Noyabrın 23-24-də Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutunun təşkilatçılığı ilə Doktorant və Gənc Tədqiqatçıların XXV Respublika Elmi Konfransı - NASCO-XXV keçirilib.
Bu il konfrans Azərbaycanın qədim şəhəri Şuşanın 270 illik yubileyinə həsr olunub. Konfransın açılışından öncə iştirakçılar Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Konfrans Bakı Ali Neft Məktəbində keçirilib, iclaslar bu ali təhsil ocağının modern üslubda inşa olunmuş Bibiheybət kampusunda baş tutub.
Dövlət Himni səsləndirildikdən sonra NASCO təşkilat komitəsinin sədr müavini, Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru Rüfət Əzizov hesabat çıxışı edib. Bundan sonra elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək, elmin inkişaf perspektivlərini dərindən təhlil edib, bütün iştirakçılara uğurlar arzulayıb. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun çıxışından sonra bölmə iclasları keçirilib. Konfransın bölmə iclasları məhsuldar müzakirə, geniş prezentasiyalarla zəngin olub. Tibb elmləri bölməsinin iclası da istisna olmayıb. Ümumiyyətlə, konfransa təqdim olunan işlər obyektiv və dərin yoxlamadan keçirilib, konfransa yalnız ən perspektivli işlər buraxılıb. Tibb elmləri bölməsinə Azərbaycan Tibb Universitetinin I Daxili xəstəliklər kafedrasından Aygün Kazımlı və ATU-nun dosenti Törə Sadıqova rəhbərlik ediblər. Bölmədə ATU-nun İnsan anatomiyası kafedrasından – kafedra müdiri, dosent Anar Abdullayev, dosent, tibb elmləri doktoru Səbinə Şadlinskaya, dosent Gülnarə Kərimzadə, kafedranın doktorantı, tibb üzrə fəlsəfə doktoru Nailə Əliyeva, eləcə də Sitologiya, embriologiya və histologiya kafedrasının baş müəllimi Aygün Əliyarbəyova, Məhkəmə təbabəti kafedrasının əməkdaşı Gülşən Hüseynova çıxış ediblər. Bütün çıxışlar təqdimat üslubu və məzmunu ilə fərqlənib. A.Abdullayev, S.Şadlinskayanın çıxışı “Yuxu-maili dəliyin rastgəlmə tezliyinə dair”, G.Kərimzadənin “Canlı insanda normada üz kanalının müxtəlif seqmentlərində diametrlərinin ölçüləri”, N.Əliyevanın “Normada insanın qaraciyərdaxili öd axacaqlarının limfoid törəmələrinin makro-mikroskopik anatomiyası”, A.Əliyarbəyovanın “Ağciyərlərdə makrofaqlar populyasiyasının kompleks mikroskopik təhlili”, G.Hüseynovanın isə “Öz boyu hündürlüyündən yıxılma zamanı ölümcül zədələnmələrin patoloji müayinəsi” mövzularına həsr olunub.
Sonda hesabat iclası keçirilib, konfransın nəticələri müzakirə edilib. Əməkdaşlarımız Anar Abdullayev və Səbinə Şadlinskayanın çıxışı hesabat iclasında xüsusi qeyd olunub. Həmçinin konfrans iştirakçılarına sertifikatlar verilib.