ATU-da Böyük Elmi Şuranın növbəti iclası keçirilib

İş prosesi mütəmadi davam edən sahə

 

ATU-nun İnzibati və təsərrüfat işləri üzrə prorektoru Tağı Əhmədov Böyük Elmi Şurada hesabat məruzəsi ilə çıxış edib

 

Noyabrın 29-da Azərbaycan Tibb Universiteti Böyük Elmi Şurasının növbəti iclası keçirilib. İclası açan ATU-nun rektoru, professor Gəray Gəraybəyli gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

Sonra ATU-nun İnzibati və təsərrüfat işləri üzrə prorektoru Tağı Əhmədovun 2018-2022-ci illərdə prorektorluğun gördüyü işlərlə bağlı hesabat məruzəsi dinlənilib.

Məruzəçi prorektorluğun tabeliyində olan struktur, bölmələrin və obyektlərin işinin günün tələbləri səviyyəsində koordinasiya edildiyini və onların fəaliyyətinə nəzarət olunduğunu bildirib: “Bizim məqsədimiz müəllim-professor heyətinin və tələbələrin tədris prosesini komfort şəraitdə həyata keçirməkdən ibarətdir. Qeyd etmək istərdim ki, universitetin maddi-texniki ehtiyatlarla fasiləsiz, lazım olan vaxtda təmin edilməsində Təsərrüfat və təchizat şöbəsinin mühüm rolu var. Universitetin bütün strukturlarını, o cümlədən tədris, elmi və inzibati sahələri müasir avadanlıqlarla təmin etmək, təmir-tikinti işlərinin aparılması və sair xidmətlərin göstərilməsi bu şöbənin əsas işlərindəndir. Təsərrüfat və təchizat şöbəsinin bütün fəaliyyəti - təmir-tikinti layihələri, müxtəlif xidmətlər, bütün növ alqı-satqı əməliyyatlarının aparılması üçün tenderlər və kotirovkalar qanunvericiliyə uyğun həyata keçirilir. Bütün görüləcək işlərdə ilk öncə universitetin tələbləri nəzərə alınır. Bunun üçün universitetin bütün strukturlarından və bölmələrdən il ərzində tələb olunan məlumatlar yığılır. Həmin məlumatlar toplanılıb analiz olunur, rektorluq səviyyəsində razılaşdırılır və onların icrasına start verilir”.

Görülmüş işlər barədə məlumat verən T.Əhmədov vurğulayıb ki, pandemiya dövründə bir çox layihələri reallaşdırmaq mümkün olmayıb: “Cənab Prezident İlham Əliyevin də dediyi kimi, XXI əsr texnoloji mübarizə əsri sayılır və internet, texnologiyalar tədrisin əsasını təşkil edir. Bu baxımdan hörmətli rektorumuz universitetdə elektron avadanlıqların yaxın illərdə tam yenilənməsi və universitetin yüksək sürətli internetlə təmin edilməsi haqda tapşırıq verib. Bu yenilənmə universitetin bütün strukturlarını əhatə etməlidir. Bu illər ərzində universitetin bütün strukturlarına yeni avadanlıqların alınması üçün 3 böyük tender keçirilmiş, kompyuterlər, notebooklar, printerlər, UPS, proyektorlar və onlar üçün lazim olan aksessuarlar alınmışdır.

Universitetin bütün tədris binaları, yataqxanaları, idman kompleksi və binaların internetlə təchiz olunması nəzərdə tutulub. Bununla əlaqədar inzibati binada, bəzi yataqxana və tədris binalarında fiberoptik kabel çəkilmişdir. Hal-hazırda 5 saylı tədris binasının tam şəkildə yüksək sürətli internetlə təchiz olunması layihəsi hazırlanaraq tenderə çıxarılmışdır.

