Ölkəmizdə müasir cərrahiyyənin ustadlarından biri
Dekabrın 2-də ATU-nun Tədris Cərrahiyyə Klinikasında əməkdar həkim, tibb elmləri doktoru, Ümumi cərrahlıq kafedrasının məsləhətçi-professoru Çərkəz Cəfərovun 80 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib. ATU-nun Elmi işləri üzrə prorektoru, dosent Rauf Bəylərov tədbir iştirakçılarını universitetin rektoru, professor Gəray Gəraybəylinin adından salamlayaraq bildirib ki, görkəmli tibb xadimlərinin, tanınmış həkimlərin yubileylərinin keçirilməsi universitetimizdə artıq bir ənənəyə çevrilib.
Yubilyar haqqında qısa məlumat verən prorektor deyib: “Bu gün yubileyini qeyd etdiyimiz Çərkəz müəllim də onlardan biridir. Çərkəz Cəfərov 1942-ci ildə Şərur rayonunun Dəmirçi kəndində doğulub. 1959-cu ildə kənd orta məktəbini bitirib Tibb İnstitutuna daxil olub. O, universiteti başa vurduqdan sonra 4 saylı Bakı şəhər klinik xəstəxanasının köks cərrahlığı şöbəsinə işə göndərilib. Çərkəz müəllim çətin, lakin şərəfli bir həyat yolu keçib. Gərgin əməyi sayəsində aspirantlıqdan professorluğa qədər uzun bir yol qət edib, uzun illər Ümumi cərrahlıq kafedrasına rəhbərlik edib. 250-dən çox elmi məqalə və tezis, 2 dərslik, 3 monoqrafiya, 5 ixtira, 1 patent və 5 səmərələşdirici təklifin müəllifidir”.
Sonra Ümumi cərrahlıq kafedrasının müdiri, professor Elçin Ağayev yubilyarın həyat və fəaliyyəti haqda geniş məruzə ilə çıxış edib. O, bildirib ki, Çərkəz müəllim ölkəmizdə müasir cərrahiyyənin ustadlarından biri kimi tanınır. Onun həyata keçirdiyi unikal çərrahi əməliyyatlar bu gün çox böyük əhəmiyyətə malikdir: “Çərkəz müəllim əmək fəaliyyətinə köks cərrahlığından başlamış və 1967-ci ildə bu şöbə Elmi-Tədqiqat Kliniki və Eksperimental Təbabət İnstitutuna (ETKETİ) verildiyindən, orada işləmişdir. 1971-ci ildə Leninqrad şəhərinə Ümumittifaq Elmi Tədqiqat Pulmonologiya İnstitutuna ezam olunmuş və 1973-cü ildə «Xroniki qeyri-spesifik pnevmoniyaların cərrahi müalicəsinə göstərişlər» mövzusunda namizədlik dissertasiyası müdafiə etdikdən sonra yenidən ETKETİ-yə qayıtmışdır. 1976-cı ildə müsabiqə yolu ilə ETKETİ-nin köks cərrahlığı şöbəsinə baş elmi işçi seçilmişdir. O, bu şöbədə bronxoloji xidməti təşkil etmiş, ağciyərin irinli və parazitar xəstəlikləri ilə əlaqədar elmi-təcrübi işlə məşğul olmuşdur. 1982-1987-ci illərdə İ.M.Seçenov adına I Moskva Tibb İnstitutuna ezam olunmuş və «Traxeyanın və onun bifurkasiyasının rezeksiyası və protezlənməsi» mövzusunda doktorluq dissertasiyası müdafiə etdikdən sonra yenidən ETKETİ-də elmi fəaliyyətini davam etdirmişdir”.
Ç.Cəfərov 1995-ci ildə müsabiqə yolu ilə ATU-nun Ümumi cərrahlıq kafedrasına rəhbər seçilir və bu illər ərzində tədris planını müasir səviyyəyə qədər təkmilləşdirir. Onun rəhbərliyi altında tədrislə yanaşı, kafedralarda bir sıra əməliyyatlar zamanı üzvlərin açıq və qapalı zədələnmələrinin diaqnostikası və cərrahi müalicəsi ilə əlaqədar təcrübi və elmi tədqiqat işləri aparılır. Ümumi cərrahlığın tədrisi keyfiyyətini yaxşılaşdırmaq üçün 2006-cı ildə elmin müasir səviyyəsinə uyğun yenilikləri özündə əks etdirən «Ümumi cərrahlıq», 2009-cu ildə «Kliniki və eksperimental cərrahlıq» dərsliklərini çap etdirib tələbələrin istifadəsinə verir.
Professor E.Ağayev qeyd edib ki, bütün bunlarla yanaşı, Çərkəz müəllim həm də yaxşı qələm sahibidir. Onun son illərdə yazdığı “Etiraf” kitabı ədəbi mühitdə öz orijinallığı ilə seçilir. O, mükəmməl üsluba malik yazıçı kimi də bu gün oxucuların sevimlisidir.
Tədbirdə çıxış edən ATU-nun professorları Məmməd Nəsirov, Məcid Məsimov, Məhəmməd Kərimov və dosent Səba Bağırova yubilyarla bağlı öz ürək sözlərini və xatirələrini səsləndiriblər. Onun xalqına bağlı bir insan olduğunu dilə gətirən natiqlər deyiblər ki, Çərkəz müəllim sadəliyi, şəxsiyyəti və insanlarla davranışı ilə nümunəvi bir alim, gözəl dost və qayğıkeş ailə başçısıdır. O, daim tövsiyə və məsləhətləri ilə doğma kollektivdə hər kəsə kömək etməyə çalışır, hamının böyük hörmətini qazanıb.
Sonda professor Çərkəz Cəfərov yubiley tədbirinin belə yüksək səviyyəli və yaddaqalan təşkilinə görə ATU-nun rektoru, professor Gəray Gəraybəyliyə, həmkarlarına və eləcə də bütün tədbir iştirakçılarına dərin təşəkkürünü bildirib.
Elmi konfrans öz işini “Cərrahiyyənin aktual problemləri”nə həsr olunmuş elmi məruzələrlə davam etdirib.