məruzə və çıxışlarda səslənən fikirlərə münasibətini açıqlayan rektor, professor Gəray Gəraybəyli mövzu ətrafında ciddi müzakirələrin getməsindən məmnunluğunu vurğulayıb. Bunu tədris prosesinin donmuş bir proses olmadığının göstəricisi kimi dəyərləndirib.

Tələbələrin biliyinin qiymətləndirilməsində yeni qaydaların tətbiqindən də danışan universitetin rəhbəri, bəzi müəllimlərin əsassız olaraq bu qaydalardan narazı qalmasının təəssüf doğurduğunu deyib: “Çox təəssüf ki, bəzi müəllimlər bu qaydaların tətbiqini onların müstəqilliyinin əllərindən alınması kimi başa düşürlər. Əslində isə belə deyil. Hər kəs anlamalıdır ki, müəllimlik təkcə tələbəni sorğulamaqla məhdudlaşmır. Müəllim istiqamət verəndir, yol göstərəndir. Tələbəni sıxmaq, incitmək müəllimin məqsədi olmamalıdır. Bəzi müəllimlər indi də başqa bir yol tapıblar. Dərsə 10-15 dəqiqə gecikən tələbəni qayıb yazmaqla hədələyirlər. Ancaq nəzərə alınmalıdır ki, artıq tələbənin davamiyyətinə görə ayrılmış maksimal 10 bal ləğv olunub. İmtahanlar təkmilləşməlidir. Unutmamalıyıq ki, imtahan tədris prosesinin yalnız bir hissəsidir. Ona görə də bütün tədris prosesi təkcə qiymətləndirmədən, imtahandan asılı ola bilməz. Tələbəyə nəzəri bilik verilməli, praktiki vərdiş aşılanmalıdır”.

Rektor bəzi hallarda müəllimlərin imtahanın gedişinə təsir göstərmək cəhdlərinə də toxunub: “Elə müəllimlər var ki, tələbəyə vədlər verirlər. Onu arxayın salırlar ki, kömək edəcəklər. İmtahana özlərinin tərtib etdiyi testlərin düşəcəyini düşünürlər. Bir daha xatırladıram ki, hər semestrdə kafedralardan yeni testlər tələb ediləcək. Ancaq bu heç də o demək deyil ki, imtahana mütləq həmin testlər düşəcək. Bizim illər ərzində formalaşmış kifayət qədər geniş test bazamız var. Test mərkəzində də testoloqlarımız çalışır. Özümüz o testləri mövzunu saxlamaq şərti ilə dəyişəcəyik. Tələbəyə verilən testlərlə imtahana düşən testlər eyni olmamalıdır”.

Beynəlxalq akkreditasiyadan keçdikdən sonra universitetimizə xarici tələbələrin daha çox maraq göstərməsinə diqqət çəkən rektor, məhz bu baxımdan ingilis dili müəllimlərinə tələbatın artdığını vurğulayıb. Müəllimlərin ingilis dili bilgilərini təkmilləşdirmək məqsədilə bu yaxınlarda növbəti kursların  açılacağını söyləyən rektor, gələcəkdə tədrisin növbəli ola biləcəyini də şura üzvlərinin nəzərinə çatdırıb.

Professor G.Gəraybəyli yekun nitqində nizam-intizam məsələsini önə çəkərək, əməkdaşla universitet arasında imzalanan müqavilənin şərtlərini xatırladıb. Bu məsələdə kafedra müdirlərinin xüsusi cavabdehlik daşıdığını bildirib və müqavilə şərtlərini pozan əməkdaşlar barəsində ciddi tədbirlər görüləcəyi haqda xəbərdarlıq edib.

Hesabat məruzəsinə dair müzakirələr bitdikdən sonra digər məsələlərə də baxılıb. Patoloji fiziologiya kafedrasının professoru, AMEA-nın müxbir üzvü Yaqub Məmmədovu, Qulaq, burun, boğaz xəstəlikləri kafedrasının professoru Əzizağa Talışinskini (ikinci müddətə) və Uşaq cərrahlığı kafedrasının professoru Çingiz Quliyevi (ikinci müddətə) məsləhətçi-professor vəzifəsinə seçən elmi şura, elmlər doktoru işlərinin mövzusunu və elmi məsləhətçisini, elmi adları təsdiqləməklə öz işini yekunlaşdırıb.