Bütün görülən işlər tədrisin yaxşılaşdırılması və tələbələrin rahat yaşayışı üçündür. Məqsədimiz yataqxanalarda yaşayış üçün komfortlu şəraitin yaradılmasıdır. Hal-hazırda 1-ci və 2-ci yataqxanalar təmir olunub, 3-cü və 6-cı yataqxanalar üçün proyekt işləri aparılır. Yeni ildə bu yataqxanalarda təmir işlərinə başlanılması nəzərdə tutulub. Həmçinin hal-hazırda tədris binalarının foyelərində tələbələrin diskussiya aparması üçün müasir mebellərlə təchiz olunmuş guşələr yaradılmış, 1 və 2 saylı tədris binaları və İmtahan Mərkəzində tələbələr üçün yeni müasir paltar dolabları quraşdırılmışdır”.

Sözünə davam edən məruzəçi deyib ki, tələbələrin qidalanması rektor tərəfindən ciddi nəzarətə götürülüb. Universitet tərəfindən bağlanmış bir illik pilot xidmət müqaviləsinə əsasən, bütün iaşə obyektlərində təmir işləri aparılıb və təqdim olunmuş məhsullar yüksək səviyyədədir: “İstərdim ki, universitetin müəllim-professor heyəti və digər işçiləri bu iaşə obyektlərindən daha çox istifadə etsin və öz təklif və iradlarını bildirsin. Bildiyiniz kimi, ATU-nun idman kompleksi digər universitetlərlə müqayisədə çox unikal bir kompleksdir və çalışırıq ki, bu kompleks müasir tələblərə cavab versin. Bunun üçün də burada vaxtaşırı idman zalları təmir olunur. Bundan başqa, ATU-nun Əsaslı Kitabxanası hazırda müasir standartlara cavab vermədiyindən, hörmətli rektorumuzun təşəbbüsü ilə qəza vəziyyətində olan, vaxtilə qaçqınların yaşadığı 4 saylı yataqxananın yerində yeni kitabxananın tikilməsi aktuallaşıb. Qeyd etmək istərdim ki, həmin binada kitabxana ilə yanaşı, həm də tədbirlərin, konfransların keçirilməsi və simulyasiya mərkəzinin, eləcə də kafenin layihələndirilməsi nəzərdə tutulub”.

Prorektor məlumat verib ki, İnsan anatomiyası və tibbi terminologiya kafedrasının preparasiya laboratoriyasında əsaslı təmir işləri aparılıb və müasir avadanlıq, tədris ləvazimatları, mulyajlarla təchiz olunub. Bundan başqa, krimatoriya sobası da əsaslı təmir olunub. Tibbi mikrobiologiya və immunologiya kafedrasında 2 laboratoriya təmir olunub və tibbi avandalıqlarla təchiz edilib. Həmçinin Pataloji fiziologiya, Tibbi mikrobiologiya və immunologiya kafedralarına məxsus 2 vivari əsaslı təmir olunub, 2 vivari isə əlavə olaraq Farmokologiya və Normal fiziologiya kafedralarına təhvil verilib: “2018-2022 illər ərzində universitetdə daimi cari təmir işləri həyata keçirilib. 5 saylı tədris binasının pilləkən qəfəsələrində sıradan çıxmış yer örtükləri gediş-gəlişə təhlükə yaratdığı üçün dəyişdirilərək yenisilə əvəz olunmuş, həmin tədris binasının fasadından yararsız və qopub yerə düşən provertin örtükləri sökülərək yenidən təmir edilmişdir. Bundan əlavə, 2 və 5 saylı tədris binalarında sanitar qovşaqları təmir olunub və yeni avadanlıqlara təchiz edilmişdir. Uzun müddət universitet binalarında istismarda olan elektrik naqillərinin istifadə müddəti bitdiyinə görə onların dəyişdirilməsinə zərurət yarandığından, yarasız naqillər mis naqillərlə əvəz olunmuşdur. Hazırda tədris binalarında və yataqxanalarda elektrik avtomat qoruyucularının istifadə müddəti bitdiyinə görə dəyişdirilir”.

