Anadangəlmə hipotireoz bütün dünyada aktual problem olaraq qalır
Bu gün bütün dünyada, eləcə də Azərbaycanda tiroid (qalxanabənzər) vəzin hormon azlığı ilə müşayiət edilən anadangəlmə hipotireoz aktual problem olaraq qalır. Amma yeni doğulan uşaqlara müalicə vaxtında təyin edilərsə, onlar həm fiziki, həm də əqli cəhətdən cəmiyyət üçün yararlı, tam normal insan olurlar. Yəni əsas problem diaqnozun vaxtında qoyulmamasında və yaxud çox gec qoyulmasındadır. Bu fikirləri II Uşaq xəstəlikləri kafedrasının assistenti, uşaq endokrinoloqu İlsur Novruzov “Təbib” qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, əgər diaqnoz 1 yaşından sonra qoyularsa, xəstənin fiziki cəhətdən müalicəsi mümkündür. Ancaq belə uşaqlar əqli cəhətdən yaşıdlarından çox geri qalır, məktəbdə normal oxuya bilmirlər. Yəni faktiki olaraq cəmiyyətdə özlərinə yer tapmırlar: “Bütün ölkələrdə, o cümlədən Azərbaycanda dərman terapiyasına böyük əhəmiyyət verilir. Doğum evlərində uşaq doğulan kimi 5 xəstəliyə görə test aparılır ki, onlardan biri də anadangəlmə hipotireozdur. Bu xəstəliyi vaxtında aşkarlamaq və müalicə etmək üçün topuq testinin aparılması vacibdir. Uşağın bir aylığına qədər müalicəyə başlanılır. Əlamətlərini uşağın ilk 3 ayında görə bilirik. Belə uşaqlar çox sakit olurlar, bütün günü yatırlar. Çox ləngdirlər, yemək hissiyyatları yoxdur. Bu əlamətlərə uşaq doğulandan fikir vermək lazımdır. Başqa bir əlamət göbək yarasının çox qalın olması və gec sağalmasıdır. Normal halda göbək 3-cü, 4-cü gün düşür, göbək yarası isə 5-10 günə sağalır. Belə uşaqlarda isə proses uzun, 1 aydan da çox çəkir.
Məlumdur ki, bütün uşaqlarda fizioloji sarılıq 2-ci gündən başlayır və 1 həftəyə keçib gedir. Amma bu uşaqlarda sarılıq 1 aydan çox uzanır. Qanda bilirubin yuxarı olmasa da, uşağa baxırsan ki, sapsarıdır. Səbəbi qaraciyər funksiyası zəif olduğuna görə iki molekulu A vitaminini əmələ gətirən karotin maddəsinin parçalanmaması, bədənə sarı bir rəng verməsidir. Həm də belə uşaqlar 4 kilodan çox çəki ilə doğulurlar”.
Doğuş vaxtı da bəzi problemlərin ola biləcəyini söyləyən uşaq endokrinoloqu bildirib ki, vaxt ötdükcə valideyn uşağın böyük bayıra çıxmadığını müşahidə edir. Uşaq əsasən də psixi inkişafdan geri qalmağa başlayır: “Nevroloq yanına aparsalar da, müalicə fayda vermir. Dişlər normal böyümür. Saçlar çox seyrək, dəri quru, qarın böyük olur. Ona görə də belə uşaqlarda anadangəlmə hipotireoz kretinizm adlanan ağır patoloji proses inkişaf edir. Bunun səbəblərindən biri qadınlarda yod çatışmazlığıdır ki, indi bu haqda söhbət gedə bilməz. Çünki Bakı və ətraf kəndlərdə yod defisiti yoxdur. Həm də ölkəmizdə satılan duzlar yodlaşdırılır”.
Həkim qeyd edib ki, çörək bişirilməsində işlədilən duzun, həmçinin ən zəngin meyvələrdən karalyok, xurma və qozun tərkibində də yod var: “Deməli, əsas səbəb uşaqlarda tiroid vəzinin qüsurlarıdır. Bəzi uşaqlar doğulanda həmin vəz ya ümumiyyətlə tipik yerində olmur, ya da tam başqa yerdə tapılır. Məsələn, dilin kökündə, döş sümüyünün arxasında. Xəstəliyin başqa bir səbəbi də tiroid vəzinin yerində olmasına baxmayaraq, böyüməsidir. Biz buna UR deyirik. Tiroid vəzi olmayanda aydındır, onun hormonları yoxdur və yaxud başqa yerdədir, funksiyasını tam yerinə yetirə bilmir. Vəz böyüdükdə isə hansısa bir ferment sistemində problemlər yaranır. Ona görə də uşağın bədənində çox vacib olan tiroid hormonlar çatışmır. Bu hormonlar xüsusən mərkəzi sinir sisteminin inkişafında böyük rol oynayır. Həmçinin sinirin üstündə yerləşərək impulsları mərkəzi sinir sisteminə ötürən mielin də çox vacib bir maddədir. Əgər mielin yoxdursa, impulslar çox zəif sürətlə ötürülür. Diaqnoz vaxtında qoyulduqda və tiroid hormonlar - əvəzedici terapiya təyin edildikdən 2-3 ay sonra uşaq tam normallaşır”.
İ.Novruzov uşaqlarda şəkərli diabet hallarının təkcə Azərbaycanda deyil, bütün dünyada artdığını söyləyərək onu da vurğulayıb ki, uşaqlarda daha çox rast gəlinən I tip, yəni insulindən asılı olan şəkərli diabetdir. Bu da mədəaltı vəzdə proseslərin sürətlə getməməsi ilə əlaqədardır. İlk əlamətlər oqanizmdə insulin hormonlarının yalnız 80-90 faizi məhv olduqdan sonra üzə çıxır. Qanda qalan cəmi 10-20 faiz insulin şəkərdə qlükozanı normal tənzimləyə bilmir, şəkər qalxmağa başlayır. Bu zaman yanğı, sidiyə çox getmək, çox su içmək, gecə yerini islatmaq və çəkinin azalması kimi ilk əlamətlər özünü büruzə verir.
Müsahibimiz xəstəliyin profilaktika və müalicəsində müsbət dinamikanın müşahidə edildiyini də diqqətə çatdırıb. Xatırladıb ki, 10 il qabaq koma vəziyyətində olan xəstələr gətirilirdi, indi belə hallar yoxdur. Diaqnoz poliklinika səviyyəsində qoyulur. Həkimlər bu barədə çox məlumatlıdır. Pediatrlar uşaqları vaxtında həkim-endokrinoloqlara yönəldirlər. Ona görə də diabetik kəskinləşmələrə rast gəlmirik.
Bu istiqamətdə inkişafı həm də valideynlərin maarifləndirilməsi ilə əlaqələndirən həkim, artıq diabet məktəblərinin fəaliyyət göstərməsindən, uşaqlara, valideynlərə diabet haqda dərs keçilməsindən də söhbət açıb. Bildirib ki, evdə özünənəzarət prosesi aparılır. Qanda şəkərin miqdarı ən müasir aparatlarla ölçülür, eyni zamanda qidalanma, fiziki rejim, idman, normal adaptasiya qaydaları öyrədilir. Son vaxtlar barmaq deşmədən şəkəri ölçmək mümkündür. Hətta valideyn evdə oturub telefonla uşağın şəkər göstəricisini izləyə bilir. Ölkəmizdə diabetli uşaqlar ən yaxşı insulinlə, pompalarla təmin olunurlar. Bütün bunlar dövlət proqramları vasitəsilə həyata keçirilir.