Həkim-endokrinoloq: “Şəkərli diabetin hədəf orqanları beyin, ürək, gözlər, böyrəklər, sinirlər və aşağı ətraflardır”
Şəkərli diabet ən geniş yayılmış endokrin xəstəlikdir. Statistikaya görə, 20-80 yaş arasındakı dünya əhalisinin hər 10-cu şəxsində şəkərli diabet var. Bu barədə “Təbib” qəzetinə açıqlama verən ATU-nun II Daxili xəstəliklər kafedrasının assistenti, endokrinoloq Könül İsmayılova bildirib ki, əslində qanda şəkərin yüksək olması xəstəyə çox əziyyət vermir:
“Xəstəyə əziyyət verən şəkərli diabet zamanı əmələ gələn xroniki ağırlaşmalardır. Məsələ burasındadır ki, ilk dəfə həkimə müraciət edən xəstələrin əksəriyyətində artıq bu ağırlaşmalar müşahidə olunur. Bunlara daha çox diabetik angiopatiya dediyimiz damar ağırlaşmaları aiddir. Şəkərli diabet bütün orqanlara öz möhürünü vuran bir xəstəlik olsa da, əsas hədəf orqanları beyin, ürək, gözlər, böyrəklər, sinirlər və aşağı ətraflardır”.
Xəstəliyin profilaktikasında hər kəs üçün sağlam həyat tərzinin tövsiyə olunduğunu söyləyən həkim-endokrinoloq, şəkərli diabet zamanı qida rasionunu diqqətdə saxlamağın vacibliyini də vurğulayıb: “Şirniyyatı, xüsusən də karamelləri öz menyumuzdan çıxarmalıyıq. Çörək və un məmulatlarını tamamilə azaltmalıyıq. Çörəkdən səhər, günorta və axşam yeməklərində hər dəfə iki balaca dilim olmaqla istifadə edə bilərik. Meyvə ilə qidalanmanı da minimuma endirməli və günün birinci yarısında bitirməliyik. Yəni axşama saxlamamalıyıq. Tərəvəzlərdən isə daha bol istifadə etməliyik. Eyni zamanda fiziki aktivliyi, açıq havada yürüşü artırmaq, zərərli adətlərdən, xüsusən də siqaret çəkməkdən uzaq durmaq, artıq çəkiyə yol verməmək lazımdır”.
K.İsmayılova bütün yanaşı xəstəliklərin, o cümlədən ürəyin işemik xəstəliyi, böyrəklərin, ağciyərin xroniki xəstəlikləri və arterial hipertoniyanın şəkərli diabetin gedişinə təsirindən də danışıb. Həmçinin şəkərli diabetin bu xəstəliklərin gedişini ağırlaşdırdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, qanda həm şəkər göstəricilərini, həm də digər göstəriciləri, məsələn, arterial təzyiqi normada saxlamaq lazımdır ki, bu xəstəliklər bir-birini ağırlaşdırmasın: “Əgər yanaşı xəstəliklərin özləri ağır mərhələdədirsə, onda şəkərin miqdarından asılı olmayaraq, şəkərli diabet xəstəsini ancaq insulinlə müalicə etmək şərtdir”.
Şəkərli diabetin ilkin əlamətlərinin müxtəlif olduğunu deyən müsahibimiz qeyd edib ki, tez-tez acmaq, yanğı hissi, tez yorulma, çoxlu maye qəbulu və maye ifrazı (xüsusilə də gecələr), bədəndə qaşınma, görmə zamanı görüntünün bulanması, eləcə də səbəbsiz arıqlama halları şəkərli diabetə xas əlamətlərdir. K.İsmayılova onu da bildirib ki, irsən şəkərli diabeti, eləcə də artıq çəkisi olanlar, digər xəstəliklərə görə qlükokortikoidlər qəbul edən xəstələr bu əlamətləri hiss etmədikdə də mütəmadi olaraq şəkərli diabetə görə müayinədən keçməlidir: “Yadda saxlamalıyıq ki, şəkərli diabetin əlamətləri nəzərə çarpmaya da bilər. Ona görə də diaqnoz qoyulana qədər biz çox vaxt itirmiş olarıq.
Evdə özünə nəzarət üçün istifadə olunan şəkərölçən cihazların, yəni qlükometrlərin xətalı məlumatlar verməsi də istisna deyil. Şəkər acqarına, 10 saat aclıqdan sonra, şübhəli nəticələrdə isə ən azı 2 dəfə müxtəlif günlərdə ölçülməlidir. Nəticə əldə edə bilməsək, gizli şəkəri aşkarlamaq üçün 3 aylıq şəkər ölçüsünü göstərən qlükohemoqlobin adlanan analizin aparılması zəruridir. Yuxarıdakı əlamətləri hiss edən pasiyent həkimə qədərki mərhələdə artıq öz qidasından şəkərli məhsulları mütləq çıxarmalıdır”.
Xatırladaq ki, 2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən, 2007-ci ildən etibarən hər il noyabrın 14-ü Ümumdünya Diabet Günü kimi qeyd olunur.