Tarixi ədalətin bərpa olunduğu Zəfər Günü

ATU-nun İctimai fənlər kafedrasında Vətən müharibəsində qələbəmizin ildönümü ilə bağlı geniş konfrans keçirilib

 

Noyabrın 2-də ATU-nun İctimai fənlər kafedrasında Zəfər Günü ilə bağlı Tələbə Elmi Cəmiyyətinin geniş konfransı keçirilib. Kafedranın müdiri, professor Qoşqar Əliyev tədbirdə giriş nitqi ilə çıxış edib.

Kafedra müdiri bildirib ki, 90-cı illərin əvvəllərində xalqımızın başına namərd qonşularımız tərəfindən gətirilən müsibətlər, ərazilərimizin işğal olunması hər birimizin qəlbini daim alovlandırırdı: “Xalqın tələbi ilə ölkə rəhbərliyinə gələn ümummilli lider Heydər Əliyev keçmiş iqtidarın səriştəsiz fəaliyyəti nəticəsində yığılmış problemlərlə qarşılaşsa da, böyük səylərlə onları aradan qaldırmağa nail oldu. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyev ata vəsiyyətini – ümummilli liderin “inanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram” – sözlərini doğruldaraq, ölkəmizin inkişafı yolunda gecə-gündüz çalışmağa başladı.  Nəhayət, 2020-ci ilin bu günlərində Müzəffər Ali Baş komandanın rəhbərliyi ilə Azərbaycan ordusu torpaqlarımızı düşmən caynağından azad etdi. Şübhəsiz ki, gələcək nəsillər hələ uzun illər bu şanlı tarixi fəxrlə qeyd edəcək və bu möhtəşəm qələbənin müəllifi olan Müzəffər Ali Baş Komandanımızın möhkəm iradəsindən və dəmir yumruğundan dönə-dönə bəhs edəcəklər”.

ATU-nun Elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində belə tədbirlərin keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın öz haqqı uğrunda mübarizə aparmağa qadir güclü bir dövlət olduğu bütün dünyaya göstərildi.

Prorektor əldə olunan bu şanlı qələbədə məzunlarımız olan hərbi həkimlərin misilsiz fədakarlığından söhbət açıb. Qeyd edib ki, cəsur həkimlərimiz həyatlarını risk altına ataraq yaralılara kömək edib və onların bəziləri qəhrəmanlıqla şəhid olub.

Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli bildirib ki, xalqımız bu qələbənin əldə edilməsi yolunda həm Ali Baş Komandanın rəşadətindən ilhamlandı, həm də tarixi kökləri üzərində boy verib ucalan igidliklərə imza atdı: “Qələbənin əldə edilməsində ən vacib məqam xalqımızın tarixi ədaləti bərpa etmək, azğın düşməni işğal edilmiş ərazilərdən qovmaq məqsədi idi. Bunu da birlikdə bacardıq və indi dünyada başıucayıq. Qələbəmizin ana sütununu xalq-iqtidar birliyi təşkil etdi. Bu 44 günlük müharibə xalqımızın hərb tarixində bərabəri olmayan bir hadisədir”.

Tədbirdə çıxış edən Vətən müharibəsi qazisi, polkovnik-leytenant Dəyanət Məmmədov vurğulayıb ki, möhtəşəm qələbənin iki illiyini qeyd edən xalqımız alnıaçıqdır: “Bu gün hər bir insanımız fərəh və qürur hissi keçirir. Erməni mifini birdəfəlik aradan qaldıran qəhrəman Azərbaycan ordusu sərhədlərin müəyyən edilməsi işi ilə məşğuldur. Xalqımız ölkə rəhbərliyinin diqqət və qayğısı ilə azad olunmuş ərazilərdə quruculuq işlərinə başlayıb”.

Sonra söz məruzəçi tələbələrə verilib. Leyla Ağabəyli “Tarixi qələbəmiz”, Fatimə Rəsulova “Göz yaşı içində gülüş - Zəfər Günümüz”, Saçlı Cəfərova “Qəhrəmanlıqla taclanan Zəfər bayramı”, Aytən Namazlı “44 günlük müharibə - Dəmir yumruq”, Elmir Mirzəyev “2-ci Qarabağ müharibəsi: Şanlı Zəfər tariximiz”, Rəsul Bünyatov “Görünməyən qəhrəmanlar - Ağxalatlılar” və Ofelya Məmmədova “2020-ci ilin 8 noyabrı Zəfər Günümüzdür” mövzularında çıxışlar ediblər. Məruzələrdə vurğulanıb ki, xalqımız bu döyüşlərdə ölkə başçısı İlham Əliyevin yeritdiyi düzgün daxili və xarici siyasəti dəstəklədi və qələbəyə inamından ruhlanaraq düşmən üzərində əbədi Zəfər əldə etdi. Bu qələbənin qazanılmasında ən vacib məqam odur ki, Azərbaycan tarixi ədaləti bərpa etdi və azğın düşməni ərazilərimizdən birdəfəlik qovdu.

Toplantıda məruzəçi tələbələrin elmi rəhbərləri, eləcə də Vətən müharibəsinin qaziləri – gizirlər Amil Əbilov və İlqar Cəbrayılov da iştirak edirdilər.