Qış mövsümü ilə əlaqədar görülən işlərdən də bəhs edən natiq vurğulayıb ki, mərkəzi qazanxananı fasiləsiz enerji ilə təmin etmək məqsədilə nəzərdə tutulan generator təmir olunub, universitetin kameralaşması üçün əsaslı işlər görülüb və ona aid avadanlıqlar alınıb: “Bundan başqa, təmirə ehtiyacı olan 2 saylı tədris binasının dam örtüyü Təsərrüfat və təchizat şöbəsinin işçiləri tərəfindən təmir edilmiş, İctimai sağlamlıq və səhiyyənin təşkili, Qidalanma və komminal gigiyena, Əczaçılığın kimyası kafedralarının hər birinin mühazirə zalı təmir olunub istifadəyə verilmişdir. 2 saylı yataqxanada qonaq otaqları təmir olunub və yeni mebellərlə təchiz edilib. 4 və 5 saylı tədris binalarındakı və inzibati binadakı akt zalı, 3 saylı tədris binasındakı mühazirə zalı yeni müasir səsgücləndirici ilə təmin edilib. Mətbuat katibliyinə müasir fotoaparat və çəkiliş kamerası alınıb”.

R.Əhmədov qeyd edib ki, idman kompleksi və 5 saylı tədris binasının dam örtükləri yararsız hala düşmüşdü. Bu barədə universitet rəhbərliyinə məlumat verildikdən dərhal sonra müvafiq tədbirlər görülüb və təhlükənin aradan qaldırılıb. Həmçinin inzibati binanın zirzəmisində yaradılan 200 nəfərlik sığınacaq Fövqəladə Hallar Nazirliyinin tələblərinə uyğun olaraq təmir edilib, havalandırma sistemi quraşdırılıb və alternativ elektrik təchizatı ilə təmin olunub. Bütün bunlarla yanaşı, DİM ilə müştərək olaraq 3, 5 və 6 saylı yataqxanaların və Tədris Stomatoloji Klinikanın istilik və isti su təchizatını yaxşılaşdırmaq məqsədilə yeni qazanxana istismara verilib və həmin binalara gedən borular dəyişdirilib.

Qarabağ müharibəsinin universitetimizdən yan keçmədiyini söyləyən T.Əhmədov bildirib ki, Vətən müharibəsində ATU-nun tələbə və gənc həkimləri şəhidlik zirvəsinə ucalıblar. Bunu nəzərə alan rəhbərlik şəhid məzunlarımızın adını uca tutaraq universitet şəhərciyində “Xatirə abidəsi” ucaldıb. Bundan əlavə, rəhbərlik şəhid ailələrini və qazilərimizi daim diqqət mərkəzində saxlayır. 8 Noyabr Zəfər Günündə ATU-nun rəhbər heyəti şəhid ailələri və qazilərimizlə görüşərək onlara maddi və mənəvi dəstək olub.

Məruzə ətrafında çıxış edən kafedra müdirləri Həqiqət Qədirova, Məhbubə Vəliyeva və ETM-in direktoru, professor Qalib Qarayev universitetdə aparılan yenidənqurma və təmir-tikinti işlərindən razı qaldıqlarını bildirib, kafedralara yeni, müasir avadanlıqların alınmasından geniş söhbət açıblar. Məruzəni qənaətbəxş qiymətləndirən natiqlər çıxışlarında bu sahədə əldə olunan nailiyyətlərlə yanaşı, bir sıra problemləri də dilə gətiriblər və onların aradan qaldırılması istiqamətində öz təkliflərini irəli sürüblər.

Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov qeyd edib ki, təsərrüfat hissəsinin gördüyü işlər çoxdur: “Bu sahə elədir ki, orada iş qurtarmır, hər zaman iş var. Ona görə də hər bir əməkdaşımız təsərrüfat hissəsinə daim kömək etməli, tabeliyində olan inventarlardan düzgün istifadə etməli, qoruyub saxlamalıdır. Əgər universitetin daha yaxşı şəraitdə fəaliyyət göstərməsini istəyiriksə, o zaman daxili nizam-intizam qaydalarına riayət etməliyik. Biz daim təsərrüfat şöbəsi ilə birgə mütəmadi olaraq tələbə yataqxanalarına baxış keçiririk. Yataqxanalarımızda 731 nəfər tələbə yaşayır. 234 yerimiz boşdur. O da əsasən 6 saylı yataqxananın hesabınadır ki, 165 nəfər 6 saylı yataqxananın payına düşür. Hər il dərslərin başlaması ilə əlaqədar yataqxanalarda da qışa hazırlıqla əlaqədar kifayət qədər işlər görülür. Bizim bəzi yataqxanalarda hər il istilik problemi yaranırdı. Amma bu problem artıq biryolluq həllini tapıb”.  

