Yüksək temperatur, bəlğəmli öskürək, təngnəfəslik...

 

Dosent Rafiq Bayramov pnevmoniyanın səbəbləri və müalicəsi haqda danışır

 

Noyabrın 12-si Ümumdünya Pnevmoniyaya qarşı Mübarizə Günüdür. Pnevmoniya nədir və onun səbəbləri, əsas əlamətləri hansılardır? Risk qrupuna kimlər daxildir? Bu və digər suallara ATU-nun Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov “Təbib” qəzetinin əməkdaşı ilə söhbətində aydınlıq gətirib.

Həkim bildirib ki, pnevmoniya və ya sətəlcəm ağciyər toxumasının iltihabi xəstəliyidir. Etiologiyasından asılı olaraq bakterial (pnevmokok, stafilokok, fridlender çöpləri və s.), virus (koronavirus, qrip, paraqrip, respirator-sinsitial, adenovirus və s.), pnevmosist, rikketsioz, parazitar və göbələk mənşəli pnevmoniyalar ayırd edilir: “Hüceyrədaxili törədicilərin (legionellər, mikoplazmalar, xlamidiyalar) yaratdığı pnevmoniyalar atipik pnevmoniyalar adlanır. Xüsusilə, son illərdə koronavirus pandemiyası ilə əlaqədar olaraq virus pnevmoniyası olan xəstələrin sayı artıb. Gənclərdə pnevmoniyaları adətən hər hansı bir törədici yaradır (monoinfeksiya), amma yaşlı və yanaşı xəstəliyi olan şəxslərdə pnevmoniyanın səbəbi çox vaxt bakterial, yaxud virus-bakterial assosiasiyalı olur ki, bu da adekvat etiotrop müalicənin seçilməsində çətinlik yaradır”.

R.Bayramov vurğulaıb ki, pnevmoniya ilə hər kəs xəstələnə bilər. Amma əsas risk qrupları kiçikyaşlı uşaqlar və yaşı 65-i ötənlər, şəkərli diabet, QİÇS, xroniki ağciyər-ürək və mədə-bağırsaq xəstəliyi olanlar, orqanizmin immun sistemini zəiflədən preparatları qəbul edənlər, ağır cərrahi əməliyyat (məsələn, orqan köçürülməsi, açıq ürək əməliyyatı və s.) keçirənlər, zərərli vərdişləri (siqaret, alkoqol) olan şəxslərdir.

Pnevmoniya ilə xəstələnmə durumu barədə məlumat verən mütəxəssis deyib ki, dünyada olduğu kimi, ölkəmizdə də daha çox uşaqlar, yaşlılar, xroniki xəstəliyi olanlar və immun sistemi zəif olan insanlar xəstələnir: “Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada 5 yaşadək uşaqların ölüm səbəblərinin 15%-i pnevmoniyaların payına düşür. Belə ki, hər il dünyada 800 000-dən çox 5 yaşadək uşaq pnevmoniyadan dünyasını dəyişir. İldə hər 1000 nəfərdən 10-15, yaşlı insanlar arasında isə hər 1000 nəfərdən 25-44-ü  pnevmoniya ilə xəstələnir. Ölüm səbəbinin ümumi strukturunda pnevmoniyalar ilk beşlikdə yer alır. Hospitaldankənar pnevmoniyalarda ölüm gənc və orta yaş qruplarında 1-3%, yuxarı yaş qruplarında isə 15-30% təşkil edir. Hospital şəraitli pnevmoniyalarda isə ölüm bəzi hallarda 50%-ə çatır”.

Pnevmoniyanın əsas əlamətlərindən söhbət açan həkim söyləyib ki, bu, xəstənin yaşından, ağciyərlərin zədələnmə həcmindən, törədicinin növündən və s. asılı olaraq müxtəlif ola bilər. Klinik əlamətləri isə fərdi olaraq müxtəlif dərəcədə büruzə verə bilər: “Adətən pnevmoniya kəskin inkişaf edərək qısa müddətdə döş qəfəsində ağrı, temperaturun yüksəlməsi, bəlğəmli öskürək və təngnəfəsliklə xarakterizə olunur. Bəzi hallarda isə pnevmoniya soyuqdəymə və kəskin respirator virus infeksiyalarından (qrip) sonra inkişaf edir. Qeyd etmək istərdim ki, pnevmoniyalar zamanı da müşahidə edilən təngnəfəslik əlaməti, alveolların 25%-i fəaliyyət göstərdiyi halda, sakit vəziyyətdə olan orta yaşlı şəxslərdə müşahidə edilmir. Yəni, ağciyərlərin ¼ hissəsinin fəaliyyəti oksigenə olan tələbatı ödəyə bilir”.

Pnevmoniyaların diaqnostikası və müalicəsi haqqında danışan kafedra müdiri qeyd edib ki, xəstənin şikayətləri, radioloji və laborator müayinələrin nəticələri əhəmiyyətlidir: “Son zamanlarda koronavirus

pnevmoniyası ilə əlaqədar olaraq insanların daha çox narahatlığına səbəb olan, KT müayinəsi zamanı ağciyərlərdəki “buzlu şüşə” görüntüsü yalnız COVİD-19 ilə bağlı deyil, ağciyər toxumasının sıxlaşmasına səbəb olan bütün hallarda (pnevmoniya, ağciyər vərəmi, kiçik qan dövranındakı durğunluq və s.) müşahidə oluna bilər. Vaxtında diaqnoz qoyulub, doğru müalicə aparılmazsa, pnevmoniyadan ağırlaşmalar inkişaf edə, bu da həyati

təhlükəli ola bilər. Risk qrupuna aid olan və immuniteti zəif xəstələr üçün pnevmoniya xüsusilə təhlükəlidir. Ona görə də bu qrupdan olan şəxslərə profilaktika məqsədilə pnevmoniya əleyhinə vaksinasiya tövsiyə olunur.

Pnevmoniyanın müalicəsi ixtisaslı mütəxəssis tərəfindən, xəstəliyin ağırlıq dərəcəsinə, törədicinin növünə və ona qarşı dərmanlara həssaslığa müvafiq olaraq kompleks aparılmalıdır”.