Universitetimizin idman həyatı
Uzun illərdir mövcud olan ATU-nun Bədən tərbiyəsi kafedrası 2015-ci ildən öz fəaliyyətini “Təbib” idman klubu kimi davam etdirir. Klubun nəzdində müxtəlif idman bölmələri, tələbələr üçün fakültətiv məşğələlər təşkil olunur. Həmçinin burada Hərbi tibb fakültəsinin tələbələri və feldşerlər akademik dərs keçirlər. İdman kompleksinin 11 zalı, böyük hovuzu tələbələrin istifadəsindədir.
Lakin 1982-ci ildən fəaliyyət göstərən idman kompleksində cari təmirlər olsa da, indiyədək əsaslı təmir aparılmayıb. Müvəqqəti bağlanan hovuzun da əsaslı təmirə ehtiyacı var. Bu çətinliklərə baxmayaraq, kompleksdə mövcud şəraitə uyğun olaraq vaxtaşırı idman tədbirləri həyata keçirilir. Hazırda 14 idman növü üzrə bölmələr fəaliyyət göstərir.
Bunları qəzetimizə açıqlamasında klubun müdiri, beynəlxalq dərəcəli hakim Qələndər Aslanov deyib. O, klubda basketbol, voleybol, həndbol, atletika, cüdo, karate, üzgüçülük idman növlərinə xüsusi diqqət yetirildiyini vurğulayıb. Bildirib ki, hovuz hələlik işləməsə də, üzgüçülüklə məşğul olan tələbə idmançılar ümumi fiziki hazırlıqlarını daim artırırlar. Məqsəd odur ki, hovuz fəaliyyətə başlayanda onları üzgüçülüyə cəlb edə bilsinlər: “Bundan əlavə, aerobika idman rəqsləri, Roma güləşi və sərbəst güləş, futzal, şahmat, dama idman növlərinə də maraq az deyil. Onu da bildirim ki, futzal, voleybol üçün yüzlərlə tələbə müraciət edir və bu idman növləri üzrə ayrıca bölmə fəaliyyət göstərir”.
Pandemiyadan sonra klubun 20-dən çox müxtəlif idman növü üzrə keçirilən yarışlara ev sahibliyi etdiyini söyləyən Q.Aslanov, il ərzində cari yarışlarla yanaşı, 31 may tarixində 7 idman növü üzrə “Zəfər festivalı” adlı böyük bir yarış təşkil etdiklərini də xatırladıb: “Bakıda yerləşən 10 ali təhsil müəssisəsinin tələbə idmançıları arasında ATU komanda hesabında birinci yerə çıxdı. Həvəskar idmançılarımızla yanaşı, peşəkar idmançılarımız da var. Onların istedadını, potensialını üzə çıxarmağa çalışırıq. Elə tələbə idmançılarımız var ki, respublikanın yığma komandasında oynayırlar. Şəraitimizə uyğun olaraq stolüstü tennis, badminton, voleybol, futzal və şahmat üzrə daha tez-tez yarışlar keçirə bilirik”.
Q.Aslanov təkmübarizəli idman növləri üzrə yarışlar keçirməyə isə risk etmədiklərini bildirib. Səbəbini həm bütün çəki kateqoriyasında idmançı tələbələrin tələb edilməsi, həm də klubda travma alan idmançılara yardım göstərən həkim və tibb bacısının olmaması ilə əlaqələndirib.
Təqvim planına uyğun olaraq, vaxtaşırı bayram tədbirlərinin keçirildiyini deyən klubun müdiri, ölkə çempionatı, respublika əhəmiyyətli idman tədbirlərində də yaxından iştirak etdiklərini diqqətə çatdırıb: “Ötən il Basketbol Federasiyasının təşəbbüsü ilə tələbələr arasında basketbol üzrə respublika çempionatı keçirildi. 24 universitetin qoşulduğu həmin yarışda yığma komandamız 4-cü yeri qazandı. Hər ilin may ayında Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakı bulvarında “Küləyə qalib gələk” şüarı ilə keçirilən ənənəvi marafona bu il də qoşulduq. Ümumilikdə 15 min nəfərin qatıldığı marafonda əsas sertifikat birinci minlikdə gələnlərə verilirdi. Yüzlükdə gələnlər isə medal alırdı. Bizim tələbələrdən 96 nəfər minlikdə idi, onlardan 30 nəfəri medala layiq görüldü. Hətta İdman Akademiyası bu qədər medal almamışdı”.
Nəsimi rayon Gənclər və İdman İdarəsi ilə birlikdə dövlət əhəmiyyətli bayram tədbirlərinin, müxtəlif idman yarışlarının planlaşdırıldığını da vurğulayan Q.Aslanov, tələbələrin idmana cəlb olunması üçün təbliğat işinə xüsusi önəm verdiklərini bildirib. Qeyd edib ki, klubun əməkdaşları ilk növbədə I kursa qəbul olunanlarla təbliğat işi aparırlar. Ancaq dərs yükünün ağır olması səbəbindən onlar adətən II, III kursdan müraciət edirlər. Onun sözlərinə görə, bu il I kursdan müraciət edənlər arasında voleybol və futzal idman növlərini seçənlər daha çoxdur.
“Təbib” idman klubunun təşkil etdiyi tədbirlərdə yalnız tələbələrin deyil, professor-müəllim heyətinin iştirakı da müsbət haldır. ATU tələbələrinin idmana xüsusi maraq göstərməsi həm də yaxşı bir nümunədir. Çünki gələcəyin həkimi olaraq onlar yaxşı bilirlər ki, idman sağlamlığın rəhnidir.