Noyabrın 8-i Beynəlxalq Radioloqlar Günüdür
Rentgen şüaları 1895-ci il noyabrın 8-də alman fiziki Vilhelm Rentgen tərəfindən kəşf olunub. Bu münasibətlə dünya radioloqları hər il noyabrın 8-ni Beynəlxalq Radioloqlar Günü kimi qeyd edirlər. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Radiologiya şöbəsi də hər il həmin günlə əlaqədar müxtəlif tədbirlər keçirir.
ATU-nun Şüa diaqnostikası və terapiyası kafedrasının müdiri, tibb elmləri doktoru, professor Məlahət Sultanovanın bildirdiyinə görə, Radiologiya şöbəsində günün tələblərinə uyğun olaraq, Maqnit Rezonans Tomoqrafiya (MRT), Kompüter Tomoqrafiya (KT), rəqəmsal rentgen, ultrasəs müayinələri aparılır: “Şöbəmizdə işləyən mütəxəssislər ölkəmizdə kifayət qədər sözünü demiş, ixtisaslaşmış radioloqlardır. Müxtəlif patologiyalarla xəstələr klinikamıza müraciət edirlər. Onlar arasında elələri olur ki, təcili diaqnoz qoymaq lazım gəlir. Bizim cavabımızdan müalicə həkiminin verəcəyi qərar asılı olur. Biz də çalışırıq ki, diaqnozumuzda heç bir yanlışlığa yol verməyək. Alqoritmlərimizi düzgün quraq bilək və ardıcıllıq düzgün aparılsın. Müayinə üsullarını, müayinə metodlarını dünyada qəbul olunmuş protokollara əsasən tətbiq edirik. Bu baxımdan, xəstəni bizə yönəldən müalicə həkiminin göndərişindən də çox asılıdır. Ona görə yaxşı olar ki, bu gün qəbul olunmuş şüa-diaqnostik müayinə protokolları ilə həkimlərimiz yaxından tanış olsunlar ki, hansı halda hansı müayinənin effektiv olması qərarı düzgün verilsin”.
Bəzən insanların təkidi ilə lazımsız müayinələrin aparıldığını deyən müsahibimiz, qərar vermək lazım gələndə həkim məsləhətlərini əsas götürməyi tövsiyə etdi. Bildirdi ki, pandemiyanın ilk dönəmlərində bir çox insanlar test pozitiv çıxan kimi, gərəksiz yerə Kompüter Tomoqrafiya müayinəsindən keçirdilər: “Bu, tamamilə yolverilməz bir hal idi. Mən bir radioloq olaraq insanları bundan çəkindirirdim. Təsəvvür edin, təkcə döş qəfəsinin KT-si zamanı alınan şüa yükü orta hesabla 3 ildə aldığımız təbii şüalanma yükünə bərabərdir. Ona görə də bu müayinədən vaxtında, düzgün, səmərəli istifadə etmək lazımdır. KT müayinə üsulunu xüsusən onkoloji xəstəliklərin diaqnostikasında, differensial diaqnostika apara bilmədiyimiz hallarda və ya travmaların müayinəsində tətbiq etmək olar”.
Mütəxəssis, eyni zamanda praktikasında qarşılaşdığı maraqlı klinik hadisələrdən də söhbət açdı: “Müayinəyə 8 aylıq bir körpə gətirmişdilər. Ağciyərini müayinə edəndə orada dəhşətli bir görüntünün şahidi olduq. Uşağın 4-cü qabırğasında çox böyük destruksiya sahəsi vardı. Rentgenoqrafiya müayinəsi ilə ilkin diaqnoz qoyulduqdan sonra diaqnozun dəqiqləşdirilməsi məqsədilə bu halda vacib hesab edilən KT müayinəsinə yönəltdik. Bu körpədə 4-cü qabırğada xondrosarkoma aşkar edildi və müalicə üçün müvafiq klinikaya göndərildi. Ümumiyyətlə, bu, uşaqlarda çox nadir rast gəlinən problemlərdən biridir və tərəfimizdən klinik hal kimi nüfuzlu elmi jurnalda dərc olundu”.
Müsahibimiz Radiologiya şöbəsində tələbə və rezidentlərə yaradılan şərait barədə də məlumat verdi: “Şöbəmizdəki mütəxəssislər xəstəyə elmi, akademik baxımdan yanaşmaya üstünlük verirlər. Şöbəmizin müdiri, dosent Rasim Bayramov respublikamızda kifayət qədər tanınmış radioloqdur. Rezidentlərimizin gələcəyin mükəmməl radiologiya mütəxəssisi kimi hazırlanmasında köməyini əsirgəmir. O cümlədən I Cərrahi xəstəliklər kafedrası ilə birlikdə hər həftə toplantılar keçirilir, müzakirələr aparılır. Rezidentlərimizin yaxşı mütəxəssis kimi yetişməsi üçün əlimizdən gələn hər şeyi edirik”.
Kafedra müdiri ilə söhbətimiz zamanı məlum oldu ki, tənəffüs, sümük-oynaq, mədə-bağırsaq sistemi xəstəlikləri, travmalarla bağlı müraciət edənlərin sayı üstünlük təşkil edir: “Cərrahi əməliyyat olunan hər kəsdə döş qəfəsinin rentgen müayinəsini aparırıq. Həmin zaman başqa xəstəliklər də aşkar etmişik. Məsələn, öd daşı, yırtıq və s. əməliyyatlara gedən pasiyentlərdə heç bir şikayəti olmadığı halda ağciyərlərdə vərəm, bədxassəli xəstəlik, hətta ikincili şiş-metastaz aşkar etdiyimiz hallar olub. Elə buna görə insanların skrininq müayinələrdən keçməsi olduqca vacibdir.
Professor M.Sultanova Beynəlxalq Radioloqlar Gününü necə qeyd edəcəkləri ilə bağlı sualımızı da cavablandırdı: “Hər il bu münasibətlə müxtəlif tədbirlər, aksiyalar keçirmişik. Bilirsiniz ki, 44 günlük Vətən müharibəsi zamanı və sonrakı dönəmdə klinikamız yaralı qazilərimizin müayinə və müalicəsi ilə məşğul oldu. Radiologiya şöbəsi olaraq qəhrəman qazilərimizin demək olar ki, hamısında müayinələr apardıq. Klinikamızın həkimləri, şöbəmizin əməkdaşları onların xidmətində qürur hiss ilə durdular. Artıq 2-ci ildir ölkəmizdə radioloqların bayramı Zəfər Gününə təsadüf edir. Əlbəttə ki, bu möhtəşəm bayramımızdan sonra tədbir və seminarlarımızı keçirməyi nəzərdə tutmuşuq”.
ATU-nun kafedra müdiri sonda tibbin diaqnostika sahəsinə dair bir latın ifadəsini yada saldı: “Diagnosis certa ullae therapie fundamentum” - düzgün diaqnoz müalicənin əsasını təşkil edir. Bu yolda bütün radioloq həmkarlarıma uğurlar arzulayıram”.