Azərbaycan Tibb Universitetində Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyin (Independent Agency For Accreditation and Rating - IAAR) təşkilatçılığı ilə “Beynəlxalq akkreditasiya – təhsilin keyfiyyətinin artırılması aləti” mövzusunda beynəlxalq seminar keçirilib. Tədbirdə Azərbaycanın bir sıra universitetlərinin rektorları və rəhbər şəxsləri, təhsil üzrə beynəlxalq ekspertlər, müəllimlər iştirak ediblər. Giriş sözü ilə çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli pedaqoji prosesin daim inkişafda olduğunu bildirərək təhsildə innovasiya və yeni texnologiyaların tətbiqinin vacib olduğunu vurğulayıb: “Azərbaycan universitetləri dünya bazarında rəqabətə davamlı kadrlar yetişdirilməsi uğrunda daim inkişaf prosesindədirlər. Lakin bu prosesin uğurlu nəticələnməsi üçün kənardan müstəqil ekspert rəyi, müstəqil baxışın olması çox önəmlidir. Məhz bu səbəbdən Azərbaycan Tibb Universiteti olaraq dünya miqyaslı reytinq strukturları tərəfindən tanınan Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyini seçdik“ ATU-nun rektoru professor G.Gəraybəyli üç ildən çox davam edən hazırlıq mərhələsi, beynəlxalq akkreditasiya prosesinin gedişi haqqında seminar iştirakçılarına ətraflı məlumat verib. Qeyd edib ki, onlayn rejimdə aparılan işlərdən sonra ötən ilin noyabrında IAAR ekspertləri Bakıya səfər edərək ATU-da vəziyyəti qiymətləndiriblər. Müəllim və tələbələr arasında geniş sorğular keçirilib, təhsil proqramlarının icrası, dekanlıqların fəaliyyəti, kliniki bazaların, struktur vahidlərinin və s. işinin beynəlxalq standartlara uyğunluğu dəyərləndirilib: “Gərgin işin nəticəsində ATU-nun üç əsas ixtisas üzrə tədris proqramı beynəlxalq akkreditasiyadan uğurla keçdi. Bu, bizim üçün irəliyə doğru böyük bir addım oldu. Gördüyümüz işlərə, universitetdə aparılan işlərə yenidən fərqli şəkildə baxmağa məcbur etdi”. Rektor qeyd edib ki, ali məktəblər üçün təhsilin keyfiyyətinin artırılması, beynəlxalq nüfuzun yüksəldilməsi, eni bacarıqların əldə edilməsi baxımından beynəlxalq akkreditasiya prosesi böyük önəm daşıyır. G.Gəraybəyli Azərbaycanın digər ali məktəblərinin də IAAR agentliyinə müraciət etməsini alqışlayaraq onlara bu çətin yolda uğurlar arzulayıb. IAAR-ın baş direktoru Alina Jumaqulova bildirib ki, beynəlxalq yığıncağın ATU-nun bazasında keçirilməsi təsadüfi deyil. Çünki Azərbaycanın səhiyyə sahəsində ilk dəfə olaraq məhz Tibb Universiteti üç ixtisas üzrə tədris proqramını uğurla akkreditasiyadan keçib. Qlobal reallıqlar fonunda beynəlxalq akkreditasiyanın önəmindən danışan A.Jumaqulova təhsildə keyfiyyətin təminatında IAAR agentlinin təqdim etdiyi imkanlardan söz açıb. Qeyd edib ki, akkreditasiya istənilən universitet üçün xarici tələblərin qəbulu və xarici ölkələrdə diplomların tanınması üçün əhəmiyyət addım olmaqla yanaşı, həmçinin ali məktəblərin beynəlxalq aləmə inteqrasiyasına töhfə verir. Daha sonra Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyin (IAAR) təmsilçiləri çıxış edərək təhsilin keyfiyyətinin artırılması üçün istifadə olunan mexanizmlərdən, kənar ekspert rəyinin hazırlanmasında meyarlar və digər təqdimatlarla çıxıb ediblər. Sonda akkreditasiya pfrosesi barədə suallar cavaablandırılıb. Qeyd edək ki, IAAR tərəfindən həm institusional, həm də tədris proqramlarının akkreditasiyası aparılır. Bu agentlik MDB ölkələri içərisində Dünya Tibb Təhsili Federasiyası (World Federation of Medical Education – WFME) tərəfindən tanınan ilk qurumdur. IAAR tərəfindən akkreditasiya olunan universitetlər və tədris proqramları Dünya Tibb Təhsili Federasiyasının akkreditasiyanı əldə etmiş sayılır.