Müzakirələrə yekun vuran rektor bildirib ki, təsərrüfat hissəsi universitetin ən ağır və çətin sahələrindən biridir və burada nə qədər iş görülsə də, bu proses mütəmadi davam etməlidir: “Tibb təhsilində tədris prosesi prioritetlik təşkil etsə də, universitetdə təsərrüfat işlərinin həyata keçirilməsinə də eyni dərəcədə xüsusi diqqət yetirir. Bütün bu tədbirlərin yüksək səviyyədə yerinə yetirilməsinin bünövrəsində maddi-texniki baza, innovativ təchizat, müasir avadanlıqlar durur. Hal-hazırda maddi bazamız bizə imkan verir ki, universiteti lazım olan inventarla təmin edə bilək. Bildiyiniz kimi, vaxtilə 2 saylı yataqxanada yerləşən tələbə poliklinikası qonaq evinə çevrilib və qonaqlar üçün əlverişli şərait yaradılıb. Bundan başqa, qarşıda duran məsələlərdən biri də “Təbib” nəşriyyatının işini gücləndirməkdir. Çünki orada kitab, jurnal və başqa çap nümunələri ilə yanaşı, universitetin “Təbib” qəzetinin də dərc olunması nəzərdə tutulub”.

Daxili nizam-intizam qaydalarına və qarşıda duran vəzifələrə də toxunan rektor vurğulayıb ki, müasir dövrdə internetsiz yaşamaq mümkün deyil. Bu məqsədlə kafedralarımız daim yeni nəsil kompüterlərlə təmin edilir: “Lakin bu o demək deyil ki, kimsə işin kompüterini evinə aparsın və yaxud da işinə səhlənkar münasibət bəsləsin. Bu yolverilməzdir. Bu gün hələ də kafedralarda vaxtlı-vaxtında işə gəlməyən əməkdaşlar var. Hazırda universitetdə 200-dən artıq baş laborant var. İndi aparılan səthi araşdırmalardan məlum olur ki, bunların arasında elələri var ki, illərlə bu vəzifəni tutsa da, heç bir elmi iş aparmır. Kafedra müdirləri isə buna göz yumurlar. Bu səbəbdən də universitetin baş laborantlarının peşəkar səviyyəsinin yoxlanılması üçün Böyük Elmi Şurada onların attestasiya məsələsinə baxılmalıdır. Hesab edirəm ki, üç ildən artıq bu vəzifəni tutanlar növbəti ildə qaydalara uyğun olaraq attestasiyadan keçməli olacaqlar”.

Sonra Şura üzvləri rektorun Heidelberg Universitetinin Mannheim Cərrahiyyə Klinikasının direktoru, professor Christoph Reissfelderə və həmin universitetin Cərrahiyyə Klinikasının Damar cərrahiyyəsi şöbəsinin müdiri, professor Michael Andreas Keeseyə ATU-nun “Qonaq professoru” (Visiting professor) adının verilməsi təklifini dəstəkləyib.

Bir sıra müxtəlif məsələləri də müzakirə edən Böyük Elmi Şura, Naxçıvan Dövlət Universiteti rezidentlərinin Azərbaycan Tibb Universitetində ödənişsiz əsaslarla rotasiya keçməsinə də münasibət bildirib. Sonda dərslik, dərs vəsaitləri və metodik vəsaitlərin nəşrini təsdiqləyən Böyük Elmi Şura, müsabiqə məsələlərini həll etməklə öz işini başa çatdırıb.